Загрузка...

Sabahını müəyyənləşdirmək istəyən hər bir gənc düzgün təhsilin bunun üçün necə önəmli olduğunu bilir. Həmişə yaxşı nələrisə uzaqda axtarmağa gərək yoxdur. Amma bunu təhsilə də aid edə bilərikmi?

Gənclərimiz yaxşı təhsilə nə dərəcədə önəm verir və yaxşı təhsili niyə xaricdə görür? Bunu onların özlərindən soruşduq.

Sahilə Musayeva xaricdə magistratura təhsili almaq istəməsinin səbəbini belə izah edir:

“Ölkə universitetlərində əsas problem dərslərin sırf nəzəriyyə üzərində qurulmasıdır. Praktiki məşğələlər az olduğundan universiteti bitirən tələbələr tam ixtisaslı kadr ola bilmir. Bu da işə müraciət zamanı qarşımıza əngəllər çıxarır, ona görə də bütün vakansiyalarda iş təcrübəsi tələb olunur. Bu səbəbdən magistratura təhsilimi Avropa universitetlərində almağı düşünürəm”.

Azad Nuriyev təhsil almaq üçün Almaniyanı arzuladığını deyib:

“Təhsilin səviyyəsinin yüksək olması, təqaüdün buraya nəzərən dəfələrlə çox olması, yaşayış imkanlarının yüksək olması, 80-85 faiz universitetlərdə təhsilin ödənişsiz olması cəlbedici məqamlardandır. Müəllim təcrübəsi də burada böyük rol oynayır”.

Bəs, görəsən, xaricdə oxumaq, doğrudan da, düşünüldüyü kimi, üstünlükdürmü? Bu sualın cavabını ancaq onu uzaqlarda axtarıb-tapanlardan öyrənə bilərdik.

Gürcüstanda jurnalist peşəsi üzrə təhsil alan Vəfa Mövlayeva qonşu ölkənin təhsilini Azərbaycandakı ilə müqayisə edib:

“Tbilisidə tələbə olmaq həm maraqlı, həm də çətindir. Dərslərimiz müəllimlərin təqdimatları və bizim müzakirələrimizlə keçir. Evə çox tapşırıq verirlər, daha çox nələrisə araşdırıb məqalələr yazırıq, fotojurnalistika üçün fotolar çəkirik. Bir də bloq yaratmışıq, xəbərlər yazırıq. Məsələn, gələn həftə prezident seçkiləri olacaq, bizi qruplara böldülər və ikinci kurslarla birlikdə rayonlara gedib seçkilərlə bağlı xəbərlər hazırlayacağıq, canlı yayım aparacağıq.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Azərbaycanda dərslər daha çox müəllimin monoloqu olur, danışır və gedir, tələbəni dərsə qatmaq çox da önəmli olmur. Azərbaycanda verilən dərslər nəzəri olur, praktik dərslər çox olmur. Burada Boloniya sistemi bizimkindən daha həqiqidir. Bizdə saatlarla dərsdə oturmağa diqqət edirlər, amma burada dərsə gəlməyən uşaq ev tapşırığını edib müəllimin mailinə göndərir”.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

İtaliyada magistraturanın 2-ci kursunda təhsil alan Nərgiz Ramazanova Romada tələbə olmağı belə izah edir:

“Sırf Romada tələbə olmaq qədim tarixi, mədəniyyəti sevən biri üçün əvəzolunmaz bir hissdir. Şəhərdə gəzərkən belə təsadüfən qarşılaşdığımız hər küçə, hər qədim tikilidə zəngin bir tarix yatır.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Bundan əlavə, Avropa təhsil sistemi Azərbaycan təhsilindən fərqləndiyi və tələbələrə daha çox sərbəstlik verdiyi üçün, həmçinin bir çox mübadilə və ya təcrübə proqramlarına daha əlçatımlı olduğundan onu daha məqsədəuyğun hesab edirəm.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Bakıda təhsil alarkən dərsə davamiyyət məcburi idi, bu da işləmək məcburiyyətində olan tələbələrə çətinlik yaradırdı, yaxud imtahanın birini keçə bilmədikdə bu, kəsr sayılırdı və növbəti il yenidən imtahan verilməli idi. Ancaq indi Romada təhsil aldığım Sapienza Universitetində dərsə davamiyyət məcburi deyil və semestrdə hər hansı fəndən imtahanı keçə bilmədikdə yenidən həmin imtahanda iştirak etmək üçün şans yaradılır. Burada tələbələr üçün yaradılan şərait daha yaxşı və müəllimlərin tələbələrə münasibəti də fərqlidir.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Bakıda universitet müəllimlərimizin çoxu tələbəyə uşaq, ya da orta məktəb şagirdi kimi baxır və elə münasibət göstərir. Burada isə daha çox həmkar münasibətidir”.

Hər bir şeyin müsbət və mənfi tərəfləri olduğundan müsahibimiz Romadakı çətinliklərdən də danışdı:

“Romadakı əsas problemlər nəqliyyat sistemi və istər dövlət, istər özəl idarələrdəki təşkilatçılığın zəif olması, bürokratik əngəllərdir. Hər hansı sənəd hazırlamaq və ya hansısa problemi həll etmək üçün üz tutduğumuz ünvanlarda bu proses günlər, hətta həftələrlə çəkə bilər. İtalyanlar işləməyi elə də çox sevmir və bu qədər turistin gəldiyi ölkədə ingilis dili bilən işçilərin sayı azdır.

