Ölkədə siqaretlə bağlı ajiotaj var. Bunun bir səbəbi odur ki, siqaretin qiyməti qəfildən 20-30 qəpik qaldırılıb.
Ajiotajın başqa bir səbəbi isə taksilərdə siqaret çəkənlərin 40-50 manat məbləğində cərimələnəcəyi ilə bağlıdır. Belə bir qanun düzəldilir, qüvvəyə minən kimi taksilərdən siqaret tüstüsü kəsiləcək.
Tütün məhsullarının qəfildən bahalaşmasına kəskin reaksiya verilməsi başa düşüləndir. Bu ölkədə kişilərin 90-95 faizi (şəxsi müşahidələrimə görə deyirəm, yoxsa əlimdə səhih statistik göstəricilər yoxdur) siqaret çəkir, onlar da büdcələrinə “bir çörəklik ziyan” dəyməsini həzm edə bilmirlər.
Bir dostum sosial şəbəkədəki səhifəsində yazıb ki, bu gündən siqaret almağı tərgidir, daha sonra çəkməyi də tərgidəcək.
Fikir verin, adam siqaret çəkməyi tərgitmir, almağı tərgidir. Bu, o deməkdir ki, o, yavaş-yavaş siqareti tərgidənə qədər dost-tanışlarından “bir gilə” siqaret “güllələyəcək”. Ya da köşklərdən ədədlə (yəni “ştuçnı”) alacaq.
Dostuma yazdım ki, belə etsə, adı nəxənək (nəxunək – başqasının maddi nemətlərindən müftə-müsəlləm yararlanan) çıxacaq. İndi bilmirəm, o, necə edəcək, əvvəlcə siqaret çəkməyi tərgidəcək, yoxsa almağı.
Amma “iki gündür siqaret çəkmirəm” deyə bahalaşmaya etiraz edənlər də var. Əlbəttə, bu dəryada damladır. Bir adamın, yüz adamın siqaretdən istifadəni dayandırması hələ ciddi məsələ deyil. Lakin on min, yüz min, bir milyon adamın siqaretə “yox” deməsi nəinki siqaret ticarəti ilə məşğul olan firmaları müflis edər, hətta tütün sənayesini çökdürə bilər.
O da, bildiyimiz kimi, mümkün olan iş deyil. Mərc gələrəm, siqaretin bir giləsinin qiyməti 100 dollar olsun, yenə də alıb çəkənlər olacaq. Həm də bunu başqalarına göstərə-göstərə, yanıq verə-verə edəcəklər. Yəni, baxın, siz kasıblar siqaret çəkə bilmirsiniz, amma biz varlılar villada yaşayırıq, “Gelandevagen” sürürük, hələ siqaret də çəkirik.
Elə olsa, kasıblar onlara həsədlə baxar, fikirləşərlər ki, villada yaşamaq, “Gelandevagen” sürmək cəhənnəmə olsun, heç olmasa, pul yığıb siqaret alıb çəkək, xoşbəxt olaq.
Zarafat bir yana, təcrübə göstərir ki, siqaretə aludəçiliyin yaranması necə asan başa gəlirsə, ondan əl çəkmək bir o qədər çətindir. O üzdən gərək siqareti bahalaşdıranlar xalqın bu vərdişini nəzərə alsınlar. Bu çörək deyil ki, camaat yeməsin, pəhrizə otursun, siqaretdə dieta söhbəti yoxdur, ya iradəni toplayıb birdəfəlik tərgitməlisən, ya da nikotin, karbon-monoksid sümürməyə davam etməlisən. “Gündə 5-dən artıq çəkmirəm”, “Keçən ilki ilə müqayisədə xeyli azaltmışam”, “içəndən içənə çəkirəm” və sair bu kimi sözlər özünü aldatmaqdır. Əgər siqareti tərgidə bilmirsənsə, demək, türkün sözü, onun tiryakisi olmusan. (Tiryək sözünün mənasını isə, şükür gözəgörüməzə, hamınız bilirsiniz).
Taksidə siqaret çəkilməsinin qadağan edilməsinə gəlincə, bu da mübahisəli məsələdir. Sürücü də, sərnişin də çəkəndirsə, qoy qarşılıqlı razılaşma əsasında tüstülədə-tüstülədə getsinlər. Yox, biri çəkəndirsə, digəri çəkən deyilsə, o halda münaqişə çəkməyənin xeyrinə həll olunmalıdır. Çünki zərərçəkən tərəf odur.
Şəhər içində qısa yol gedən taksilərdə siqaretsizlik sınağına dözmək mümkündürsə (hərçənd özünü “bu saat partlayıb öləcək”miş kimi aparanlar da olur), uzaq yol gedən (məsələn, Bakıdan Gəncəyə, Tovuza, Füzuliyə) taksilərə tətbiq ediləcək siqaret qadağası işgəncə deməkdir. Onda gərək hər yarım saatdan bir sürücü avtomobilini saxlasın və uzaq yol avtobuslarının bələdçiləri kimi desin: “Siqaret molası”.
O da mümkün deyil. Mütləq dörd sərnişindən biri deyəcək ki, mən tələsirəm, saxlama, sür gedək. O biri də deyəcək, onda mən salonda siqaret çəkəcəm, üçüncü deyəcək, hamımız kişi deyilkmi, çəkə-çəkə gedərik. Prinsipcə, bir avtomobildə gedən beş adamdan biri siqaret çəkməyən ola bilər, bax, həmin adam da deyəcək, qanunla ixtiyarınız yoxdur, çəkə bilməzsiniz, cəriməsi var. Beləcə, münaqişə qaçılmazdır. Tərəflər hirsli-hikkəli adamlardısa, əlbəyaxa dava düşə, taksinin hərəkət istiqamətindən (rayon adı çəkməyək) asılı olaraq, hətta bıçaqlaşma da ola bilər.
Göründüyü kimi, elə-belə iş deyil, siqaret məsələsi də həyat məsələsidir.