Bu pritçanı Azərbaycanın rəhbəri olmuş (1933-53) Mircəfər Bağırovun adıyla da bağlayırlar, ancaq Osmanlı sultanlarının birinin başına gəldiyinə dair iddialar da var.

Pritça belədir: Övladı ilə ölkəsini gəzməyə çıxmış sultan ona çayları, gölləri, meşələri, qalaları göstərir. Şahzadə gördüklərindən riqqətə gələrək soruşur: “Ata, bunların hamısı bizimdirmi?” Sultan cavab verir ki, bunların heç biri bizim deyil, övlad, sadəcə, dövran bizimdir.

Bəli, əsas məsələ budur. Şair demişkən, dünya heç kimin deyil. Sultan Süleymana (əslində Süleyman peyğəmbərə) qalmayan dünya heç kəsə qalmır, qala bilməz, sadəcə, hər kəs bir müddət dünyada dövran sürür. Dövran bitdikdən sonra hər şey tarix olur.

Elmar Vəliyevin oğlu Elmir Vəliyevin “Kəpəz” futbol klubunun prezidenti seçilməsi bir neçə ilin söhbətidir. Bu hadisə 2015-ci ilin mayında baş vermişdi. Bu gün artıq Elmir Vəliyev klub prezidenti deyil.

Çünki dövrə qapanıb. Elmar Vəliyevə atılan güllə təkcə onun sağlamlığını zədələmədi, eyni zamanda karyerasını da bitirdi.

Ölkə rəhbərliyi onun sağalmasını gözlədi, sağ-salamat olması barədə videogörüntülər yayılandan 5-6 gün sonra E.Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzaladı. E.Vəliyevin siyasi dövranı bitdi.

Azərbaycan elə ölkədir ki, burada yüksək vəzifəli ataların, qardaşların karyerası gözlənilmədən bitəndə oğulların, kiçik qardaşların taleyinə də təsir göstərir.

Elmir Vəliyevin klub prezidenti postundan istefa verməsinin əsas səbəbi məhz Elmar Vəliyevə atılan güllənin hədəfə dəyməsindədir.

O güllə İH başçısına atılmasaydı və dəyməsəydi, Elmir Vəliyev də öz postunda qalacaqdı. Hətta “Kəpəz” uğur qazandığı təqdirdə, klubun gənc prezidenti bütün Gəncənin sevimlisi olacaqdı.

Bu hadisə təxminən Ankaranın meri Melih Gökçekin vaqiəsini xatırladır. M.Gökçek paytaxt meri olanda onun oğlu Osman da “Osmanlıspor” adlı klubun prezidenti idi. “Osmanlıspor” Türkiyə liqasında yaxşı çıxış edirdi, hətta bir mövsüm Avropa Liqasında qrup birincisi oldu.

Ancaq bir gün president Ərdoğan Melih Gökçeki Ankara meri vəzifəsindən istefa verməyə vadar etdi. Gənc Osmanın komandası da avtomatik olaraq zəiflədi və güclülər liqasından aşağı liqaya düşdü.

“Kəpəz” də eyni aqibəti yaşaya bilər. Amma söhbətin mövzusu bu deyil, siyasi dövranların müvəqqətiliyidir.

Bir zamanlar Əli İnsanov səhiyyə naziri idi. O, ölkənin ən nüfuzlu, ötkəm, ambisiyalı nazirlərindən biriydi. Bir ara adı parlament sədri vəzifəsinə əsas namizəd kimi çəkilirdi. Onun parlamentdəki sərt siyasi çıxışları, asıb-kəsməsi müxalifət funksionerlərini narahat edirdi, “bu hakimiyyətə gəlsə, hamımızı asdırar” əndişəsi yaradırdı.

O dönəmlərdə Əli İnsanovun oğlu Vidadi hüquq-mühafizə orqanlarında işləyirdi. Bir ara mediada “Vidadinin dubinkası” deyilən bir ifadə də vardı, kimisə o dəyənəyin dalınca göndərmiş, “gedin Vidadinin dubinkasını gətirin” deyə tapşırıq vermişdilər.

2005-ci ildə Əli İnsanovun karyerası gözlənilmədən, bir günün içində baltalananda Vidadiyə də acımadılar. İndi onun harada, nə işlə məşğul olduğu bilinmir. Əli İnsanov isə 13 ildir dustaqdır və hələ indən belə nə qədər məhbəsdə qalacağı aydın deyil.

2006-cı ildə Fərhad Əliyevin məhkəməsi gedəndə qəzetlərdə onun malik olduğu varidatın mündəricatı verilmişdi. İki qoşa səhifə sabiq nazirin malik olduğu ticarət, xidmət, iaşə və sair sektorlara aid daşınmaz əmlakların adlarını tutmamışdı, bir yarısını “ardı 10-cu səhifədə” qrifi yazaraq o biri səhifəyə keçirmişdilər. Aydın olurdu ki, F.Əliyev və qardaşları qısa müddət çəkən dövranlarında böyük varidat əldə ediblər.

Eldar Mahmudovun parlaq dövranı yadınızdadırmı? 3 il öncə bitirildi. Ziya Məmmədovun dövranından da “yaxşı” xatirələr qalıb. Camaat hara baxırdısa, “onlarındır” deyirdilər. Amma heç də onların deyilmiş. Onlarınkı yalnız bir müddət o şeylərə sahib olmaqmış. Vəssalam.

İndi sırada başqaları da var. Onların da dövranı bitəcək, varidatları gedəcək.

Bircə şeyə təəssüf ki, ölkə insanının ömrü oliqarxların, odioz nazirlərin başlayan-bitən dövranlarına, parlayan-sönən karyeralarına tamaşa edə-edə tükəndi, getdi.

Загрузка...