“Dağ üstündə tısbağa gomuşdan böyük görünər”
(Azərbaycan ata sözü)
Öncə qeyd edim ki, bu gün 16 oktyabrdır. Oxucu fikirləşə bilər bunun mövzuya nə dəxli vardır. Elə-belə yazdım. Dedim birdən uca millətimiz bu günün 16 oktyabr olduğunu yaddan çıxardar. Fikirləşərlər bəlkə 17 oktyabrdır? Ya da 15 oktyabr? Hətta 15 sentyabr “Bilik günü” olduğunu düşünüb müəllimə “Nazpəri” şokoladı apararlar. Yox. Ay sevgili xalq, dəqiq bilin, çaşıb eləməyin: bu gün yüz faiz oktyabrın 16-dır. Yadınızda qaldısa, keçək ayrı temaya.
Tema isə aktual sürüşmə temasıdır. Badamdar sürüşüb gəlib bulvarda durmaq istəyir. Yeri gəlmişkən, mən də əlli ildir jurnalistəm, hətta bir ara orada kirayənişin yaşamışam, lakin hələ də yadımda saxlaya bilmirəm ki, bu yerin adı Badamdar-dır, yoxsa Badamdart-dır. Bəlkə də Patamdar-dır. Allah bilir. Bizim ölkədə ala qarğa bala çıxartmır, nə desən olar. İcra başçısının kefinin kök vaxtına düşsə, ərazini Baden Baden də adlandıra bilər, kimin nə işinə qalıbdır? Biz hökumətə itaət edən camaatıq.
Əlqərəz, Badamdar (hələlik belə qalsın) istəyir dənizə yaxın olsun, çünki yuxarıdan milli bulvarımızın inkişafına baxıb paxıllıq edirmiş. Halonki, tələsməyə ehtiyac yox idi, bir gün bulvar uzanıb, qol-qanad açıb onsuz da Badamdarın boynuna dolanacaqdır, oradan dönüb Lökbatanı keçəcək, Hacıqabul yolunda saatda yüzlə şütüyərək, Kürdəmirə qədər gedəcəkdi. Milli bulvar konsepsiyamızın kağızlarında özüm görmüşəm. Ancaq çox qəribə haldır ki, baş nazirin müavini sürüşmə zonasında Badamdarın kanalizasiyasının faktiki olmadığını söylədi.
Əcəb işdir. O boyda qəsəbə yuxarıdan paytaxta… Əlim də gəlmir yazım nə eləyirmiş. Bu cür də iş olarmı? Bəs biz kosmosa uçan yerdə nə üçün arada Badamdarın kanalizasiyasını qayırmamışıq? Baş nazirin müavininin intervüsündə bunun da cavabı var idi, çünki, deyir, sürüşmə zonasını araşdırmaq üçün Yaponiyadan mütəxəssis çağırmışıq.
Vay dədə. İşıq sönür, Mingəçeviri araşdırmağa xaricdən adam çağırırıq. Masallıda artezianı amerikanlar qazırdı bir ara. Yaponlar isə biz qabaqlar elə bilirdik ancaq karate ilə məşğuldur. Ancaq bunlar bizdə qaçqınlara eynək paylamaqdan tutmuş Beyləqan məktəbinə tualet qazmağa qədər hər işimizi aşırdırlar. Sözgəlişi, elə o yaponların qaçqınların gözünü açmasından sonra “Qaçqınkom”da yeyintiləri də görməyə başladıq. İndi də bu sürüşmə işi. Fikirləşirsən, bəs bizim məktəblər, elmi institutlar nə iş qayırırlar? Mən bir-ikisini yazım, siz də bilin nə qayırırlar.
Misal üçün, AMEA-da Əkrəm müəllim adında bir alim var, isbat edib ki, Yer kürə şəklində yox, haradasa podnos kimi bir şeydir, altında da tısbağa yatıb. Başqa bir alim “Sədərək”dən aldığı kitayski robot oyuncağına “Aynadan gözəl” oynamağı öyrətmişdi, özü ilə toylara aparırdı. Üçüncü alim mələyin uçma sürətini tapmışdı, ta onu çox yazmışıq, bilərsiniz.
Nə başınızı ağrıdım, bu yaponlar gəlib sürüşmə zonasına baxıblar, eşitdiyimizə görə, birinin ağzı-gözü heyrətindən əyilibdir. Çünki orada aşkar sürüşmə ərazisində 11 dənə eşşək boyda villaları necə tikiblər, bunu onlara kim satıb, nə cür icazə alıblar – izahı mümkün olmayıbdır. Yapon dilindəki heroqliflərlə “sərəncam”, “başçının hörməti”, “hamının balası var”, “kəndxudanı gör, kəndi çap” söz və ifadələrini göstərmək haradasa elə Badamdarda yapon imperatoru Akihito müəllimə heykəl qoymaq qədər çətin iş imiş.
İndi yaponlar Hacıbala müəllimə deyiblər, gərək villaları sökəsiniz, ayrı əlac yoxdur. Bu da bizim milli mentaliteti bilməməkdən irəli gəlir. Niyə sökürsən? Qalıb da bə. Əksinə, sürüşməni dövlət büdcəsinə salıb, oradan neçə villanın pulunu sümürmək olar. Gül kimi pullu sürüşmədir. Bir az pis görünür, onun da həllini biz bilirik. Elə həmin yamacı Evrovizion yarışı vaxtı yaşıl boyamışdıq. Oradan-buradan gələnlər də uzaqdan baxıb deyirdilər bəh-bəh, yaşıl yamaclar, büllur bulaqlar ölkəsidir. Sürüşməni boyamaq olmazmı? Olar. Yaşıl olmasın, sarı olsun. Guya payız gəlib, otlar saralıb. Hələ ora-burasına ceyran şəkli çəkmək olar. Guya yamacda sürüylə otlayırlar.
Badam ağacı da çəkmək olar. Ağzında Badamdar deyirsən.