Загрузка...

“Gözündə yaş olmasa, qəlbində göy qurşağı olmaz”

(Hindu ata sözü)

Dünən bizdə müstəqillik günü imiş, ancaq bunu mənə gec xəbər verdilər, yaxşı qutlaya bilmədim. Hamısı paxıllıqdandır. Bəzi camaatımız istəyir müstəqilliyin yağını, qaymağını, şokoladını özü çörəyinə yaxıb yesin, biz yeməyək.

Özü də biz dünyanın tək-tük xoşbəxt millətlərindənik ki, bizdə müstəqillik günü azı 2 dənədir. Bir dəfə mayda müstəqil olmuşuq, ikinci dəfə oktyabrda. Çünki bizim müstəqilliyimiz bir fəsilə sığışan deyildir, nəhəng tarixi hadisədir. Sözgəlişi, dünyada elə dövlətciklər vardır ki, onların nəinki 2 dənə, heç bir dənə də müstəqillik günləri yoxdur. Misal üçün, Britaniya, Fransa, Almaniya… Gülməli ölkələrdir. Müstəqillik günü yoxdur deyə əsgərlərin ölməyini, hansısa türmənin alınmasını, nə bilim, pivə içməyi bayram edirlər. Ona görə Almaniya neçə ildir dağılır.

Bəli, müstəqillik çox yaxşı şeydir, həm də millətin haçansa əsarətdə olduğunu yada salır. Nə təhər deyillər, pis günün ömrü az olar. Yox, bu ayrı yazıya aid misal idi. Bu yazınınkı pislər olmasa yaxşıların qədri bilinməzdir. Bir də biz müstəqillik günümüzü avtobusların qabağına balaca bayraq taxılanda dəqiqləşdiririk. Dünən də elə idi. Doğrudur, hərdən o avtobuslar bir-birinin qarnına, nəticədə bayraqların dirəyi də zəhmətkeşlərin qarnına girir. Ancaq nə qəm? Müstəqillik yollarında insan hər əzaba qatlaşır. Həm də son illər şoferlər müstəqillik günü asta sürməyə, qəza olmamasına çalışırlar.

Builki müstəqillik günümüz həmçinin dünya markası “Fendi”nin reklam çarxında Azərbaycan mahnısının sözlərinin eşidilməsi ilə yadda qaldı. Məncə, onlar bizi bu yolla təbrik edirdilər, çünki cümlə belə idi: “Bir gün mənə rəhmin gələcək”. Xalqımızın arzuları o reklamda öz əksini tapmışdır. Necə deyərlər, sən o yanındakı qəşəng qızın canı, bir nəzir ver. Ya da keçmiş siyasi şüarda deyilən kimi: “Ümid var gələcəyə, Səs versək Elçibəyə”.

Hər bir özünə hörmət edən müstəqilliyin doğum şəhadətnaməsi, kupçası-filanı da olmalıdır. Bu sənədlərdə dövlətin yaranmasının elanı, ərazisinin neçə sot olmağı-zad göstərilir. Lakin mən hazırda bizim müstəqilliyin kupçası sarıdan bir az narahatam. Nöşün ki, alçaq qonşularımız bunun bir yanında qanunsuz gecəqondu qayırmaqla yanaşı, bizdə olan hissədə də əcaib proseslər getməkdədir. Misal üçün, görürsən harasa sürüşdü, villalar gəldi böyrü üstdə, baş nazirin müavini çıxıb dedi ki, onların kupçası yoxdur, yiyələrinə pul verilməyəcək, hamısı qanunsuz tikilidir. Ancaq evlərin yiyəsi deyir kupçamız vardır. Kim haqlıdır, mən bilmirəm, ümid edirəm, siz də bilmək istəmirsiniz, nəyimizə lazımdır? Orda villamız olsa, narahat olardıq. Əsas odur, adamın öz canı sağ olsun, öz qazanı qaynasın, öz uşaqları yeyib-içib şıllaqlasın. Qonum-qonşu, millət-xalq cəhənnəm olsun. Millətin dərdi elə bizə qalıb?

Uzun sözün qısası, bu tip əhvalatlar çoxdur. O üzdən mən düşünürəm ki, bəlkə bizim müstəqilliyin də kupçası yoxdur. Ya da haradasa saxta düzəldiblər – bələdiyyə çıxarış veribdir. Yaxud ola bilər, kupça qanunidir, lakin AXC-Müsavat dövründəki dərəbəylikdə salıb itiriblər. Pis günlər idi, camaat gecələr gəzməyə çıxammırdı, parklarda müasir işıq dirəkləri də yox idi! Aman tanrım! Düşmənə də arzulamıram.

Sonda müstəqillik günü qutlamalarınızı şən yola vermək üçün dəyərli dostumuz Hikmət bəyin danışdığı bir lətifəni bura yazaq: “Deyir, bir gün biri Həcc ziyarətindən qayıdır, girir məhəllədəki dükana, satıcıdan borc dəftərini istəyir. Satıcı ürəyində çox sevinir, fikirləşir, yəqin kişi ziyarət münasibətilə camaatın borclarını bağlamaq istəyir. Tez dəftəri çıxarır qoyur piştaxtanın üstünə. Hacı deyir, indi orada mənim adımı tap. Satıcı bir az dilxor olur, ancaq yenə ürəyində fikirləşir ki, eybi yox, elə özünün də xeyli borcu var, onları verəcək, yenə şükür. Satıcı dəftərdə bunun adını tapıb, barmağıyla göstərir. Adam deyir: ”Tapdınmı? İndi onun qabağından yaz: “Hacı”.

Bayramınız mübarək olsun.