Nəzərə alsaq ki, xarici tələbələrin əsas ünsiyyət dili ingilis dilidir və bu, ilk gəldiyimiz zamanlar bizə həm gündəlik həyatda qarşılaşdığımız sənədləşmə proseslərində, həm də iş tapmaqda əsas əngəl idi. İtalyan dilini öyrəndikdən sonra isə burada yaşamaq asanlaşır”.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Müsahibimiz oradan baxanda Azərbaycanı belə görür:

“Buradan baxanda Azərbaycan çox gözəl görünür və Azərbaycan üçün darıxıram, ancaq düzünü desəm, Bakıya hər gəldikdən bir müddət sonra tez bir zamanda Romaya qayıtmaq istəyirəm. Doğrudur, Bakımız çox gözəldir, ancaq sanki səmimilik əskikdir, istər şəhərimizin gözəlliyində, istərsə də insanlarımızda”.

İspaniyada təhsil alan Gursel Abbas isə ispanların istiqanlı xalq olduğundan danışıb:

“İspaniyada tələbə olmaq çox gözəl bir hissdir, çünki ispanlar digər Avropa xalqlarının bir çoxundan fərqli olaraq, irrasional və istiqanlı bir xalqdır. Bununla yanaşı, xristian qövmü olmalarına baxmayaraq, məni “müsəlman türk qardaşımız” deyərək öz məclislərinə dəvət edirlər və səmimi qarşılayırlar.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

Laboratoriyalar, kitabxanalar və sinif otaqları bütövlükdə müasir texnologiyalarla təmin edilib. Müəllimlər bizimlə çox səmimi münasibətdədirlər, hətta onlara, sadəcə, adları ilə müraciət  etməyimizi tələb edirlər, bəzən dərsdən sonra yeyib-içməyə də aparırlar.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

İspanların gözü ilə baxsaq, Azərbaycan kiçik, inkişaf etməkdə olan və çox varlı bir neft ölkəsidir. Mənim gözümdə isə doğma hisslər yaşadığım yerim, Vətənimdir.

Oxumaq bir az çətindir, çünki bütün imtahanlar açıq suallardan təşkil olunub və bəzən Əndəlüs ləhcəsi ilə danışan müəllimləri başa düşmək çətin olur. Yaşayışdakı ən böyük problem sənədlərin gecikdirilməsi və süründürməçilik edilməsindədir. O ki qaldı xərclərə, əgər yeməyi özün hazırlayırsansa, yaşayış çox rahat və ucuz başa gəlir”.

Türkiyənin Antalya şəhərində təhsil alan Rafiq Həsənli isə xaricdə təhsil almağı belə təsvir edir:

“Xaricdə təhsil almaq insana çox şey qazandırır. Başqa vaxt ailəmizdən kömək istəyərək edəcəyimiz şeyləri burada təkbaşına etməyə məcburuq və bu, insanı gələcək həyata hazırlayır, insan tək olduğu zaman işləri necə həll edəcəyini öyrənir.

Türkiyədə təhsil almaq, təbii ki, digər xarici ölkələrə nisbətən daha asandır. Çünki buradakı hər insanla çox rahat anlaşa bilirik və özgə ölkədə olduğumuzu çox da hiss etmirik. Bir məlumat lazım olduğu zaman insanların böyük hissəsi gülərüzlə cavab verir. Bu da buradakı insanların çox hissəsinin Azərbaycan haqqında yaxşı düşüncədə olmasından irəli gəlir.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

İnsanlarla o qədər də rahatlıqla əlaqə qura bilmirsinizsə, bu, ilk illərdə sizə çox mənfi təsir göstərəcək. Türkiyədə olan ilk altı ayımda Bakıya qayıtmaq üçün gün saydığımı xatırlayıram. Bu cür vəziyyət sizin təhsilə elə də önəm verməməyinizlə və qismən də olsa, depressiyaya düşməyinizlə nəticələnir.

Ailədən pul gəlirsə, bu, burada yaşamaq üçün yetərlidir. Amma orası da var ki, Bakıda olanda işığı, suyu, qazı işlədirik və kommunal xərclərin ailəmiz tərəfindən ödənildiyini bildiyimiz üçün bunu çox düşünmürük, evə alınan bazarlığın hansı pulla alındığını düşünmədən istifadə edirik. Amma başqa ölkədə tək yaşayırsınızsa, bunların hamısını düşünmək məcburiyyətindəsiniz, yoxsa ay əvvəli kommunal xərclər gəldiyi zaman evdən yenə pul istəmək məcburiyyətində qala bilərsiniz.

Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı

İnsan başqa ölkəyə getdiyi zaman Azərbaycanın qiymətini bilir. Şəhərimiz, doğma insanlar, doğma küçələr heç vaxt ağlımdan çıxmır. Xarici ölkədə özünüzə yaxşı mühit tapdıqdan sonra Bakıya qayıdıb-qayıtmamaq o qədər də önəmli olmur. Amma Bakıya tətilə gələndə geri dönmək istəməmək hissi çox qəribədir.

Ölkəmizin qiymətini bilmək, ona sahib çıxmaq çox önəmlidir. Xaricdə təhsil alan hər kəsin gələcəkdə yenidən Azərbaycana qayıdıb öz ölkəsinə xeyir vermək üçün çalışacağına inanmaq istəyirəm. Azərbaycanlıya azərbaycanlıdan daha çox heç kəs qiymət qoymayacaq”.