“Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar da yumurtadan qalan borcumun hesabı imiş”
(Mirzə Cəlil, “Saqqallı uşaq” hekayəsindən)
Dünyanın başqa ölkələrində bizdəki kimi jurnalistlər dövlət qayğısı ilə əhatə olunmamışdır. Misal üçün, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı-nı Türkiyədə konsulluğun binasında yox ediblər. Əcaib söhbətdir, hazırda hamı bundan danışır – Donald Trampdan Biləcəri çayxanasındakı Mamed dayıya qədər. Çün, deyir video vardır, Camal müəllim kamali-ədəblə gəlir konsulluğa, qapıda arvadıyla öpüşüb-görüşür, sonra içəri girir və qeyb olur. Düzdür, müsəlman dünyasında qeybə çəkilmək vaxtaşırı baş verən mistik prosedurlardan biridir, ancaq Camal müəllimin Səudiyyədə müqəddəs sayılmaq ehtimalı azdır. Nöşün ki, ərəb kral ailəsini öz qəzet yazılarında-zadda tənqid edirmiş. Di yaxşı oldu elə sənə. Tənqid eləmək də sənətdirmi? Başını aşağı sal, yaşa da bə. Lazım gəlsə kral sənə Ər-Riyadda, Məkkədə, Mədinədə qəşəng, axar-baxarlı bir mənzil verərdi, bəlkə min dənə adam da tapardılar, əvəzindən qəzet buraxardı.
Nə isə, nə başınızı ağrıdım, Camal müəllimi deyilənə görə konsulluğun binasında işgəncə ilə öldürüb, mişarlayıb, hardasa gizlin basdırıblar. Bu da yenə müsəlman aləmində adi, tipik kriminal işdir. Sözgəlişi, bu cür adam oğurlamaq işlərini qabaqlar İran çox yapardı, molla rejiminin xoşuna gəlməyən adamları maşına basıb aparardılar, adam qeybə çəkilərdi. Nəsə son vaxtlar eləmirlər, yəqin demokratikləşiblər – böyürlərində demokratik Azərbaycanın havası vurubdur. Yazıda məqsədim isə bu deyil. Gec də olsa, yazım, biləsiniz: məqsəd elmin inkişafına töhfə verməkdir.
Söhbət ondadır ki, (hətta lazım gəlsə on birdədir) türk xüsusi xidmətlərindən sızan xəbərə görə Camal Qaşıqçı öz qətli haqda xəbəri bayıra ötürməyi bacarıbmış. Bax, burası olduqca maraqlı, yeni bir şeydir. Adamın qolunda “Apple” ağıllı saatı varmış. Bu saat isə ətrafda baş verənlərin səsini yazıb başqa yerdəki “Ayfon” telefona və “İ Cloude” bulud sisteminə ötürə bilirmiş. Qaşıqçını öldürən agentlər saata diqqət edəndə artıq gec imiş.
Ümumən, fikir versəniz bu il Rusiya xüsusi xidmət orqanları da Avropada, Britaniyada, Amerikada biabırçı şəkildə ifşa olunmaqdadır. Bu ifşa prosesində də elmi-texniki tərəqqinin son nailiyyətləri böyük rol oynayır. Zəhərli qaz buraxırlar, dərhal laboratoriya analiz edir, bunun Rusiyada düzəldildiyi, hətta hansı şəhərdə, neçənci ildə buraxıldığı dəqiq tapılır. Rusiyanın bir vaxtlar bütün dünyada at oynadan qorxunc “QRU” kəşfiyyat idarəsi isə lap karikaturaya döndərilib. Onun Britaniyada qətl törədən 2 agentinin fotoları çap edildi, əsl adları üzə çıxarıldı, doğulduqları kəndə qədər gedib çıxdılar. Bunlar da hamısı internetin, mobil-interaktiv-onlayn texnologiyaların sayəsində mümkün oldu.
Köhnə dünyadakı gizli casus-diversiya oyunları artıq mümkünsüz hala gəlibdir. Hər yerin videokamera olması, hər kəsin internetə dərhal çıxış imkanı mənfi tərəfləri ilə yanaşı müsbət effektlər də verir, bunu canlı görürük. Xüsusilə bu şəffaf dünyada totalitar rejimlərə, şər yuvalarına yer olmayacağı aydındır. Açıq cəmiyyət totalitarizmin ən böyük düşmənidir.
Bu yaxında Nobel komitəsi 2018-ci ilin iqtisadiyyat üzrə ödülünü amerikalı iqtisadçı alim Pol Romer-ə verdi. Romer bu ödülə hələ 1986-cı ildə başladığı elmi araşdırmaya görə layiq görüldü. O araşdırmanın məzmununu belə ifadə edə bilərik: hansı dövlət elmi-texniki tərəqqiyə əsaslanan inkişaf yolunu tutursa, onun iqtisadi artımı davamlı olacaqdır. Yox, əgər faydalı qazıntılara, kapitala, əhali sayının artımına söykənən iqtisadiyyat qurursansa, bu model əvvəl-axır durğunluğa, çökməyə, tənəzzülə gətirəcəkdir. Lap qısa yazsaq, Romer bizim Nizaminin 850 il qabaq yazdıqlarını elmi isbat edərək, iqtisadi modelini quraraq Nobel almışdır:
“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz”.
Sonda yazıçı-publisist Rafiq Tağının bıçaqlandığı ərazidəki 24 izləmə kamerasının birisinin də işləmədiyi yadıma düşdü. Bir də əsgərlik yoldaşım vardı, saatı bilmirdi, məndən xahiş edirdi ki, hər dəfə növbətçilik vaxtı çatanda ona deyim. Biz ona Kalaşnikov verib posta göndərirdik, təsəvvür elə. Sən də deyirsən ağıllı saat elə getdi, Romer belə gəldi…
Söhbətdi eləyirik də.