Загрузка...

Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən çəkir”; Prezident Rəcəb Tayyib Ərdoğan: “STAR zavodunun açılışı ilə Azərbaycanla əlaqələrimizi iqtisadi baxımdan da gücləndiririk”

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar. Daha sonra dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonra xatirə şəkli çəkdirilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, “enerji və neft-kimya sektorunda – “Petkim”də, “Petlim”də, “Star”da, Külək enerji stansiyasında, TANAP-da və digər layihələrdə həyata keçirilmiş sərmayələr Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Türkiyənin ən böyük xarici investoruna çevirib: “On il bundan əvvəl Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə SOCAR şirkəti olaraq Türkiyə neft-kimya sənayesinin nəhəngi ”Petkim”in nəzarət-səhm paketini özəlləşdirmə yolu ilə aldıq. Ötən 10 il ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırımışıq. Həyata keçirilən sərmayə proqramları hesabına Türkiyə neft-kimya məhsulları bazarında “Petkim”in payını daha da artırmaq əzmindəyik və işlərin gedişi göstərir ki, bu hədəfə tezliklə çatmaq tam realdır”.

R.Abdullayev xatırladıb ki, 7 il əvvəl, 2011-ci ilin oktyabrında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün açılışını qeyd etdiyimiz layihələrə start verdilər. “Biz ilk dəfə ölkəmizdən kənarda belə böyük bir investisiya proqramını həyata keçirirdik. Bu vəzifəni layiqincə icra etmək üçün bütün qüvvələrimizi səfərbər etdik və qürur hissi ilə qarşınızda məruzə edib bildirmək istəyirəm ki, “Star” neft emalı zavodu istismara hazırdır”.

SOCAR prezidenti bildirib ki, “Star” neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib. “Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. “Petkim” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaq.  Burada həmçinin neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bu da daxili bazarda istehlak olunacaq və həm də ixrac üçün geniş imkanlar yaradacaq.

“Petlim” və külək enerji stansiyası layihələri də Türkiyədəki fəaliyyətlərimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən layihələrin tamamlanması bizi çox sevindirir. Amma hər bir tamamlanan layihə gələcəkdə planlaşdırılan layihə üçün təməl rolunu oynayır. Bu məntiqlə yaxın gələcəkdə Petkim yarımadasında yeni Petrokimya kompleksinin yaradılması işlərinə də başlamışıq”.

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak isə qeyd edib ki, “Star” neft emalı zavodu Türkiyənin yeni iqtisadi proqramının əsas hədəflərindən olan idxaldan asılılığın azaldılması məsələsində əhəmiyyət daşıyacaq: “Bu müəssisəyə çox önəm veririk. Bu böyük layihə təkcə məşğulluğa görə deyil, idxaldan asılılığı azaltmasına verdiyi töhfəyə görə də əhəmiyyətlidir”.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən hərbi paraddan danışıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisəydi. Çünki müsəlman aləmində ilk dəfə olaraq cümhuriyyət yaranmışdı. Amma Bakı bizim qədim, tarixi şəhərimiz işğal altındaydı. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru Paşanın komandanlığı altənda Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi, və öz sahibinə – Azərbaycan xalqına qaytarıldı. Bir neçə gün sonra isə Bakı Azərbaycanın paytaxtı elan edildi”.

Prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycan həmişə bir yerdə olub: “Yüz il bundan əvvəl biz yerdəydik, bu gün də bir yerdəyik. Dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edirdik. Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk ölkə Türkiyə olmuşdur. Bu tarix çox şərəfli tarixdir. O gündən biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir”.

İ.Əliyev bildirib ki, Türkiyənin gücü bizim gücümüzdür: “Nə qədər Türkiyə güclü olarsa, bir o qədər də biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya çapında qardaşlıq, dayanışma, həmrəylik nümunəsi göstərir. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk. ”Star” zavodunun yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım qoyub. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır. Və bu, təbiidir”.

Azərbaycan prezidenti Türkiyə və Azərbaycanın birlikdə icra etdiyi layihələri xatırladıb: “Biz birlikdə digər önəmli layihələri həyata keçirmişik: Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizinin yaradılması, Bakı-Tiflis-Qars dəmiryolunun yaradılması. Bunların hər biri özlüyündə nəhəng bir layihədir. Bunlar nəinki ölkələrimiz və xalqlarımız üçün, bölgə üçün, dünya üçün, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə, güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən çizir. Bunu biz edirik. Bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik.

Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırdıq. Təkcə Əliağa bölgəsinə qoyulan yatırım 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq”.

Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlu yol ilə gedəcək.

Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bir ay əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının yüz illiyi ilə bağlı keçirilən hərbi parad barədə danışıb: “Bu hərbi parad iki ölkə arasında işbirliyinin, iki dövlət-bir millət olmağımızın işarəsiydi”.

Türkiyə prezidenti bildirib ki, Türkiyə və Azərbaycan güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradıb.

O qeyd edib  ki, bu gün “Star”ın açılışı ilə Türkiyənin Azərbaycanla dünyaya nümunə olan münasibətləri bir addım da irəliləyir: “Star” zavodunun açılışı ilə Azərbaycanla əlaqələrimizi iqtisadi baxımdan da gücləndiririk. Dünyaya nümunə olan münasibətlərimizi bir addım da irəli aparırıq. Regional və qlobal əhəmiyyəti olan TANAP-ı icra olunan layihələrə əlavə etmişik, bu gün açılışını həyata keçirdiyimiz “Star” zavodu ilə daha bir addım atırıq. Dünyanın ticarət müharibələri və böhranları ilə sarsıldığı vaxtda bir-bir açılışını həyata keçirdiyimiz layihələrlə ölkələrimizin ortaq hədəflərə yaxınlaşdığını düşünürəm”.

Prezident qeyd edib ki, “Star” Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olma xüsusiyyətinə də malikdir. Türkiyə Prezidenti bu zavodun son 30 ildə reallaşdırılan ən böyük real sektor yatırımı və ən böyük milliləşdirmə layihəsi olduğunu da vurğulayıb: “Belə bir yatırım olduğu üçün üzərimizə düşən vəzifə onlara lazımi dəstəyi verməkdir və veriləcəkdir də”.

R.T.Ərdoğan Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməz olduğunu deyib: “Ölkəmiz və Azərbaycanın bu problemin həlli üçün gördükləri tədbirləri beynəlxalq ictimaiyyət sükutla qarşılaya bilməz. Beynəlxalq ictimaiyyətin dünyadakı haqsızlığa “dayan” deməsini gözləyirik. Türkiyə və Azərbaycan olaraq inandığımız dəyərlər uğrunda ortaq mübarizəmizi davam etdirəcəyik”.

Xatırladaq ki, “Star”ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Tecnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. “Star” Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 milyon ton nafta, 5 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. “Star” əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin xarici ticarət kəsirini 1,5 milyard dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizdən çoxunu təmin edəcək.

Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış
Azərbaycanın Türkiyədəki “Star” zavodu istifadəyə verildi - təntənəli açılış