“Goburnat istəsə nəçənniyi qazamata sala bilərmi?”
(Üzeyir bəy)
Rusiyanın Sankt Peterburq şəhərinin Poltavçenko soyadlı qubernatoru var idi, bugünlərdə Putin müəllim onu vəzifəsindən çıxartmışdır. Yerinə Beqlov soyadlı bir nəfəri qoyubdur. Oxucular soruşa bilər bunun bizə nə dəxli? Biz bu saat Bakı lift təmiri idarəsinin Almaniyaya qaçmış müdiri Qüdrət müəllimi axtarmaqla məşğuluq. Ancaq elə deyil. Peterburqdakı son “islahatın” bizə dəxli vardır. Məsələ ondadır ki, həm keçmiş qubernator Poltavçenko, həm indiki qubernator (keçmişdə bizdə buna “goburnat” deyirdilər) Beqlov… bizim həmyerlimiz sayılırlar. İkisi də vaxtilə Bakıda doğulubdur. Biri 1953-cü ildə, o biri 1956-cı ildə. Hətta bu dəqiqə bəzi urus xəbər saytları yarızarafat-yarıciddi yazırlar ki, o boyda Peterburqda (5 milyondan çox bəni-adəm yaşayır, hardasa Quzey Azərbaycanın yarısından artıq) goburnat qoymağa bir peterburqlu tapılmadımı.
Ancaq bunu yazanlar doğma Azərbaycanımızın regionda lider dövlət olmasını, həmçinin Bakının dünyaya Günəş kimi doğmasını nəzərə almırlar. Bakı elə-belə şəhər deyil ki. Biz nəinki Peterburqu iki goburnat, lap istəsək Rusiyanı prezidentlə də təmin edə bilərik. O dərəcədə çoxlu kadrlarımız vardır. Elə son yerdəyişmələrdə nazirlərin, icra başçılarının öz pulyığanlarını, katibələrini, müşavirlərini, dəllək və sürücülərini, aşbaz və təkərqaraldanlarını özləriylə daşıması bunun bariz nümunəsidir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, bizim Bakının “goburnatı” da uzun illər haradasa Peterburqun yetirməsi sayılan adam olmuşdur. Hacıbala müəllim uzaq 70-ci illərdə məhz Leninqrad şəhərində (Peterburqun sovet vaxtı adı) fizikadan elmi iş-zad yazmışdır. Burada başağrısı olmasın, Hacıbala müəllimin elmi rəhbərini də yada salmağın mənası var. Hacıbala müəllim o illərdə məşhur sovet fiziki Qrossun laboratoriyasında çalışıbdır, Qross isə fizik-eksperimentçi kimi tanınırdı. Yəqin keçmiş başçının vaxtında paytaxtımızda aparılan eksperimentlərin mənasını indi başa düşdünüz. Fizika üçün lazım idi. Biz bunun xeyrini indi görmürük, lakin gələcəkdə görəcəyik. Fizika üzrə srağagün Nobel ödülü alan Artur Eşkin və başqa 2 nəfər müəllim də lap çoxdankı işlərinə görə ödülləndilər. 1985-88-ci illərdə optik lazerlər sahəsində elmi kəşflər etmişlər. Mükafat isə 30 il sonra gəldi. Deməli, Bakı şəhərinin gözəlləşdirilməsi üçün Hacıbala müəllimin mükafatı da hardasa 2040-2050-ci illərə təsadüf edəcəkdir. Yaşayarıq, görərik.
Hərçənd prokurorluq bayaq xatırladığımız lift remontu müdirini elə indi axtarır mükafatlandırsın. Deyirlər, Qüdrət müəllim xəstələnib, Almaniyaya gedibdir. Niyə buradakı kəndçi balnisasında müasir tibbimizdən ləzzət almayıb, dağılan Almaniyaya gedib, anlaşılmır. Halbuki burada elmə, səhiyyəyə, təhsilə doğrudan əla şərait yaradılıb. Misal üçün, bu dəqiqə zooloqlarımız öz müdirləri ilə əlbir olub kənd toyuğu yetişdirir, restoranlara satırlar. Yaxud bütün dünya narahatdır ki, oktyabr ayında internetə nəsə olacaqdır, saytlar çezə bilərmiş. Ancaq bizdə internet dövlət nəzarəti altındadır, ürəyimiz sakitdir, bilirik heç zad olmaz. Hamının interneti xarab olsa da bizimki olmaz.
Sözgəlişi, bugünlərdə kimya üzrə Nobel ödülünü də 3 alimə verdilər, onların kəşfi isə genetika elminə aiddir. Bunlar hansısa fermentləri və antibədəncikləri (antitel ruscadır, antibody ingiliscə, bizim dildə hələ adına ehtiyac yoxdur, o üzdən özümdən quraşdırdım) hüceyrənin elə içindəcə istehsal eləməyin ustasıymış. Təsəvvür elə. Elə bil virus düşüb harasa, bu virusun dərmanını elə bədənin içində qayırırsan. Fantastik bir işdir. Ancaq buna ehtiyac varmı? Bu nobelçilərin ağlı olsa 1 milyon dolları çölə tökməz, gətirib bizim həkimlərə verərdilər. O cərrah vardı ha, sağ ayaq yerinə solu kəsmişdi, bax ona. Gör nə novator metod idi. Onsuz da axırda hamı ölür, indidən yıx yerə, kəs başını. Yox bir, ferment… Allahın işinə qarışırlar, sonra deyirlər niyə sunami gəldi, vulkan oldu, nə bilim, Tramp seçildi…