Torpaq sürüşməsi elə şeydir ki, İndoneziyada da olur, Çilidə də, hətta Haitidə də.
Təbii fəlakətdir, dünya binnət olandan bəri milyon dəfələrlə torpaq sürüşmələri olub, olur və olacaq, özü də hər yerdə.
Arxeoloqlar torpağı qazıb yerin təkindən şəhərlər, tikililər tapırlar ha, bax, onların hamısı nə vaxtsa sürüşmüş və yaxınlıqdakı tikililəri altına basmış torpağı iştəkləridir.
Bu baxımdan bizim bəxtimiz hələ gətirib, Qvatemalada torpaq sürüşəndə N qədər insan ölür, biz yaxşı qurtarırıq, ölüm-itim olmur.
Yəni bir baxımdan torpaq sürüşməsi ilə mübarizə çətindir. Necə ki, zəlzələ ilə də mübarizə aparmaq olmur. Olsaydı, dəmirdən, rezindən adam düzəldib şahmat oynadan yaponlar bu işi çoxdan çözərdilər.
Yapon demişkən, deyirlər, Bayıldakı sürüşmənin sirrini tapmaq, qarşısını almaq üçün ölkəyə iki yapon gətiriblər və onlar araşdırma aparırlar.
Düz ediblər. Çünki yaponlar öz zəlzələləri ilə mübarizənin çəmini tapıblar. Söz düşəndə də deyirlər ki, zəlzələ ilə mübarizənin yeganə yolu onunla yanaşı yaşamaqdır.
Başqa variant yoxdur. Gərək evləri, sair binaları elə tikəsən ki, 7-8 ballıq təkanlara tab gətirsin, uçub adamın başına tökülməsin.
Yaponlar elə edirlər, binalarını etibarlı tikirlər və onlar da titrəşə-titrəşə dik qalmaqda davam edirlər. Hərdən olur ki, məsələn, Xokkaydo adası tərəkəmə nehrəsi kimi yırğalanır, amma evlər uçulub-tökülmür. Çünki etibarlıdır.
Bina etibarlı tikiləndə uçmur – təcrübədən bəllidir.
Beş-altı il əvvəl qardaş Türkiyədə bir zəlzələ olmuşdu, bir qəsəbədə nə qədər tikili var, hamısı uçub-tökülmüş, yerlə bir olmuşdu, yalnız bir came salamat qalmışdı. O dəqiqə bəziləri “Bu came Allahın evi olduğu üçün salamat qaıb” deyə təbliğata başladılar. Sanki Yaradan nəyə görəsə hamının evini uçurub, yalnız özününkünü salamat saxlayıb. Belə bir səviyyəsiz söhbətə nöqtəni memarlar qoydu. Onlar ortaya çıxardılar ki, uçan binaların hamısı keyfiyyətsiz, el dilində desək, əhəngsiz, sementsiz tikilib, amma cameni inşa edən memar harama əl uzatmayıb, tikilini necə lazımdır, elə, keyfiyyətlə ucaldıb. Ona görə də o, uçmayıb.
İndi bizim sürüşmə də Allahın işi deyil, təbiətin özəlliyidir, süxur, landşaft məsələsidir. Hələ bunun atmosfer çöküntülərinin intensivliyi, tektonik proseslərin fəallaşması kimi incəlikləri var.
Salamatı odur ki, hansı məkanın sürüşməyə meylli olduğunu biləsən və oranı məskunlaşdırmayasan. Sürüşəsi təpələrdə ev, villa, stadion, yarmarka olmayandan sonra, ha sürüşsün, sürüşüb-sürüşüb duracaq. Hokkeyçi deyil ki, eyzən sürüşsün. Mühəqqəq bir yerdə dayanacaq.
Ona qalsa, biz tərəflərdəki adsız təpələrdə həmişə sürüşmə olurdu, camaat mal-qoyun növbəsinə gedəndə görürdü ki, bay, torpaq beş-altı metr o yana sürüşüb, yarğan kimi bir şey əmələ gəlib. Amma bu, heç də hadisə sayılmırdı, çünki kənddən uzaqdakı təpənin böyrünün quzulamasının heç kəsə ziyanı yox idi.
Amma şəhər yerində torpaq ikicə santim yerindən tərpənsə, bu, artıq hadisədir, problemdir, üz qarasıdır, tənqiddir, başağrısıdır, kompensasiyadır, hadisə yerindən reportajdır, müvəqqəti qərargah təsis edilməsidir və sair və ilaxırdır.
Ondan sonra çağırın, yapon gəlsin, görək, nə edəcək.
Bizim camaatın minusu odur ki, harda gəldi ev tikirlər. Məsələn, Hökməlidən o tərəfdə xeyli palçıq vulkanı olan təpələr vardı, indi hamısının üstündə evlər tikilib, hətta villalar da var. Sabah palçıq vulkanı puff eləyib lava axıtsa, o evlərin çoxu palçığın altında qalacaq, villa yiyəsi də deyəcək, mənim evimin bir milyon qiyməti vardı, 150 min manat kompensasiya azdır.
Yaxud Müşviqabadla Aşağı Güzdək kəndinin arasında bir göl var, kanalizasiya gölüdür, gündən-günə səviyyəsi qalxır. Ətrafı, xüsusilə də selovu yaxşı evlərlə doludur. Bir gün o göl babat bir leysandan sonra daşsa, evlər qalacaq suyun altında. Hətta suyun da yox eE
İndidən bunu bilmək üçün yapon, yaxud musson yağışı görmüş benqal olmağa ehtiyac yoxdur, problem əlli metr o tərəfdə ağzını ayırıb baxır.
Eramızın 79-cu ilində abad Pompey şəhəri niyə batdı, bilirsiniz? Ona görə ki, o şəhəri salanlar evləri aparıb Vezuvi vulkanının dibində tikmişdilər, bir oxumuş adamları da olmamışdı, desin ki, vallah, bu Vezuviyə etibar yoxdur, bir gün püskürəcək.