Teleaparıcı-aktrisa Mələk Heydərova musavat.com saytının suallarını cavablayıb. Onunla televiziyadan, yeni işlərindən və şəxsi həyatından danışdıq:
– Son günlər müğənnilər birlik olub, televiziyaları tənqid edirlər ki, insanların əxlaqını pozurlar. Məsələyə teleaparıcı Elçin Əlibəyli qarışıb, müğənniləri debata çağıraraq, onların savadını və dünyagörüşünü yoxlamaq istəyir. Bu məsələ neçə gündür ki, medianın gündəmindədir.
– Elçin Əlibəyli çox savadlı adamdır. Onun savadına şübhə edənin ağlına şübhə edirəm. Elçin müəllimlə hər adam debata girə bilməz. Onun istedadı, bildikləri yüksək səviyyədədir. Toy müğənnisi onunla bacara bilməz.
-Aşıq Samirə debatla razılaşmışdı, amma teleaparıcının verdiyi suala cavab verə bilməyib…
– Məndən böyükdürlər, onların müzakirəsinə qoşulmaq mənə düşməz. Müğənnilərin televiziyanı tənqid etməsinə gəldikdə isə haqlıdırlar. Danışığı olmayan, jurnalistikanın j-ı bilməyən, efir mədəniyyəti olmayan aparıcılar var. Toyda qonaqları salamlayan adam televiziyada aparıcı ola bilməz. Toy, tədbiri hamı apara bilər. Əsas məsələ televiziyadan anlayışı olmaq, jurnalistika qaydalarını bilməkdir. Efirdə aparıcı var? Çoxunun haradan gəldiyi, hansı təhsili aldığı bəlli deyil. Biz müxbirlikdən başlamışıq. Əlimizdə mikrofon qapı-qapı gəzirdik, o məmurun, bu katibin qapısını döyüb müsahibə alırdıq. İndi kimin 3 manat pulu var, aparıcı olur. Verilişləri isə 3 ay çəkir, sonra it dəftərində adları olmur.
– Yerli telekanallarda yayımlanan hansı verilişləri izləyirsiniz?
– Elçin Əlibəylinin “El bizim, sirr bizim” verilişini izləyirəm. Özüm də tez-tez orada qonaq oluram. “Mədəniyyət” telekanalında yayımlanan klassiklərlə bağlı verilişləri izləyirəm. Xəbərləri izləmirəm, başdan ayağa reklamdır. Filan bina tikildi, quş yumurtlamadan bala çıxardı və s. Qəribə, gülməli söhbətlər edirlər. Xəbərlər xəbər siyasətini itirib. “Xəzər” televiziyasında Həmid Herisçini izləyirəm. Onun şərhlərini bəyənirəm. Daha ciddi proqramları izləyirəm.
– Aktrisa, aparıcılar əsasən şou sahəsinə aid olduqları üçün maraq dairələri də şou daxilində olur. Sizdə isə fərqlidir.
– Mən heç vaxt şou verilişləri aparmamışam. Əvvəl müxbir olmuşam. Həmişə sosial problemlər ortaya qoymuşam. Efirdə görünməyin ən müsbət tərəfi simaca tanınmaqdır. O zaman səni tədbirlərə, proqramlara daha çox çağırırlar, qazancın artır. Özümü həmişə telejurnalist hesab etmişəm. Özümü şou sahəsində görmürəm. Ona görə də şou verilişlərini izləmirəm.
– Verilişdə qoyulan problemlərə, mövzulara uyğun qonaqların dəvət olunmaması da müzakirələrə səbəb olur. Hər problemlə bağlı efirə sənətçilər çıxarılır…
– Ağıllı, savadlı , amma məşhur olmayan qadın efirdən insanlara düzgün yol göstərsə, heç kim onu eşitməyəcək. Amma məşhur olan hər kəsin sözünü eşidirlər. Məsləhəti verən porno ulduz da olsa, onu dinləyir, 30 nəfərdən 29-u ona inanır. Insanların psixologiyası belədir. 10-15 il qabaq efirə çıxanlar daha ağıllı, normal ailəsi və tərbiyəsi olanlar idi. Kimdə nə yoxdursa, ondan danışır.
