Загрузка...

2019-cu ilin dövlət büdcəsi layihəsi ortada olarkən, ümumi daxili məhsul (ÜDM) istehsalının tempi nəzərdən keçirilməyə bilməz. Cari ilin ötən 9 ayında ÜDM təxminən, 1%-ə yaxın, dəqiq desəm, 0,8% artıb. Qeyri-neft sektorunda artım isə 1% olub. Sözüm bunda deyil. Güman etməyə əsas var ki, ilin qalan 3 ayı ərzində ümumi istehsal həcmi 1%-i keçəcək və hökumətin qabaqcadan proqnozlaşdırdığı kimi olacaq.

Bu arada beynəlxalq təşkilatlar isə ölkəmizdə ÜDM istehsalına dair proqnoz göstəricilərini daha da nikbinləşdirirlər. Buna, onların həm bu sahədə indiyədək Azərbaycanın nümayiş etdirdiyi dinamika, həm də şübhəsiz ki, neftin dünya bazar qiymətlərinin əlverişli səviyyədə olması əsas verir.

Ölkəmizdə ÜDM istehsalı və onun adambaşına düşən həcmi üzrə artım göstəricisi son 20 il ərzində həmişə yüksək olub. Ən az ÜDM Azərbaycanda 1995-ci ildə qeydə alınıb ki, bu da təxminən, 2133 milyon manat həcmində təşkil edib. 1996-ci ildən başlayaraq ölkədə ÜDM istehsalı artmaqdadır. Belə ki, 1996-cı il ərzində o, 1,3% səviyyəsində qeydə alınmışdısa, 1997-ci ildə bu rəqəm 5,8%, 1998-ci ildə 10%, 1999-cü ildə 7,4%, 2000-ci ildə 11,1%, 2001-ci ildə 9,9%, 2002-ci ildə 10,6% təşkil etmişdir.

İlham Əliyevin prezidentliyinin ilk ili olan 2003-də ÜDM-in artımı 11,2% təşkil edib ki, 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.

2011-ci ildə 0,1% artım qeydə alınmışdı. 2012-ci ildə 2,2%, 2013-cü ildə 5,8%, 2014-cü ildə 2,8%, 2015-ci ildə isə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artmışdı.

Rəqəmlərə diqqət yetirdikdə dinamika göz qarşısındadır. Azərbaycanda ÜDM-da neft sektorunun payı çox böyük idi və artımı da məhz, adı çəkilən sektor şərtləndirirdi. Diqqət yetirsək, ÜDM istehsalı üzrə ən yüksək artım tempi 2006-cı ildə 34,5% olmaqla qeydə alınıbdır. Bu, neftlə bağlı idi. Lakin bundan sonra belə olmayacaq. Və biz, bunu əvvəlki şərhlərimdə də qeyd etmişəm. Çünki həm neft hasilatımız aşağı düşür, həm də xaricə satış qiymətləri əvvəlki səviyyədə deyil.

Hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırıb. Hesab edirəm ki, 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar, daha yüksək nəticə əldə olunacağını vəd edirdi. Bundan əlavə, ölkənin qeyri-neft sektoru inkişaf etdirilir. Və hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri yeni vüsət alır.

Düzdür, neft sektorunda azalma bunun müsbət təsir imkanlarını məhdudlaşdırır və məhdudlaşdıracaq da… Söhbət, ÜDM istehsalının yeksəlməsi tempindən gedir. Bununla belə, Azəri-Çıraq-Günəşli yataqları üzrə keçən il yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Və neft sektorunda azalan, qeyri-neft sektorunda isə əksinə, artan tendensiya sonradan biri-birilərinə hazırda olan əks-təsirlərini dayandırmalı olacaq.

Yeri gəlmişkən, bu il hasilatda artım var. Bunun nə qədər davam edəcəyini real olaraq, proqnozlaşdırmaq çətin olsa da, hökumətin hədəfi bəllidir: hasilatı bir müddət ən azı stabil səviyyədə saxlamaq.

Odur ki, hökumət qarşıdakı illərə də inamla baxır. Məsələn, ÜDM istehsalının artımı üzrə sonrakı illərdə daha yüksək rəqəmlər proqnozlaşdırılır: 2019-cu ildə 72,727 milyard, 2020-ci ildə 77,403 milyard, 2021-ci ildə isə 81,053 milyard manat… Bu isə real ifadədə uyğun olaraq, 1,4%, 3,7 və 2,9% təşkil edir.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da isə bildirilir ki, 2019-cu ildə ÜDM-nin artım tempi 3,1 %, 2020-ci ildə 3,5 %, 2021-ci ildə isə 2,4 % təşkil edəcək. Manatla ifadədə isə ümumdaxili məhsul istehsalı müvafiq olaraq, 75 milyard 389 milyon, 81 milyard 245 milyon, 84 milyard 973 milyon təşkil edəcək.

Yeri gəlmişkən, ölkə başçısı hökumətin ölkənin ötən 9 ay ərzində sosial-iqtisadi inkişafının yekunlarına dair bu yaxında keçirilən iclasında qeyd etdi ki, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. “Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən, dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır”,- deyə prezident bildirdi.

Bu isə o deməkdir ki, qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görmək və addımlar atmaq lazımdır. Düzdür, son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanma yaradıb. Məsələn, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaranıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manat təşkil edir. Bu sistem tətbiq edilməsəydi, sözügedən vəsait cəlb oluna bilməzdi. Təkcə, təqribən, 3 milyard manata qədər investisiya cəlb olunması ilə, 20 min insan üçün iş yerinin yaradılması böyük nailiyyətdir.

Sözün qısası, ümumi iqtisadi artımın əvvəlki illərdəki olduğu kimi ikirəqəmli səviyyədə olmasa da, dayanıqlı şəkildə birrəqəmli səviyyədə dinamik inkişafı onun yeni dayaqlar üzərində daha çox möhkəmlənməsini tələb edir. Və ölkədə həyata keçirilən iqtisadi kurs da məhz bu məqsədə yönəlib.

Pərviz Heydərov
AzVision.az