2015-ci ildə Suriyada İŞİD terrorçularına əsir düşən yaponiyalı həmkarımız Cümpey Yosuda artıq azadlığına qovuşub və ölkəsinə gedib.
Cümpey təyyarədə əsirlik həyatından danışıb və təxminən, 1986-cı ildə hərbi toplanışda olduğumuz vaxt toplanışa 10 gün gecikdiyi üçün tutulub Gəncə qarnizonunun haupvaxtına salınmış tələbə yoldaşımız Maarif kimi narazılıq edib.
Sadəcə, öz narazılığını “lələm canı, tövbə, gediləsi yer döyüldü”,- deyə ifadə edən Maarifdən dərqli olaraq, Yosuda ali təhsilli jurnalist olduğu üçün fikrini daha obrazlı ifadə edib, əsirlikdə olmağı cəhənnəm həyatına bənzədib.
Düzdür, indiyəcən, heç kəs cəhənnəmdə olub, qayıdıb, memuar yazmayıb, amma aşağı-yuxarı hamı bilir ki, ora düşənlərin başını sığallamırlar, üstəlik, orta illik temperatur göstəricisi normadan bir neçə dəfə yuxarı olur.
Güman ki, ömrünün çox hissəsini sərin Yaponiyada yaşamış Cümpey Suriyanın 50 dərəcəlik istisinə tablaşa bilmirmiş, ona görə də cəhənnəm haqda təsəvvürləri xeyli dolğunlaşıb.
Ancaq o, hələ şükr etsin ki, onu digər yaponiyalı, ingiltərəli əsrilər kimi eləmədilər. Xatırlayırsınızsa, İŞİD-in bərk gedən vaxtı “Cəllad Con” adlı biri vardı, əsirlərə narıncı paltar geydirir, telekamera önündə edam edirdi, dünyaya mesaj verirdi. Sonra necə oldusa, Conu da öldürdülər.
Cümpey Yosudanın axırı yaxşı qurtaran əhvalatından bəhs edən xəbərdə bir maraqlı cümlə var, yazılır ki, jurnalist gələcəyi barədə çox narahat olduğunu bildirib, deyib ki, bundan sonra hansı işlə məşğul olacağını hələ müəyyənləşdirməyib, çünki 3 il həbsdə olduğuna görə dünyada baş verənlərdən xəbərsizdir.
“Dünyada baş verənlərdən xəbərsizlik” boş söhbətdir. Hiss olunur ki, yapon həmkarımız, türkün sözü, tırsır. O, 3 il əsirlikdə qalandan sonra anlayıb ki, jurnalistika təhlükəli peşədir. Doğrudan da elədir. Məsələn, jurnalist öz ölkəsinin konsulluğuna girir, salamat çıxmır, Maltada araşdırma aparır, silah mafiyası vurdurur, MAR-a gedir, təhqiqat aparır, terrorçular güllələyir və sair və ilaxır…
Yosuda elə bilirmiş ki, əlini-qolunu sallaya-sallaya yeddi dövlətin bir-birilə vuruşduğu Suriyaya gedəcək və gözəl reportajlar edərək sağ-salamat geri qayıdacaq. Çətindir, Cümpey-can, çox çətindir. Bizim region var ha, buralar başqa yerdir, ağlın öz gündoğar ölkənə getməsin.
Burada bizik ki, baş çıxarırıq. İŞİD-ə pul atan və başını salamat saxlaya bilən yeganə adamın öz həmvətənimiz olmasıyla fəxr edə-edə, söyləyə bilərik ki, Suriya reportaj veriləsi yer olsaydı, bizim jurnalistlər oranı çoxdan fəth edərdilər. Amma qovğa-mərəkə təzə başlayanda bizimkilər sərhədi o üzə keçən kimi anlamışdılar ki, burada çörək yoxdur.
Salamatı qaynar bölgələrdən uzaq olmaqdır. Onsuz da belə bölgələrdə nə baş verdiyini siyasətçilər, diplomatlar, səhra komandirləri sosial şəbəkədə yazırlar, oradan götürüb yaymaq olar. Necə deyərlər, nə işin var Dəllərdə, başın qala əllərdə…
Belə olur ki, hər gün bu peşə adamlarından giley-güzar, şikayət-filan eşidirik, oxuyuruq. O gün tanınmış bir qələm (əslində klaviatura) adamı yazmışdı ki, iş axtarır, maaşı az olsa da olar, amma iş jurnalistika sahəsində olmasın, çünki işlədiyi vaxt o, çox psixoloji travma alıb.
Əlbəttə, bu yerdə köhnə jurnalistlər söhbətə müdaxilə edib, “psixoloji travma nədir ki, bizim vaxtımızda jurnalistlər fiziki travma alır, 3 həftə travmatologiya şöbəsində yatırdılar” deyə bilərdilər.
Gerçəkdən də, bir ara jurnalistlərin travma söhbəti təkcə psixologiya ilə məhdudlaşmırdı, qol-qıç və sair əzaların əzilməsi, qırılması kimi travmatik olaylar da baş verirdi. Amma o zaman zərərçəkən jurnalistlər nəsə yazıb, “mən bu peşədən bezmişəm, daha başqa işə keçirəm” demirdilər. Birincisi, ona görə ki, onların çoxunun əlindən yazmaqdan başqa iş gəlmirdi, kafel-metlax qoya bilsələr, dəmirçi-malyar işi bacarsalar, bəlkə də o işlərə keçərdilər. İkincisi, o vaxtlar jurnalistika peşəsi indiki kimi qədim deyildi, cəmi 10-15 il idi ki, camaat “Bütün ölkələrin proletarları, birləşin” şüarı olmadan qəzet çıxarırdı.
3 il İŞİD-in əlində qala-qala saqqalını İŞİD-çilər kimi uzatmış Cümpey Yosudanın sözləri jurnalistikaya yeni başlayanlar üçün siqnal olmalıdır. Ağır işdir. Tablaşa bilməyəcəksinizsə, indidən iynə vurmağı, beton qarışdırmağı, taksi sürüb xaltura etməyi öyrənin. Eyni şeyləri gəlib jurnalistikada edəcəksinizsə, sonra “bu peşəni seçdiyim yerdə…” ilə başlayan cümlə quracaqsınız.