– Bildiyimə görə, yaxın günlərdə yeni layihə təqdim edəcəksiniz.
– Olacaq. Saytların birində proje hazırlayıram. Partlayış olacaq. Hələ Azərbaycanda beləsi olmayıb. Bundan əlavə serialda rol alıram. İnternet serialdır. “Youtube”-da yayımlanacaq. Elsevər və Kənan Yusifin layihəsidir. Komediyadır. 20 dəqiqə davam edəcək. Qara qışqırıq, söyüş yoxdur. Maraqlı işdir.
– Adətən hər yeni layihə təqdim olunanda xarici layihə ilə müqayisə olunur və plagiat adlandırılır. Bu müqayisələrə münasibətiniz necədir?
– Nə ilə müqayisə edək? Bizdə fərli iş var? Artıq hər şey düşünülüb. Bizə xaricdə olan maraqlı layihəyə yenilik qatmaq və gözəl şəkildə təqdim etmək düşür. Müqayisə və tənqid olmalıdır. Bir firma stəkan hazırlayırsa, başqası hazıramamlıdır? Yeni bir iş görmək üçün Marsa getməliyik. Azərbaycanda təkcə insanların gecə yataq otaqları göstərilmir. Zamanla onu da edəcəklər. İdeyalar tükənib. “Leyli Məcnun”u Nizami də, Füzuli də yazıb. Onda Füzulini öldürək ki, Nizamidən götürüb? Eləcə də, “Romeo və Culietta”. Hamısı oxşar sevgi hekayələridir. Əsas gözəl iş təqdim etməkdir, məsuliyyətli olmaqdır.
– Mələk romantikdir?
– Əlbəttə, amma düşük romantik deyiləm. Hər şey yerində gözəldir. Xəstə olanda mən demədən bir limon alınması romantlikdir. Bir dəfə belə hadisə olmuşdu, o limon mənim üçün 1000 hədiyyəyə bərabərdir. Sonra yağışın altında gəzmək romantikadır. Mənim üçün 101 qızılgül romantika deyil.
– Niyə? Başqa məşhurlar kimi siz də çəkib sosial şəbəkədə paylaşıb, acıq verərsiniz
– O PR-dır. Özünü göstərməkdir. Elə romantika olmur. Yağış yağanda bir bəyin mənə yürüş təklif etməsi əvəzsizdir. Mənə “Mələk, soyuqdur, islanacağam” desə, gözümdən düşər.
– Limonlu bəyin axırı necə oldu?
– Ayrıldıq. İki ildir ki, həyatımda heç kim yoxdur. Gözəl jestlər etmirlər deyə, sevgisizəm.
– Tanınmış xanımlar hər zaman münasibət qurmaqda çətinlik çəkdiklərini deyirlər…
– Məşhur xanımın münasibəti olur ki? İstəyirəm, məni başa düşsün, işlərimi anlasın. Ailə hər şeyi bitirir. Münasibətə başlamağa belə risk etmirəm. 8 illik karyeram var, onu bir anda silə bilmərəm. Hər şeyi sorğu-sual edəcək kişini anlamıram. Mən gündə 3 çəkilişə, 5 reklama gedə bilərəm. Çəkilişə günorta girib, gecə 4-də çıxa bilərəm. Mən karyera quranda yanımda hansısa kişi yox idi. İndi bir kişiyə görə hər şeyi necə silim? Ailə qurmaq istəyəndə hər şeyi atacağam. Hazırda isə məni başa düşən bir münasibətə ehtiyacım var. Mən kişisiz qala bilməyən qadınlardan, məşhurlardan deyiləm.
– İndi şou-biznes qadınlarının arasında köməkçilərini, sürücülərini bəy kürsüsündə otuzdurub, toy etmək dəbdir .
