“Bu ölkəyə şübhə və inamsızlıq o qədər yaddır ki, quiqnqnmlar belə hallarda özlərini necə aparmağı bilmirlər. Yadımdadır ki, mən ev sahibilə insanların özləri, əxlaq və adətləri haqda söhbət edərkən, yalan və aldatmaqdan danışanda o, çox ağıllı olmasına baxmayaraq mənim nə demək istədiyimi çox çətinliklə başa düşürdü”
(Svift, “Qulliverin səyahəti”)
Sovet vaxtı televiziyada “Təbiəti sevənlər” adlı verilişin aparıcısı, xeyli insanımıza təbiət, canlı aləm sevgisi aşılayan Qara Mustafayev dünən öldü. Açığı, mən onun sağ olduğunu heç bilmirdim, çünki Qara bəy bizim üçün sovetlərlə birgə unudulmuşdu. Əslində onun verilişi də xüsusi bir maraq doğuran veriliş deyildi, sadəcə totalitar sistemdə yaltaqlıq, yalan, propaqanda olmayan istənilən söhbət insana maraqlı gəlirdi. Yetərli idi pambıq planından, hər inəkdən min ton sağan Fatma xaladan, dahi rəhbər Brejnevin atalıq qayğısından qırıldatmayasan. O səbəbdən Ayaz Salayevin “Retro” kino verilişi, adını unutduğum aparıcının (Faiq idi deyəsən) şahmat verilişi, hətta radioda gedən folklora aid “Bulaq” verilişi insanların diqqətini çəkirdi.
Ancaq hər halda Qara Mustafayev biz homo sovetikus-ların yadında qalmışdır. Heyvanlara, təbiətə sevgi duyğusu yaratmaq, aşılamaq isə vacib məsələdir. Misal üçün, bizim uşaqlığımız rus yazıçısı Prişvin-in, kanadalı Seton-Tompson-un heyvanlar, ümumən təbiət haqda hekayətlərini oxuyaraq, sevərək keçmişdir. Mən özüm kənddə böyümüşəm, o üzdən heyvanları sevməyimə və ya sevməməyimə xüsusi bir səbəb olmamışdır. Kəndli təbiətlə iç-içə yaşayır, ona özünün bir parçası kimi baxır və ayrılıq, yadlıq duymur. Bu baxımdan, yayda 9 yaşlı oğlum “xomyak” adlanan siçan almağımı istəyəndə gülməyim tutmuşdu. Biz kəndlilər siçanları öldürürdük, çünki onlar gəmirici ziyanvericilərdən sayılırdılar. Oğluma da elə bu cür demişdim: “Mən siçan saxlayan yox, siçan öldürən olmuşam”. Nəsə, uzun müddətli müqavimətdən (bu prosesə xanım əfəndi də “bu evdə ya siçan yaşayacaq, ya da mən” deyə kəskin şəkildə qoşularaq veto qoymuşdu) sonra heyvan dükanından oğluma bu siçandan alası olduq. Dərhal onu “Şerif” adıyla “sənədləşdirdi”, doğrudan da bu balaca siçan əsl polis rəisi kimi bizim evdən didərgin düşməyimizə səbəb oldu. Bilmirəm onun gəlişi şərəfinə idi, ya nədən idi, Şerifin qoxusunu duyub lap o Tıq-Tıq xanım əsərindəki kimi “toy var, yemək var, hamımız gedək” deyərək ətraf ərazidəki bütün siçanlar bizim evə gəlməyə başladılar. Bir ayın içində 4 siçan öldürdüm. Müxtəlif yapışqanlar, zəhərli dərmanlar sayəsində siçanların hücumuna mətinliklə sinə gərdik və deyəsən onlar artıq bizdən əl çəkdilər. Şerif isə öz qəfəsində karuselini məmnuniyyətlə fırlatmaqdadır, sanki bütün bu qətliamın ona heç bir dəxli olmamışdır. Xomyaklar üçün belə xüsusi karusellər olur. Onlar bunu fırladırlar və elə zənn edirlər harasa gedirlər. Çünki təbiətdə bu canlılar bir gecədə yemək dalıyca 10-20 kilometr gəzirmişlər. Təbii siçan qoxusu olmasa, əslində çox şirin, sevimli heyvanlardır xomyaklar. Xüsusən arxa ayaqları üstdə qalxıb adamın əlindən tum alıb yeyəndə, əllərini, ağızlarını hər yeməkdən sonra ciddi-cəhdlə sürtüb təmizləyəndə gülməli görünürlər. Elə sifətlərində də sanki həmişə gülümsəyən mimika var.
Siçanlarla savaşımın qızğın çağlarında (yeri gəlmişkən, hər dəfə hansısa canlını öldürəndə insanda vəhşi üstünlük hissinin, qədim bir yaramaz instinktin baş qaldırdığını o anlarda yaxşı dərk etdim; ancaq bu dərin söhbətdir, başqa vaxta qalsın, inşallah) internetdə bir maraqlı, eyni zamanda tükümü ürpədən üsula rast gəldim. Orada yazmışdılar ki, siçanların gəzdiyi yerlərə alebastr tozu qatılmış un, çörək məhsulu qoyursan. Bir də qabda su. Siçanlar bunları yeyəndən sonra su içmək istəyir, nəticədə alebastr, gips onların qarnında bərkiyir və siçanlar əzab içində ölürlər.
Matım-qutum qurumuşdu. Bu cür qətl üsulunu ancaq insan adlı canlı düşünə bilərdi. O insan ki, ölüm düşərgələrində qətlin kütləviliyini, sürətliliyini artırmaq üçün qaz kameraları düşünmüşdü. Maşının karbüratorundan dəm qazını birbaşa arxadakı insan dolu salona verib onları elə yoldaca məhv eləməyin üsulunu tapmışdı. Əlbəttə, hansı ölüm, hansı qətl üsulu daha mütərəqqidir, bu cür sinik temalarda mübahisə açmaq fikrindən uzağam. Belə baxanda qətl həmişə qətldir. Sadəcə, o gips üsulunu görəndə bir daha düşünmüşdüm ki, insan həzz almaq xətrinə öldürən yeganə canlıdır.
İkinci yazı tısbağamız haqda olacaqdır. Bizimlə qalın, uzağa getməyin.