O şeyləri ki, Amerikada, Avropada 70-80 il öncə ediblər, biz onun daha qaba variantını hələ indi-indi edirik.
Bu, dövlət, müəssisə, şirkət idarə etməkdən tutmuş iaşə, xidmət, ticarət sektorundakı fəaliyyətə qədər hər sahəni əhatə edir.
Məsələn, rus yazıçıları İlf və Petrovun 83 il öncə yazdıqları “Birmərtəbəli Amerika” adlı əsərində amerikalıların öz istehsal etdikləri məhsulları insanın ayağı dəyən, gözü görən hər yerdə reklam etdikləri barədə səhifə-səhifə yazılıb.
Belə aydın olur ki, amerikalılar məhsullarını satmaq üçün adamların evinə qədər gedir, istədi, istəmədi, ona nəsə bir əşya satmağa çalışır, banklar insanlara cürbəcür, kreditlər, ssudalar verirlər. Hər kəs tədarük etdiyi bahalı əşyalar üçün banklara borcludur. Hər kəs işini itirməkdən qorxur. Ona görə ki, işini itirən insan banklara borcunu verə bilməyəcək, nəticədə evini və ya maşınını da itirməli olacaq.
Bunlar 83 il öncənin ABŞ-ından baş verib. Bənzər durum indi bizdə də yaranıb.
Bankların vətəndaşları hər vasitə ilə özlərindən borclu etmələri ənənəsi bizdə 5-6 ildir başlayıb və ölkədə ard-arda baş verən iki devalvasiya bu istiqamətdə camaatın qolunu soyutsa da, banklara bir xeyli əngəl yaratsa da, hələ də “vəhşi kapitalizm”in bu etibarlı soyğun fəndi yüksələn xətt üzrə davam edir.
Bu gün yüz minlərlə ailənin banklara borcu var və hər gün nə qədər adam “əlverişli kredit almaq” üçün banklara müraciət edir.
Kapitalizm dünyasının qayda-qanunları hər kəsi yaşayış uğrunda mübarizə marafonuna qoşub, illərdir ki, qaçaqaçdır. Təngnəfəs olanlar, yorulub yarıyolda qalanlar da öz yerində.
Məhz bu üzdəndir ki, son illərdə müxtəlif əşya satanlar ev-ev, qapı-qapı düşüblər, əllərində olan məhsulları səhər, günorta, axşam, gecə demədən istehlakçıya satmağa çalışırlar.
Əslində “satmaq” sözü xəfif sinonimdir, söhbət sırımaqdan gedir. Həm də zorla, adamı üzə salaraq.
Bir balaca mərhəmətli olan, üzü, ürəyi yumşaq adam səyyari ticarətçilərin qarşısında dayana bilməz. Onlar “beş dəqiqə vaxtınızı alacağıq” deyib evə girir, ən azı yarım saat, çox vaxt isə bir saat boyunca kəsib-kirimədən danışır, onsuz da maya dəyərindən iki-üç qat baha təklif etdikləri məhsulu (məsələn, su filtrini) ev yiyəsinə sırımaq istəyirlər.
Bir ailənin il ərzində bir dəfə eyni səbəblə narahat edilməsi, əlbəttə ki, problem deyil. Almaq istəməsən, bir stəkan çay verib yola salarsan. Ancaq bunun az qala hər gün baş verməsi bezdiricidir.
Üstəlik, adam bu işə cəlb edilənlərə baxır, ortada bir tovlama cəhdinin olduğunu görür. Məsələ burasındadır ki, bu işə olduqca yaraşıqlı, gözəl, şirin dilli gəncləri cəlb edirlər. Məqsəd bu gənclərin cazibədarlığından istifadə edərək pul qazanmaqdır.
Əslində, bu təkcə iqtisadiyyat, ticarət məsələsi deyil, həm də sosial məsələdir. Bu gənclər işsizdir, maddi vəsaitə ehtiyacları var və onlar gecələr qapılara düşmək kimi psixoloji baxımdan işgəncə demək olan bu işlərə qatlaşırlar. Onların döydükləri qapıları açanların hamısı heç də ziyalı, mədəni, ciddi adamlar deyil. Bu gənclərin qarşısına hər cür adamlar çıxır.
Ancaq belə iş üsulu onları o qədər sırtıqlaşdırıb ki, artıq heç nədən çəkinmir və utanmırlar, məqsədlərinə çatmaq yolunda sonsuza qədər israrçı ola bilirlər.
Yeganə təsəlli odur ki, bu gənclər heç olmasa daha pis peşələrə əl atmaqla pul qazanmaq fikrinə düşmürlər.
Güman ki, bu bir yerə qədər davam edəcək. Kimlərsə bir müddət gəncləri qapı-qapı salıb camaatı aldatmaqla pul qazanacaqlar. Ancaq bu işin sonu yoxdur. Artıq insanlar bu sayaq ticarət üsulundan cana-boğaza yığılıblar və güman ki, bu, ilk illərdə olduğu qədər effekt vermir.
Könül istər ki, ölkədə ciddi və çoxsaylı istehsal müəssisələri açılsın, gənclər iş tapmaqda çətinlik çəkməsinlər və qapı-qapı düşməsinlər.
Bu ölkənin ən böyük problemlərindən biri də budur. Bəzən hamımız “qədim peşə” yolçularının artmasından danışırıq. Ona da münbit şəraiti yaradan məhz gənclər arasındakı işsizlikdir.
Statistika Komitəsinin bəzi rayonlarda cəmi bir işsiz olduğunu iddia etməsi isə gülünc söhbətdir. Bəlkə də bu, ailə başına düşən işsizlərin statistikasıdır.