Загрузка...

2 yaşlı uşağı zorlayaraq öldürən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib.

Medianews.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Ramil İsrafilov çəkilməmiş cəzasının azaldılmasını istəyir.

Xatırladaq ki, 2013-cü ilin iyun ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 yaşlı uşağı zorlayaraq qətlə yetirən 1995-ci il təvəllüdlü Masallı rayon sakini Ramil İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ramil İsrafilov Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham edilib.

İttihama görə, 2012-ci il iyulun 16-də Masallı rayonunun Lürən kəndində dəhşətli qətl hadisəsi törədilib. 2 yaş yarımlıq Nuray Ağayeva yaxın qohumu və qonşusu 17 yaşlı Ramil İsrafilov tərəfindən xususi amansızlıqla qətlə yetirilib.

Ramil İsrafilov 2 yaşlı qızla əvvəlcə cinsi əlaqədə olub və daha sonra qızı boğaraq qətlə yetirib. O, qızı qətlə yetirəndən sonra “Viləşçay” su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kanala atıb. Hadisədən iki saat sonra kənd sakinləri azyaşlı qızı “Viləşçay” kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini 1995-ci il təvəllüdlü Ramil İsrafilov tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, Ramil İsrafilov qonşusu Nuray Ağayevanı kəndin kənarına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğub və yaxınlıqdan keçən su kanalına atıb. Dindirmə zamanı Ramil İsrafilov törətdiyi əməlləri tam etiraf edib.