İki il əvvəl Astanada keçirilən beynəlxalq media konfransında iştirak edərkən AzTV-nin Qazaxıstandakı xüsusi müxbiri Fadil Paşayev təklif etdi ki, bu qədər uzun yol gəlmişkən, Qazaxıstanda yaşayan azərbaycanlılarla da görüşsəniz, yaxşı olar.
Asudə vaxt olan kimi iş adamı Səyyaf bəyin avtomobilində Astanadan bir qədər kənara çıxdıq. Gərək ki, şəhərin şimalına doğru getdik. Fadil Paşayev bizə çox maraqlı bir ziyalı ilə görüşəcəyimizi bildirmiş, demişdi ki, bu şəxs Qazaxıstanda yaşayan azərbaycanlıların diaspor təşkilatında birləşməsi üçün əvəzsiz işlər görüb, özü də akademik dairələrdə çox nüfuzlu adamdır.
Təxminən yarım saatdan sonra bir qəsəbəyə çatdıq, avtomobil magistralının düz yanında yerləşən bir geniş, hər cür rahatlığı olan evə girdik. Tarixçi alim, professor Vidadi Salahov bizi gözləyirdi. Qonaqlarının kimlər olacağından öncədən xəbəri vardı.
Onun istər Fadil Paşayevlə, istərsə də İTV-nin Qazaxıstandakı xüsusi müxbiri Füzuli Məcidli ilə ərkyana söhbətlərindən belə anlaşıldı ki, onlar bu illər ərzində çox görüşüb-söhbətləşib, dostlaşıblar. Vidadi bəy ərklə onlara dedi ki, heç olmasa, Vətəndən qonaq gələndən-gələnə özünüz də gəlin, görüşək, başqa vaxt gəlmirsiniz.
Süfrə açılmışdı. Masanın üzərində hər şey vardı. Bizim aramızda spirtli içki həvəskarı yox idi, amma nəzakət xətrinə arada badə qaldırır, əsasən söhbət edirdik. Fikir verdim ki, ev sahibi içmir. Bir qədər sonra o, izahat verdi ki, daha əvvəlki vaxtı deyil, səhhətində problem olduğu üçün, deyəsən, spirtli içki məsələsini birdəfəlik qapadıb.
Vidadi müəllim çoxdanışan adam təsiri bağışlamırdı. Zabitəli adam idi, hiss olunurdu ki, sözünün yerini, çəkisini bilən şəxsdir. Ancaq söhbət elə yerə gəlib çıxdı ki, o, tarixi və etnoqrafiyanı necə bildiyini ortaya qoymalı oldu. Heç demə, o, qədim türklərin miqrasiyasının dönəmləri və coğrafiyası barədə də çoxlarının bilmədiyi mətləbləri bilirmiş, əbəs yerə tarix üzrə fəlsəfə doktoru deyilmiş.
Zarafat deyil, ölkəmizin ucqar bir rayonunun ucqar kəndində (Kəlbəcər, Bağlıpəyə) doğulmuş bir adam 21 yaşından qürbət ellərdə yaşayıb, Voronejdə təhsil alıb, Kemerovoda işləyib, sonra Qazaxıstanda yurd salıb.
O, sanki sürgün həyatı yaşamışdı, keşməkeşli həyat sürmüşdü, ancaq öz həyat yolundan, çətinliklərindən bizə kəlmə də danışmadı.
Belə adamlar var, nə qədər hadisələrlə zəngin həyat yaşasalar da, öz həyatlarını bəziləri kimi “romanlıq həyat” adlandırmazlar. Vidadi müəllim bu xüsusda tamam susqun adam idi. Hətta hansısa şəxsdən söhbət düşəndə də, o, həmin mövzudan ustaca yayındı, söhbəti başqa səmtə çevirdi. Bu, o demək idi ki, o, kiminsə dalınca danışmağı sevmir.
Vidadi bəy mənim gözümə yaşlı adam kimi görünmüşdü, gerçək təvəllüdünü görməsəydim, heç vaxt güman etməzdim ki, onun cəmi 61 yaşı varmış. 70-i aşırmış kimi görünürdü.
Həmin gün biz çox söhbət etdik, söhbət dağdan-arandan, Altaydan, Himalaydan dolanıb Kəlbəcərə qədər getdi. Mən onun gözündə işğal altında olan yurd yeri üçün çəkdiyi həsrətin, nisgilin şəklini gördüm. Qürbətdəki insanlar doğulduqları torpağın işğal altında olmasıyla heç cür barışa bilmirlər – belə bir şey də var.
O, uşaqlığının keçdiyi yerlərə bir daha gedə bilməməyin acısını ürəyinə hopdurmuşdu və bu, onun gözlərinə çıxmışdı.
Dostlar danışır ki, son vaxtlar yuxuda sayıqlarkən “Kəlbəcər” deyirmiş.
Ötən il xəbər tutdum ki, Vidadi müəllim Bakıya gəlib. Zəng etdim, məlum oldu ki, dostları ilə ziyafətdədir, israrla çağırdı, amma uyğun olmaz deyə, getmədim. Dedim, növbəti dəfə Astanada görüşərik. Qismət olmadı.
Biz uzaqlarda qəlbi vətən üçün döyünən, bacarığını, biliyini, qələmini doğma xalqının mədəniyyətinin təbliğinə həsr edən işıqlı bir insanı itirdik.
O, qırx il öncə bu ölkədən getmiş, olduğu hər yerdə sinəsində doğma Azərbaycanı daşımışdı. Qırx ildən sonra Astanadan Bakıya uçan təyyarə tarixçi alimin cansız bədənini öz vətəninə gətirdi. O, vəsiyyətinə uyğun olaraq vətənində dəfn olundu.
Amma Vidadi müəllimin vəsiyyəti yarımçıq qaldı. Kəlbəcər yoxdur axı. O, Kəlbəcəri istəyirdi, onun dağlarının yamacında, atası Koroğlu kişinin yanında dəfn olunmaq arzusundaydı.