Deyir, Rusiya prezidenti Bakıya ildə yalan olmasın, iki-üç dəfə gəlməyə başlayıbdır, bu isə respublikamız üçün böyük əhəmiyyət daşıyır. Bunu bir “politoloq” yoldaşın çıxışından eşitdim – təsadüfən. Doğrudan da Putin Azərbaycanı su yoluna döndəribdir, Rusiyanın Qərbdə üzünə qapılar bağlandıqca, embarqolar qoyulduqca, ruslar yaxın ətraflarına daraşmaqdadır. Bundan isə bizə hər hansı xeyir gələcəyini zənn eləmirəm. Özünüz dünyanın siyasi xəritəsini qabağınıza qoyun, diqqətlə baxın. Görün orada Rusiya ilə qonşuluqdan ləzzət alan neçə ölkə tapacaqsınız. Deyəsən, heç bir dənə də belə dövlət yoxdur. Tam bir “düşmən” qurşağıyla çevrələnmiş imperiyadır. Azərbaycandan Gürcüstana, Ukraynadan Baltikyanı dövlətlərə, Finlandiyadan Çinə, Yaponiyadan Qazaxıstana… Ruslar bunların hamısından ya torpaq qoparıblar, ya da indi qoparmağa hazırlaşırlar. Belə “dost” kimə lazımdırsa, bərk qucaqlasın.
Elə son səfərində Putin özü ilə 70-80 Rusiya Federasiyası subyektlərinin (əyalət, quberniya-zad) nümayəndə heyətlərini gətirmişdi, guya Azərbaycanla o subyektlər arasında iqtisadi əlaqələri quran, bərkidən anlaşmalar bağlanırdı. Əlbəttə, biz Rusiya ilə iqtisadi-ticari əlaqələrin önəmini inkar etmirik. Ancaq düşünürəm bu “Bakı-Rusiya subyektləri forumu”nda sətiraltı vurğu ona qoyulmuşdu ki, siz özünüz də elə bizim bir subyektimizsiniz, vaxtilə müstəmləkəmiz olmusunuz və indi çox da uzağa gedə bilməmisiniz. Adam bir az da ona yanır ki, hazırda Rusiya rəhbərliyi heç öz daxili subyektlərinə nəzarət edə bilmir. Son qubernator seçkilərində Putinin partiyası azı 4 böyük regionda biabırçılıqla uduzdu, aşkar saxtakarlıq, ikinci tur da kömək eləmədi. Necə deyərlər, özünə umac ova bilmir, başqasına əriştə kəsir.
O cümlədən səfər zamanı Azərbaycanda rus dilində dərs keçən 300 məktəbin olması xüsusi vurğulandı, Putin bundan razılıq bildirdi. Hesab edirəm bu da bizim müstəqilliyimiz üçün minalardan biridir, ruslar basdırıb gedirlər. Nəyə görə? Çünki yenə xəritəyə baxsaq, yaxın tarixdə Rusiya bir çox dövlətlərin ərazisini işğal edib orada oyuncaq dövlətciklər qayırarkən məhz rusdilli əhali “arqumentindən” yapışıbdır. Deyirlər, filan yerdə yaşayan “ruslar” Rusiyanın yardımını istədi, biz də qoşunu basdıq və sairə. İndi özünüz düşünün, bu 300 rusdilli məktəb bizim dövlət müstəqilliyimizə hansı təhlükələri yaratmaqdadır. Sanki özümüz üçün problemi dövlət büdcəsindən maliyyələşdiririk.
Rusiyanın qayırdığı birliklər də süniliyi, mənasızlığı ilə seçilir. Son həftə MDB-nin Düşənbədə – Tacikistanda sammiti keçirildi, orada imzalanan əsas sənəd karikaturaya bənzəyirdi. Təsəvvür edin: MDB dövlətləri kosmik əməkdaşlığın nə bilim hansısa sferaları haqda müqavilə bağladılar. Yerdə bir-birini qıran dövlətlər göydə əməkdaşlıq edəcəkmiş. Elə sammit günü xəbər gəldi ki, Türkmənistan Tacikistana aparılan hansısa yükləri sərhəddən buraxmır. Gələnilki MDB sammiti isə Türkmənistanda nəzərdə tutulubdur. Necə də şirin-şəkər kampaniyadır. Adamın bir neçə belə dostu olsa, ona düşmən lazım deyildir ki. Allah qorusun, nə deyə bilərik.
Allah qorusun demişkən… İndoneziyada zəlzələ və sunami yenə camaatı qırıbdır, yəqin xəbəriniz var. İndoneziya bizim müsəlman qardaşlarımızın sayca ən çox olduğu dövlətlərdən biridir. 200 milyona yaxın müsəlman yaşayır. Yəni o qəribə bir arqument var ha, deyirlər filan şeyi eləyəndə milyard yarım müsəlmanın xətrinə dəyir, bax o camaatın böyük bir hissəsi İndoneziyadadır. Uzun sözün qısası, mən bu sunaminin videosuna baxdım. Kasıb millət sahilboyu zolaqda qorxu və dəhşət içində nəhəng dalğalarla gələn ölümə baxıb “Allah-Allah” qışqırırdı. Çünki sunami xəbərdarlığı sistemi yarıtmaz işləmişdi. Bu sistemi yaxşı düzəltmək olmazdımı? O cümlədən dəhşət içində “Allah, özün kömək ol” qışqırmaqdansa, dua eləməkdənsə zəlzələyə, sunamiyə davamlı evlər tikmək lazımdır. Misal üçün, “allahsız” yaponlar belə eləyirlər.