Загрузка...

“Bax, oğlum, onlar kilsəyə ildırımötürən taxıblar, daha məndən qorxmurlar. Küləyi, yağışı, hər şeyi izah edirlər və məndən mərhəmət diləməyi unudublar”

(Luici Pirandello, “Qoca tanrı” hekayəsindən)

Bu yaxında dövlət büdcəsi hesabına mollalara maşın alıb verdik. Halbuki işin məntiqi tələb edirdi onlara dəvə verilsin. Bu söhbətin yönü ərəb səhralarına tərəfdir axı. Eyni zamanda bir məşhur aforizm var, deyir, kilsəyə ildırımötürən quraşdırılanda başa düşmək lazımdır kimin dediyi doğru idi. İndi bu iş də elə. Ruhi aləmlə, o biri dünya ilə əlləşən, göyün yeddinci qatından xəbər aparıb gətirən kadrlara avtomobil vermək hətta onların dini inanclarına sataşmaqdır. Tolerantlığımıza təhlükədir. Dəli şeytan deyir, belə getsə, biz uca şeyximiz Allahşükür müəllimə raket alıb verməliyik. Nə qədər olmasa yuxarılarla əlaqəsi, rabitəsi yaxşı qurulsun. Bu arada, Şamaxı Astrofizika Rəsədxanamız çoxdandır namaz vaxtlarını, Ramazan, Məhərrəmlik aylarının girməsini xəbər vermir. Allaha xoş getməz. Bəlkə də verirlər, mən bilmirəm.

Uşaq isə yazının bu məqamında əlində palaz boyda bir kitab gəlib böyrümdən dürtür, deyir, ata, Harun əl Rəşid kimdir. Sən demə, bu kişinin söhbətləri “Qabusnamə” adlı kitabdan götürülüb orta məktəb dərsliyinə basılıbdır. İndi mən buna nə deyim? Necə izah edim ki, neçə nəslimizin ömrünü elə bu Harun kişinin rəvayətləri ilə, Qabusnamə nəsihətləri ilə yedilər, bütün dünya yanımızdan şütüdü keçdi, bir də ayıldıq gördük… Daha doğrusu, yatdıq gördük şirin yuxuda plov altından cücə gəzirik. Bəli, elə uşağın soruşduğu mətndə də hansı yuxu yozulmasından dəm vurulurdu, uşaq dəxi (guya biz burda klassiklərə nəzirə edirik) soruşdu, papa, bəs yozmaq nə deməkdir?

Əlqərəz, palaz-kitabı örtdüm uşağın üstünə, dedim, can bala, sən bir az yat, yuxu gör, qəzetdə işlərim vardır. İşlər isə belədir ki, Qarabağ uğrunda ölənlərin ailələrinə 11 min manat yardım verilməlidir, lakin nazirlik 4500 nəfərin ailəsinə bu yardımı vermir. Deyirlər, siz bu qan pulunu qabaqlar almısınız, lakin biz arxivi hər beş ildən bir yandırırıq, indi sənədlər bizdə qalmayıbdır, canınız çıxsın özünüz isbat edin ki, sizə pul düşür. Əla yekundur. Doğrudan da, əsgər torpaq uğrunda öldüyünü özü sübut eləməlidir, misal üçün, o biri dünyadan sənədləri toplayıb mollanın dövlətdən aldığı maşınla Qıl körpüdən keçib gəlməli, kağızları sabez müdirinə verməli, sonra təzədən qayıdıb ölməlidir. Nazirliyin, dövlətin min dənə ayrı işi vardır.

Sözgəlişi, bu əsgər ailələri Milli Məclisə də ayaq açıb qanun qayırılması işinə mane olurlar. Spikerin şikayətlərini özüm oxudum. Özü də orada son vaxtlar parlamentə oxşar cücərtilər qeydə alınırdı, məsələn, birdən görürdün qərar səsə qoyuldu, lakin keçmədi! Sanki İngiltərə parlamenti-zaddır. Doğrudur, zalda lazımi qədər deputat olmadığı üçün qərarın havada qaldığı sonradan bilinirdi, ancaq nə dəxli? Yüz il sonra parlamentimizin arxivini araşdıran tarixçilər haradan biləcəklər ki, filan qərar, qanun deputatlar çayxanada çay hortdatdığı üçün, nə bilim, nəlbəki daşıb deputatın şalvarına töküldüyünə, o biri deputatlar da fenlə şalvarı qurutduğuna görə keçməyibdir? Stenoqramda çayxana söhbəti yazılmır. Yazılır, qanun səsə qoyuldu, keçmədi.

Azadlığımız, vətənimiz uğrunda ölən əsgərlərin ailəsinə yardım məsələsinə qayıtsaq, mən bir təklif edərdim: qoy o mübahisəli 4500 ailəyə də sığorta pulu ödənsin. Lap hesab edək onlar bir dəfə haçansa, it ilində sığorta pulu alıblar, lakin sənədlər yanıb, sübut eləmək çətindir. Bəyəm Azərbaycanın dövlət büdcəsi üçün 50 milyon manat tapmaq çətindir? (4500 ailəni 11 min manata vursaq, bu qədər edir). Guya 11 min manat nə puldur ki? Onsuz qəpik-quruşdur. Bu adamlar isə ən qiymətli, daha doğrusu, ölçüyəgəlməz qiyməti olan canlarından bizim yolumuzda keçiblər (pafosa görə oxuculardan üzr istəyirəm, ancaq bəzi məsələlər pafossuz olmur). İndi 4500 ailəyə ikiqat qanpulu verək. Üzüyümüzün qaşı düşəcək? Mollaya maşın almaqdan pisdir?