Загрузка...

ABŞ-ın “The Washington Post” qəzeti oktyabrın 2-də Səudiyyə Ərəbistanının Istanbul konsulluğunda doğranaraq öldürüldüyü güman edilən jurnalist Camal Qaşıqçının son məqaləsini yayıb.

Musavat.com “Anadolu” agentliyinə istinadən həmin məqalədən bəzi parçaları təqdim edir.

Qaşıqçının son məqaləsi ərəb dünyasında söz, ifadə azadlıqları, hakimiyyət və cəmiyyət arasındakı münasibətlərə həsr olunub və bununla bağlı ərəb ölkələrinin hakim dairələrinə qarşı sərt tənqidlər yönəldilib.

Camal Qaçıqçı son yazaısında “Freedom House” təşkilatının siyahısında yeganə azad ərəb ölkəsinin Tunis olduğuna, İordaniya, Mərakeş və Küveytin nisbətən, qalan ərəb dövlətlərin isə ümumyyətlə azad olmadığına diqqət çəkib:

“Nəticədə bu ölkələrdə yaşayan ərəblər ya olan-bitənlər haqqında məlumatlandırılmır, ya da yanlış bilgiləndirilirlər. Bölgə və ya gündəlik həyatları ilə bağlı məsələlərlə maraqlanmırlar, cəmiyyət içində də müzakirə edə bilmirlər. Dövlət idarəçiliyinə hakim olan anlayış ictimai rəyə ciddi nüfuz edir. Bəziləri buna inanmasa da cəmiyyətin əksəriyyəti bu yalanlara qurban gedir. Təəssüf ki, bu vəziyyətin düzələcəyinə ümid azdır”.

Camal Qaşıqçı 2011-ci ildə başlayan “Ərəb baharı”na böyük ümidlər bəslədiyini yazıb. Həmin dövrlə əlaqədar gözləntilərini və məyusluğunu Qaşıqçı bu sözlərlə ifadə edib:

“Jurnalistlər, ziyalılar və cəmiyyətin önəmli hissəsi aydın və müstəqil ərəb cəmiyyətinin qurulması ilə bağlı böyük ümidlər bəsləyirdilər. Bu adamlar hökumətlərinin hegemonluğundan və onların insanların həyatlarına müdaxilə etməsindən, senzuralardan qurtulmağı gözləyirdilər.Bu ümidlər olduqca sürətlə suya düşdü, həmin cəmiyyətlər ya köhnə statuslarına geri qayıtdılar, ya da əvvəlkindən betər şərtlərlə qarşı-qarşıya qaldılar”.

Camal Qaşıqçı Səudiyyə mətbuatının ən məşhur yazarlarından biri olaraq təqdim etdiyi jurnalist Saleh əl Şehinn heç bir əsas olmadan 5 il həbs cəzasına məhkum olunduğunu, habelə Misir hökumətinin “Əl Məsri əl Youm” qəzetinin redaksiyasını ələ keçirməsini qeyd edərək yazır:

“Artıq bu cür hadisələr cəmiyyət içərəsində təpki ilə qarşılanmır. Beləliklə, ərəb hökumətləri mətbuatı daha çox susdurmaq imkanını qazanırlar. Jurnalistlərin vaxtilə internetin onları senzuradan və kağız qəzetlərə tətbiq olunan təzyiqlərdən qurtaracağına dair ümidləri var idi. Lakin varlıqları daima informasiyaların nəzarətdə saxlanmasına borclu olan bu hökumətlər aqresisv şəkildə interneti əngəllədilər, yerli jurnalistləri həbs etdilər, özəl qəzetlərə reklam yayımlarını kəsdilər”.

Qaşıqçı yarı müstəqil olaraq qiymətləndirdiyi Tunis və Küveyt mətbuatında belə ancaq daxili məsələlərin müzakirə edildiyini, ərəb dünyasının problemlərinə isə heç toxunulmadığına təəssüflə yanaşıb.

“Hətta ərəb dünyasının saray incisi saylan Livanda belə mətbuat azadlığı qübləşməyə və İrana meylli Hizbullahın istəklərinə qurban verilir”, – jurnalist yazıb.

Qaşıqçı ərəb dünyasında sadəcə xarici qüvvələrin təsiri ilə deyil, iqtidar üçün rəqabət edən daxili güclərin təsiri ilə formalaşan dəmir pərdə qurulduğunu qeyd edib.

Camal Qaşıqçı “Washington Post” qəzetindəki məqalələrinin həm də ərəb dilində yayımlandığına diqqət çəkərək ərəblərin ABŞ və Qərbdəki demokratik düzəni anlaması üçün müstəqil rəyləri oxumasının vacibliyini bildirib:

“Əgər bir misirli Vaşinqtondakı bir inşaat layihəsinin gerçək qiymətini açıqlayan məqalə oxusa eyni layihələrin öz ölkələrindəki dəyərləri ilə bağlı təsəvvür əldə edə bilər və daha yaxşı başa düşər

Qaşıqçı məqaləsini bu sözlərlə bitirib:

“Ərəb dünyasının beynəlxalq jurnalistikanın modern versiyasına ehtiyacı var. Bununla vətəndaşlar qlobal hadisələrdən xəbərdar ola bilirlər.Ən önəmlisi ərəblərin səsini çatdırmaq üçün bir platformaya ehtiyacı var. Bizlər yoxsulluqdan, yanlış idarəçiliyin və yetərsiz təhsilin əziyyətini çəkirik. Təbliğat yolu ilə nifrət yayan millətçi hökumətlərin təsirindən qurtulan müstəqil beynəlxalq cəmiyyətin formalaşdırılması ilə ərəb dünyasındakı insanlar öz daxillərindəki köklü problemləri müzakirə edə bilərlər.

Musavat.com