“İndi mən ölüyəm, bir quyunun dibində cəsədəm. Son nəfəsim çoxdan çıxıb, qəlbim çoxdan dayanıb, amma alçaq qatilimdən başqa kimsə başıma gələnləri bilmir”. Bunlar türk yazıçı Orxan Pamukun 1998-ci ildə çapdan çıxan “Mənim adım Qırmızı” romanının ilk cümlələridir. Dünən mən bu romanı xatırladım, çünki səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin İstanbulda Səudiyyə konsulunun evinin həyətindəki quyudan tapıldığı xəbəri dolaşırdı. Pamuk romanında orta əsrlər İstanbulunu təsvir eləmişdi, ancaq belə görünür, Şərq bölgəsində orta əsrlər hələ uzun sürəcəkdir.
2001-ci ilin sentyabrında ABŞ “Əl Qaidə”nin hücumuna məruz qalanda prezident Buş Əfqanıstanı vurmaq qərarı almışdı. Sonralar İraq da qəzəbə tuş gəldi. İran onsuz çoxdan nişangahda idi. Yalnız Səudiyyənin adı heç bir yerdə çəkilmədi. O üzdən, amerikalı rejissor Maykl Mur “Farengeyt 11/9″ filmini (2004-cü ildə Kann-da ”Qızıl palma budağı” alan bu film ən böyük gəlir gətirmiş sənədli film sayılır – cəmi 6 milyon dollarlıq büdcə ilə 220 milyon dollar qazanıb) çəkəndə ortaya bu sualı da qoymuşdu: “Əgər Amerikaya 11 sentyabr terrorunu edən 18 nəfərin 14-ü Səudiyyə doğumlu, Səudiyyə vətəndaşı və ya hər hansı səbəbdən Səudiyyə ilə bağlıdırsa, hədəfimizdə niyə başqalarıdır?” Mur bu suala filmdə belə cavab verirdi ki, ABŞ-ın hakim dairələrini Səudiyyə kral ailəsi ilə böyük neft, silah alverləri, qarşılıqlı maraqlar bağlayır. Ancaq təbii ki, ABŞ hökuməti bu ittihamları qulaq ardına verdi, Muru isə dezinformasiya yaymaqda suçladılar. Guya onun filmdə istinad elədiyi sənədlərin hamısı saxta imiş. Vəssalam.
İndi isə – Qaşıqçı olayından sonra – cidanı çuvalda gizlətmək çətindir, ABŞ-ın beynəlxalq miqyasda riyakarlığı artıq gözə girir. Təsəvvür edin, jurnalisti doğrayıb quyuda gizlədən feodal təfəkkürlü bir dövlət ortalıqdadır, ancaq sənin prezidentin ilk rəsmi səfərini məhz bura edir. Və özünü dünyada demokratiyanın qarantı elan edən dövlət həmin orta əsr feodallarını rəsmən müdafiə etməkdədir. Tramp son brifinqində Səudiyyə kralına vəkillik etmişdi, deyir hələ tələsməyək, istintaqı-zadı gözləyək və sairə. (Elə bil Məzahir müəllim Dabanbasdı kəndində bələdiyyə seçkisi zamanı döşündə bülleten tutulub videoya çəkilən məktəb direktoru Gülbadam müəllimənin ifşasına münasibət açıqlayır – həmin ritorikadır. Ya da bizim köhnə “Uzaq sahillərdə” filmində deyilən kimi: “Həmin dalğa, həmin koordinat”). Sözgəlişi, bu “istintaq davam edir” tragikomediyasının fonunda Səudiyyə xüsusi xidmətləri xəbər lentlərini əcaib dezolarla doldururdular. Misal üçün, hətta iddia olunmuşdu guya Qaşıqçının sevgilisi… kişidir. Onun çarşablı şəklini kollaj edib yayırdılar. Burada adama deyərlər, günah kimdədir? Siz qadınlara imkan verin, onlar sərbəst geyimdə gəzsinlər, kimin kişi, kimin qadın olduğu da asan bilinsin. Yenə bizim klassik Üzeyir bəyin dahi əsərindəki yanaşmada deyilən kimi: “Bunu gətirəndə baxmadınız kişidir, ya arvad?” Qaşıqçının çarşablı arvadının kişi olmasını iddia edərkən ərəblər özlərinə gülürdülər, xəbərləri yox idi.
Almaniya və Kanada Səudiyyə ilə neçə milyardlıq silah satışı müqavilələrini pozduqlarını bildiriblər. Məşhur şirkətlər, tanınmış adamlar Səudiyyənin boykotuna qoşulur. Yalnız ABŞ-dan “tık” belə yoxdur. 120 milyard dollarlıq silah satacaqlar, sonra Səudiyyə bu silahla Yəməndə qırğın törədəcək – canları cəhənnəmə… Müsəlmanın ağlı olsun, qırılmasın. Bax, həmin yüz milyardlıq silah alverinin fonunda hansısa jurnalistin diri-diri doğranıb quyuya atılması nəmənə şeydir? Uzağı buna görə “narahat olmaq” mümkündür. Biz bu narahatlığı artıq “n” hərfindən tanıyırıq.
Bir məsələ də maraqlıdır ki, “iki müqəddəs ocağın” qoruqçuları dünyanın hər yerindən elə silah alırmışlar. Neft milyardları insan ölümü üçün vasitələrə xərclənirmiş. Halbuki o pulları kitaba xərcləyib müsəlman dünyasına atsaydılar indi Orta Şərq cənnətə dönmüşdü. Bir kitaba yox, çoxlu kitaba – bu da vacib qeyddir.