Загрузка...

Bu günlərdə yolum “20 Yanvar” metro stansiyasının yaxınlığındakı “Hədəf” liseyinə düşmüşdü. Axşam saat 7 civarıydı. “Qanun” nəşriyyatının 15-20 addımlığına çatanda qəfildən 4-5 sahibsiz it avtomobilin üstünə cumdu.

İtlər çox aqressiv idilər. Arada mənə elə gəldi ki, əgər maşının pəncərəsi açıq olsa, onlar avtomobilin içinə tullanarlar. Heç indiyə qədər sahibsiz itləri bu qədər aqressiv görməmişdim. Əgər onlar maşına yox, piyadaların üstünə bu cür cumsalar, bişəkk, ya onu parça-parça edərdilər, ya da elə adamın özü qorxusundan bayılardı.

Xoşbəxtlikdən, itlər məni sona qədər təqib etmədilər, üzbəüzdən gələn başqa bir maşına eyni aqressivliklə hücum edə-edə Tiflis prospektinə doğru şığıdılar. Niyyətləri çox ciddiydi. Avtomobili didmək istəyirdilər.

Sahibsiz itlərin bu qədər qızışması üzərində dərin düşünmədən ağlıma gələn versiya bundan ibarət oldu ki, hansısa maşın onların qrupuna daxil olan birini əzib, ya da kürsək kampaniyası zamanı cütləşmələrinə mane olub, ona görə itlər hər dəfə maşın görəndə hövllənirlər.

Ancaq işin pis tərəfi odur ki, o dalan yolu ilə hər axşam yüzlərlə şagird, abituriyent o tərəfə, bu tərəfə gedir. Əgər həmin itlər bir gün o adamları öz faciələrinə görə cavabdeh saysalar, biabırçılıq olacaq.

Onda heç Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun verdiyi müvafiq sərəncam da köməyə çatmayacaq.

Budur, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mətbuata verilən məlumata görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Yerdə qalanlar da yəqin ki, pişik cırmaqlaması, qaz dimdikləməsi, at və eşşək gəmirməsi olar. Bizim fağır camaatı timsah və ya köpək balığı dişləyəsi deyil ki.

Təkcə yuxarıdakı fakt göstərir ki, kiminsə sahibsiz itlərə sahib çıxması lazımdır. Bir-iki il də bu cür davam etsə, sahibsiz itlərin əlindən küçəyə çıxmaq mümkün olmayacaq.

Çünki çox sürətlə artırlar. Nə veclərinədir, ailə planlaması düşünmürlər, soysuzluq problemləri yoxdur, züryətlərin təhsil, səhiyyə, iş, ev, karyera dərdini çəkmirlər, elə bir ucdan doğub-törəyirlər.

Hələ indi yaxşıdır, o sahibsiz heyvanlar yeməyə bir şey tapırlar, ancaq sabah, sayları ifrata varanda və qida çatışmazlığı problemi ilə üzləşəndə məcburən daha da vəhşiləşəcəklər. İtlər “Ac qılınca çapar” kəlamını bilməsələr də, aclığın mahiyyətini bilir, hiss edirlər.

O üzdən gerçəkdən də gərək bir tədbir görülsün. Küçə itləri bəzi cins itlər kimi bəxtəvər deyillər ki, kimsə onlara sahib çıxsın, çipdə gəzdirsin, cakuzidə çimizdirsin, delikates yeməklər yedirtsin. Küçə itləri bəxtsizdir, nəsil şəcərələri etibarı ilə zatıqırıqdırlar, öz güclərini, eləcə də hüquqlarını bilmirlər.

Onları dünyanın çox yerində incidirlər. Düzdür, müdafiəçiləri də var, amma hələlik uğurlu ola bilmirlər.

O gün Türkiyədə bir bələdiyyə sədri küçə itlərini toplatdırmaq əmri veribmiş. Heyvansevərlər onun üstünə tökülüblər, o da onları “itsevərlər” adlandırıb. Yekə bir qanqaraçılıq düşmüşdü. Telekanallar bu haqq-hesabı ana xəbər bülletenində göstərirdilər.

Heyvansevərlər tələb edirdilər ki, dövlət sahibsiz itlərə qayğı göstərsin, onları himayə etsin, məhv olmağa qoymasın. Eyni zamanda camaat narazıdır ki, sahibsiz itlər uşaqların, eləcə də böyüklərin həyatı üçün təhlükəlidir, adamlara hücum edir, dişləyirlər və bir çox hallarda quduzluq yayırlar (zatən, küçə itləri qudurmasalar, adama cummurlar).

İndilikdə bizdə müvafiq durum laübalıdır. Heç kəs bilmir ki, bu işlərin axırı necə olacaq.

20-25 il qabaq vyetnamlı tələbələr Bakıxanov qəsəbəsində sahibsiz itlərin populyasiyası məsələsini özləri həll edirmiş. Stansiyaya yaxın yataqxanada yaşayan məcburi köçkün bir dəfə and içərək bu sətirlərin müəllifinə belə dedi: “Seyidin cəddi haqqı, vetnamlı tələbələr bu teratoriyada bir dənə yəəsiz it qoymurlar qalsın, hammısın tutuf, kəsif yeyirlər. Bir də görürsən, hərim-hərim hərriyillər”.

O tələbələri mən də görmüşdüm. Arıq uşaqlar idi. Bu şəhərdə sahibsiz itlərin sayı da elə koreyalılar, vyetnamlılar gedəndən sonra artdı. Çox qəddarcasına çıxa bilər, amma bu problemdən çıxış yolunun biri də o tələbələri yenidən ölkəyə qaytarmaqdır.