“Buraya girən kimsə,
Ümidlərini qoy bayırda qalsın”
(Dante)
Azərbaycanda bəlkə heç coğrafiya müəllimlərindən də soruşsan Fransız Qvianası haradadır, bilməzlər. Nəyimizə gərəkdir? Biz Qviananın yox, qayınanamızın harada olduğunu bilməyə borcluyuq (hesab edirəm bu çox güclü söz oyunu oldu, Mirşahin müəllimin gözündən uzaq). Eyni zamanda bizim güclü dövlətimiz vardır, bizim əvəzimizdən hamının yerini bilir. Misal üçün, srağagün xarici işlər nazirimiz Elmar müəllim Nyu Yorkda BMT iclasının fasiləsində bir həmkarını tapıb növbəti dostluq-qardaşlıq müqaviləsi imzalayırdı. Sizcə kiminlə? Bax, əminəm bunu da çoxunuz ilk dəfə oxuyacaqsınız: San Tome və Prinsipi dövləti ilə. Bu, ekvatora yaxın, Afrikada yerləşən bir cırtdan dövlətdir, əhali bizim Quba camaatı qədər – 168 mindir, ərazi isə Ağsu boydadır – 1000 kvadrat kilometr. İki adanı “zanit” eləyiblər, yanılmıramsa ağacdan təzəcə düşüblər – ölkə prezidenti Yumba Yamba müəllim san tome və prinsipi xalqının ağacdan düşməsinin 50 illiyi münasibətilə təzəcə bayram mərasimləri qayırmışdır. Ölkənin baş talasında millətə filin ağ ətindən kabab verilmişdir. San Tome və Prinsipi ilə dostluğumuz da olduqca prinsipial məsələdir. Elmar müəllim San Tome və Prinsipinin xarici işlər naziri ilə müqaviləni bağlayarkən elə şəstlə oturmuşdu deyərdin Ağsunun icra başçısı ilə yox, Gəncənin təzə müdiri ilə görüşür.
Qayıdaq Fransız Qvianasına, çünki oranın yazımız üçün önəmi böyükdür. Elə bu dövləti də biz tanımasaq belə hökumətimiz yaxşı tanıyır. Biz artıq 3-cü peykimizi burdan uçurtduq. Srağagün, ya da dünən getdi. Deyir bunun uçmasına 160 milyon dollar sərf eləmişik, özünü yaxşı aparsa yaxın 20 ildə 400 milyon dollar gəlir verməlidir.
Əla hadisədir. Zarafat deyil, ermənilərin heç bir dənə də peyki yoxdur, bizim isə 3-ü var. Lap istəsək göydə, Yapiter planetində təzə “Cocuq Mərcanlı” planetlərarası orbital stansiyası qurarıq. Kosmik camaat olmağın ləzzəti ayrı şeydir, bunu çınqıllı-daşlı Qarabağda eşələnən erməni eşşəkləri qanmazlar (Hərçənd işimizi müəyyən qədər ehtiyatlı tutmalı, peykləri gözümüzdən bir an belə uzaq qoymamalıyıq. Oğru millətdirlər, bir də gördün Sarı gəlin kimi peyki də çırpışdırdılar, milli həyatımızın 100-200 ili də həmin peykin yiyəsi olmağımızın sübutuna getdi). Şair məhz bu məqamda deyibdir: “Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya, nədir dəyərin?” Hələ biri də var: “Canə basdım qönçəvəş peykanını, ey tazə gül, Dözmək için hicrinə düzdüm dəmirdən bir könül”. Burada şair peykin dəmirdən düzəldilməsini birbaşa, uzaqgörənliklə, balanslı şəkildə, analoqu olmayan formada təsvir eləmişdir.
Təzəlikcə Bakıya normadan artıq yağış düşəndə “Bakubus”un avtobuslarının içinəcən su dolmuşdu. Camaat əməllicə üzürdü. Görəsən, üç peykimiz ola-ola yağışı niyə öncədən görmədik? Yəqin həmin anlarda peyklərimiz Yerin o biri tərəfində fırlanırmış. Gələcəkdə bunu tənzimləmək yaxşı olardı. Qoy üçündən biri həmişə bizə tərəf baxsın. Nəzarət vacibdir. Sözgəlişi, bu “Bakubus”un avtobuslarına camaatın kartsız minməyi qeyri-mümkündür, deməli, Bakıda hər hansı dəlmədeşiyə getmək istəsən cibində minimum 2 manat 30 qəpik olmalıdır (iki manat kart almağa, 30 qəpik də gediş haqqı). Fikrimcə, bu, insanların konstitusiya hüququnu pozmaq, manatdan başqa yeni tədavül vasitəsi icad eləməkdir. Hüquqi baxımdan bu, düzgün deyildir. Sabah kəndli də iddia edə bilər ki, mənim dağıma qalxmaq üçün qoyun pendiri almaq məcburidir. Sözgəlişi, bu avtobuslara hər yerdə kart almaq da olmur. Bəzi yerlərdə kart almaq üçün, yalan olmasın, elə avtobusda gedəcəyin qədər piyada avaralanırsan. Misal üçün, “20 Yanvar” metrosunun üstündə avtobusa minmək istəyən adam kart almaq üçün metroya düşməli, dolanbac labirintdə fırlanmalıdır. Orada isə gəzmək olduqca təhlükəlidir – taksi şoferləri adamı tutub müxtəlif rayonlara aparırlar. Məni bir dəfə Cəlilabada aparırdılar, Salyanda tualetə getmək adı ilə birtəhər düşüb qaçmışdım.