Загрузка...

“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov azadlığa buraxılıb.

Medianews.az Open.az-a istinadən xəbər verir ki, Məhəbbət Namazov cəzasının qalan hissəsinin şərti cəza ilə əvəzlənməsi üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib.

Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə keçirilən prosesdə M. Namazovun müraciəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

M. Namazovun hüquqlarını Təranə Əliyeva və Gülnarə Xudabaxışova müdafiə edib.

Qeyd edək ki, M. Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. M.Namazov Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə əldə etmə, saxlama), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Lakin M. Namazov ifadəsinə heç bir zaman narkotik maddə istifadə etmədiyini deyib. O, ittihamların heç birini qəbul etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.Namazov kriminal aləmdə “Maxo Sadıqlı” kimi tanınır. O, azərbaycanlı qanuni oğru “Lotu Quli” kimi tanınan Nadir Səlifovun kirvəsidir.