Eynilə belə bir günəşli gün idi. Adi günlərdən biri idi. Heç o vaxt da o günün təqvimdəki yeri qırmızı deyildi, indi də deyil.
Amma 27 il öncədən başlayaraq həmin gün – 18 oktyabr Azərbaycan xalqının tarixində əlamətdar günlərdən biri, 28 May qədər əziz gün oldu.
Məhz oktyabrın 18-də Azərbaycan xalqının öndər övladları ölkəmizin Rusiya müstəmləkəsindən qopması istiqamətində həlledici hüquqi addım atdılar.
Bundan əvvəl istər SSRİ konstitusiyasında, istərsə də “Azərbaycan Sovet Sosialist Respublikası” adlanan ölkəmizin əldəqayırma konstitusiyasında “hər bir müttəfiq respublikanın SSRİ-dən ayrılmaq hüquq var” kimi bir müddəa yer alırdı.
Ancaq həmin müddəadan yararlanmaq yolunda istənilən cəhd kütləvi güllələnmə ilə, kütləvi həbslə, kütləvi sürgünlə nəticələnə bilərdi.
1991-ci il oktyabrın 18-də isə tarixi fürsət yetişmişdi, artıq müstəqillik eşqində olan heç kəsi güllələnmə, həbs gözləmirdi və bu tarixi fürsətdən yararlanmaq istəyənlərin sayı xeyli artmışdı.
Ədalətli, obyektiv olmaq gərəkdirsə, etiraf edək, 27 il öncə həmin gün heç də xalq kütləvi şəkildə azadlıq, müstəqillik heyində deyildi. Bəlkə də lap dürüst, obyektiv, qanuni referendum keçirilsə, Azərbaycan seçicisi 60-70 faiz civarında SSRİ-nin tərkibində qalmağa, daha dəqiqi, Rusiyanın ucqar əyaləti olmağa səs verərdi. Bu, 70 il boyunca xalqa kölə psixologiyasının təlqin edilməsinin nəticəsi idi.
Dövlət müstəqilliyini bizə bir qrup fədakar, intellektual, cəsur, uzaqgörən, vətənpərvər insanın avanqardlığı ilə milli azadlıq hərəkatının fəalları bəxş etdilər.
Məhz onlar önə çıxdılar, qabağa durdular, xalqın fəal kəsimi ilə birlikdə mütərəddid hissəsini də öz arxaları ilə apara bildilər.
Onlar tarixi təşəbbüsə yiyələnə bilməsələr, bu məsələnin həlli kütlənin iradəsinə qalsaydı, biz müstəqil ola bilməyəcəkdik.
Deyilə bilər (tez-tez deyilir də) ki, SSRİ dağıldı, 15 müttəfiq respublikanın hamısı avtomatik müstəqil oldu. Amma elə deyil. SSRİ öz-özünə dağılmadı, onu dağıdanlar oldu. O 15 müstəqil respublikanın ən azı yarısında SSRİ-nin dağılması, rus müstəmləkəçiliyini sona yetməsi uğrunda kəskin, qanlı-qadalı, qurbanlı mübarizə gedirdi və o respublikalardan biri də Azərbaycan idi. Ölkəmizdə gedən inqilabi proseslər 1905-1920-ci illərdə ölkəmizdə baş verən həlledici inqilabi hadisələr qədər önəmli oldu.
Azərbaycan SSRİ-nin dağılması prosesinə fəal şəkildə qoşulmasaydı, ittifaq hələ bir müddət də duruş gətirəcəkdi. SSRİ-nin onurğa sütunu 1990-cı ilin yanvarında Bakıda zədələnmişdi. Bundan əvvəl Almatı və Tiflisdə, ondan sonra isə Vilnüsdə baş verən qanlı hadisələr (xalqa atəş açılması) Moskvanı və ümumilikdə SSRİ respublikalarını 20 Yanvar qırğını qədər sarsıtmamışdı.
Əslində Azərbaycanın SSRİ-də qəlbən qopması məhz 20 Yanvardan sonra başlamışdı, oktyabrın 18-də isə bu təmayül konstitusiya aktı şəklində, hüquqi sənəd olaraq ortaya çıxdı.
…Oktyabrın 19-da günəşli bir gün idi. Kəndimizin geniş parkında oturub bu hadisəni müzakirə edirdik. Kəndin ziyalıları – müəllimlər, həkimlər, mühəndislər, eləcə də gənc cəbhəçilər bu hadisəni alqışlayırdılar, zəhmətkeşlər, əmək adamları tam bitərəf idilər, vaxtilə sovet hökumətindən barınmışlar və barınmaqda olanlar (onlara o vaxtlar partokrat deyirdilər) isə açıq-aşkar müstəqilliyə qarşı idilər.
Sonradan aydın oldu ki, məhz o zaman kəndimiz Azərbaycanın kiçik bir modeli olub. Dövlət müstəqilliyinə münasibətdə ölkənin hər tərəfində insanların yanaşması aşağı-yuxarı belə imiş.
İndinin özündə də keçmişin nostaljisi ilə yaşayanlar var. Onlar “ötən günləri qaytaraydılar” kimi olduqca yanlış bir hissə qapılıblar. Ötən günlərin acıları, iztirabları, məhrumiyyətləri unudulub deyə keçmiş bəzi adamlara şirin, neqativlərdən arınmış görünür.
Bir də heç vaxt SSRİ üzü görməsə də, SSRİ dönəmində bir saat yaşamasa da, uyduğu təbliğatın təsiri altında “şanlı sövet dövrü”ndən ötrü təşnə olan gənclər var. Onlar daha böyük aldanış içindədirlər.
Dövlət müstəqilliyi isə əvəzsiz, misilsiz, alternativi olmayan bir nemətdir. Bunun dadını on illərlə müstəqillik davası aparan, yüz minlərlə qurban verən, axırda ya müstəqil olan, ya da hələ də çarpışan xalqlardan soruşmaq lazımdır.
Üzləşdiyimiz haqsızlıq və ədalətsizliklərə, maddi sıxıntılara, uğursuzluqlara, səriştəsizliklərə görə müstəqil dövlətçilik kimi bir nemətə laf söylənməz.
Vaxtilə müstəqilliyə qarşı olanların bir xeylisinin bu gün yüksək vəzifələrə daraşıb dövlətçilikdən ağız dolusu danışmaları, müstəqilliyin gülünü dərmələri isə bu gün ağlasığmaz görünür, amma sabah tarixin bir səhifəsi olacaq.