(Heyvanlar haqda 2-ci yazı)
Öncə bu temaya çoxdan baş vurmaq istədiyimi bildirməliyəm. Bunun üçün ilk növbədə köhnə dostum, riyaziyyatçı alim və gözəl publisist İsmixan Yusubova minnətdaram. İsmixan müəllim 1990-cı ildə Qarabağ münaqişəsinin tarixi haqda yazdığı “Latış dostuma məktub” kitabı ilə xalq hərəkatında məşhurlaşmışdı. BDU-da, Türkiyənin iki universitetində riyaziyyatdan dərs deyib. Bir neçə il qabaq İsmixan müəllim “Anlatmanın əzabı, sevinci və kədəri” adlı kitabını mənə bağışlamışdı. Orada riyaziyyatla yanaşı həyatın müxtəlif mənzərələrindən də maraqlı yazılar vardı. Bir yazı qarışqalar haqda idi. İsmixan müəllim Sakaryada universitetin binasına gedən yolun üstündə bir qarışqa yuvası tapıb onların həyatını xeyli müşahidə eləmişdi. Kitabda təbiət haqda başqa yazılar da vardı. Mən də düşünmüşdüm, kaş bizdə belə yazılar çox olardı.
Gələk indi bizim tısbağanın yanına. Onun da bizim ailənin bir üzvünə çevrilməsində (ötən yazımdakı dağsiçanı kimi) oğlum rol oynadı. Heyvanat dükanından alıb gətirdik, bu, ovuca yerləşən balaca bir quru tısbağası idi. Burada heyvansevərlərə bir arayış verim ki, quru tısbağası şəhərdə, evdə saxlamaq üçün ən ideal canlıdır, çünki xüsusi xərc, baxım tələb eləmir, ən əsası isə ondan tipik heyvan qoxusu gəlmir – hamımız darısqal mənzillərdə qalırıq, onun bir köşəsindən zoopark və sirkə məxsus tipik iyin gəlməsinə çox adam dözmür. Oğlum buna dərhal “Qapaqlı” adı verdi, bir ailə “Dədə Qorqud”u olaraq çox da özünü əziyyətə salmadığını yazmalıyam – tısbağa üçün bundan orijinal ad? Təbii ki, bunun yemək-içməyi ilə məşğulluğu da uzağı bir həftə çəkdi, indi tısbağa bəyə də mən baxıram. Etiraf edim, tısbağa quzu balası kimi boğazını uzadıb əlimdən kələm, xiyar qırıqlarını alanda, çox xoşuma gəlir (bu məqamlarda Haqverdiyevin əsərləri əsasında çəkilən “Papaq” filmindəki Lal Hüseynə bənzədiyimi fikirləşib, gülümsəyirəm).
Ancaq tısbağa evdə çox qalmadı, çünki daim işıqdan, səsdən narahat şəkildə var-gəl edirdi. Həyətə buraxdım. Hər gün onu darvazanın ağzından təpəsi üstdə çevrilmiş tapırdım. Qaçmaq, azadlıq istəyirdi. Yeri gəlmişkən, indi telefonlar üçün bir maraqlı app var, iNaturalist adlanır. Bunu telefonunuza yükləyin, rast gəldiyiniz və adını bilmədiyiniz heyvanların, bitkilərin şəklini çəkin, proqram sizə onu tanıtsın. Həmin proqramla tısbağamızın cins olaraq “Avropa quru tısbağaları”na aid olduğunu öyrənəndə sevinmişdim. Nə də olmasa bir avropalı canlımız var, bəlkə də bu tısbağa bizim Avropaya yolumuzda mənə yoldaşlıq etmək üçün taleyin göndərişi idi. Avropanın yaxşısını götürüb, pisini zad eləməliyik…
Sonra qış gəldi, tısbağa öldü. Zarafat edirəm, ancaq haradasa ölümə bənzər bir hadisə olmuşdu – tısbağa qış yuxusuna getmişdi. Doğrusu, o çağacan tısbağaların da qış yuxusuna getdiyini bilmirdim. Sən demə, soyuqqanlı heyvan olduğu üçün tısbağanın bədən temperaturu ətrafdan fərqlənmir. Hava 30 dərəcədirsə, o da 30 olur, 0 dərəcədirsə, onun da bədəni 0 olur və sairə. Tısbağamız bütün qışı onu gizlətdiyim ot-əncərin altında keçirtdi, yazda hava qızanda bir də baxdım ortalıqda dolaşır.
Heyrətamiz mexanizmdir. Biz insanlar da özümüzü təkamül zəncirinin zirvəsi sayırıq. Təsəvvür elə, Azərbaycanda yaşayış pisləşəndə harasa çəkilib yuxuya gedirsən, bir də demokratik ölkə qurulanda oyanırsan… Görəsən, tısbağanın içindəki o temperatur mexanizmi, Günəş saatı necə qurulub ki, bu heyvan yaz gələndə oyanır? Əsl möcüzə budur. Tısbağamızın belində ərəb əlifbası ilə yazılar oxudum… Zarafatdır bu da, qorxmayın. Bəlkə elə bu daim təkrarlanan “ölüb-dirilmə”ni gördükləri üçün qədim çinlilər, yaponlar, bir çox şərq xalqları tısbağanı qutsal, müqəddəs heyvan sayıblar. Reinkarnasiya üçün bundan yaxşı model, örnək olarmı?
Üstəlik, ev-eşik dərdi çəkmirsən, ipoteka, kirayə haqqı, xozeyin-zad düşünmürsən. Evin də özünsən, nəyin varsa özündədir. Bu fani dünyada harasa tələsməyin mənasızlığını anlayırsan. Tısbağa canlı olaraq həddən artıq mükəmməldir. Mənim ona paxıllığım tutur. Klaustrofobiyam olsa da, növbəti həyatımda tısbağaya çevrilmək istərdim.