– O qadınların özünə hörmətsizliyi mənə çatmır. Hər yoldan ötəndən ər olmaz. Bizim qadınlar düşünür ki, mütləq başlarında bir kişi olmalıdır. Təklikdən qorxurlar. Qadınlarımızı da qınamıram. Biz belə böyüdülmüşük. Qızsan, sakit dur, qızsan ora getmə, buna baxma və s. Qızlar ata evində qapalı böyüdülür, gözünü açmamış ərə verilir. Özünü də, ərini də bədbəxt edir. Çünki onun həyat təcrübəsi, dünyagörüşü və savadı yoxdur. Ailələr övladlarına bunu yaşatmamalıdır.
Hər məşhur savadlı, ağıllı deyil. Bəziləri “tupoy”luğundan məşhur olub. Sosial şəbəkələr yoldan keçəni də məşhur edir. Məşhur olmaq üçün istedad, ağıl lazım deyil. Qadınlarımız da düşünür ki, yanımda kişi olsa, gecə evə 3-də də gəlsəm, mənim adıma söz çıxmaz. Subay, tək qadın o saatda gələrsə, haqqında danışılmayan dedi-qodu qalmaz.
– Sizi nə tükəndirə bilər?
– Qeyri-səmimilik məni yorur. Əvvəldən bir qaydam olub, bütün dünya mənə qarşı çıxsa da, səmimi olacağam, düzünü danışacağam. İnsanlar mənim səmimiyyətimin qarşılığını verməyəndə, üzülürəm. Heç vaxt iş, dostluq və maddiyyata görə kiməsə yalançı münasibət göstərmirəm.
– Mələyin kompleksi var?
– Burnumu əməliyyat etdirmək istəyirəm. Hamı deyir, yaraşır. Amma bəyənmirəm. Əməliyyata da tərəddüd edirəm. Çünki bəzilərinin əməliyyatı uğursuz olub. Yaxşı həkim tapsam, burnumu əməliyyat etdirəcəyəm. Başqa kompleksim yoxdur.
– Mələk üçün əxlaq nədir?
– Əxlaq nisbi anlayışdır. Əsas insan olmaqdır. Son zamanlar yalnız geyimi əxlaq göstəricisi hesab edirlər. Amma geyimlə əxlaq ölçmək düzgün deyil. Afrikada xanımlar çılpaq gəzir, boyunlarına zəncir bağlayırlar. Indi onlar əxlaqsızdır? Yox. Əxlaqı geyimlə ölçməzlər. Mənim üçün həyatda yaxşı, pis insan var. Pislik etmək əxlaqsızlıqdır. Yaxşı kişi həyat yoldaşına əl qaldırmamalıdır. Yaxşı qadın evli ola-ola ərinə xəyanət etməməlidir. Əxlaq budur. Mənim normal qarşıladığım bir şey ucqar kənddə yaşayan üçün əxlaqsızlıq ola bilər. Yəni insanların dəyərləri fərqlidir.
– Haqsızlığa çox məruz qalmısınız?
– Doğulandan haqsızlığa uğrayıram. Əsas onlarla doğru mübarizə apara bilməkdir.
– Keçmişdən nəyi qaytarmaq istərdiniz?
– Mən televiziyaya gəldim, uğurlar əldə etdim. Sonra dözmədim bəzi yaşananlara. Hər şeyi atıb, şirkətdə işləməyə getdim. Təəssüf edirəm ki, televiziyanı atdım. Gərək atmazdım. Heyfslənirəm.
– İstədiyiniz populyarlığı əldə etməyə sizə nə mane olur??
– Hamı elə bilir ki, mən məşhurluq dalınca qaçıram, amma elə deyil. Mən öz yolumda irəliləyirəm. Diqqət çəkməyi isə sevirəm, bu qadınların xislətində var. Evdar qadın belə getdiyi məclisdə diqqət çəkmək istəyir. Heç vaxt pulla müsahibə verməmişəm, pulla tərif yazdırmamışam. Efirlər dəvət edib ki, gəl, reytinq verirsən. Qalmaqaldan qaçdığım üçün çox verilişə çıxmıram. Məşhurluq dalınca qaçsaydım, indi arxada sonsuz qalmaqalım vardı. Mənim cəmiyyətə, qadınlara deməyə sözüm var. İstəyirəm onlar haqlarını, hüquqlarını bilsinlər.