Kosovonun baş naziri Ramuş Haradinay küçədə zibil yığıb və bütün Avropa mediası bu barədə yazıb. Hətta cənabın zibil topladığı yerdə çəkilmiş şəkilləri ölkəmizdəki saytlarda da, necə deyərlər, işıqlandırılıb.
Nə demək olar? Təqdirəlayiq hərəkətdir. Baş nazir bununla bütün cəmiyyətə həm əməli, həm də sözlü mesaj verib, deyib ki, əsl Avropa ölkəsində yaşamaq istəyirsinizsə, yerə zibil tökməyin, tökdüyünüzü isə yığışdırın.
Zibil məsələsinə sonra qayıdarıq. İndilikdə bu hadisəyə Azərbaycan insanının verəcəyi reaksiyaya baxaq.
“Verəcəyi” deyəndə elə çıxmasın ki, bunun belə olacağını fəhmlə duyub, proqnoz veririk. Elə deyil. Ortada presedentlər var. Bundan qabaq da bənzər hərəkətlər edən vəzifəli şəxslər olub və xalqımız bu olaylara münasibət bildirib.
Məsələn, Hollandiyanın baş naziri Mark Rutte 3-4 ay öncə aeroportda turniketdən keçərkən əlindəki qəhvəni yerə dağıtmış, sonra xadimələrdən döşəməsiləni alıb özü təmizləmişdi.
Bizim ona reaksiyalarımız ciddi şəkildə haçalaşdı. Bir tərəf dedi ki, baş nazirə halaldır, bu addımı ilə göstərdi ki, xalqdan biridir və adi işdə çalışan sadə adamlara hörmət qoyur, təkəbbür nümayiş etdirmir.
Bir başqaları hadisəyə skeptikcəsinə yanaşdılar, dedilər ki, Rutte o qəhvədağıtma olayını özü qəsdən təşkil edib, məqsəd özünü “xalqdan biri” kimi göstərmək, siyasi xal toplamaq olub, populistin biridir, seçicilərin sevimlisi olmaq üçün hər şeyə hazırdır və s. və. i.a.
Belə deyənlər də haqlıydı. Hətta Kanadanın baş nazri Castin Trüdonu misal gətirənlər də oldu, yazdılar ki, o da populistin yekəsidir, bütün günü populist-populist addımlar atır, dərdi-odu xalqdan seçkilərdə çox səs qoparmaqdır.
“Populizm” əleyhdarlarının mülahizəsinin əleyhinə olanlar isə yazdılar ki, xalqın səsi ilə seçilməyin nəyi pisdir, qoy siyasətçilər populistlik eləsinlər, amma seçicilərin səsi ilə seçilsinlər, yoxsa Qvineya-Bisaudakı Yeni Qvineya-Bisau Partiyasının (YQBP) namizədləri kimi dərəzoru üsullarla mandat almasınlar.
Bu fikirdə də məntiq vardı. Amma populizmlə deputat seçilməyin özünün də xalqa kəf gəlmək olduğunu düşünənlər var. Onlar deyirlər ki, ta nə oldu, adamın əlindəki çörəyi ya zorla al, ya da aldadıb al, eyni şey deyilmi.
Ona görə də çoxları insanlara qızıl dağlar vəd edən, iş başına keçəndən sonra isə təbii olaraq öz vədini yerinə yetirməyən siyasətçilərə (tərs kimi, hələ qızıl dağlarını sürüyüb şəhərin ortasına gətirən olmayıb) qarşıdır. Eləcə də, xalqa heç bir vəd vermədən, xalqdan da heç bir səs almadan mandat qazananlardan hamının zəhləsi gedir.
Bu yaxınlarda bir qəsəbədə 25-30 kişi toplaşaraq reportyorumuza məişət xarakterli şikayət etmişdilər. Söz əsnasında reportyorumuz demişdi ki, hər ehtimala qarşı siz dərdinizi deputatınıza da deyin. 30 kişidən yalnız biri deputatın adını xatırlamış, amma soyadını tapıb deyə bilməmişdi.
Buradan o nəticə çıxır ki, həmin deputat populist biri deyilmiş. Populist olsa, camaata müxtəlif vədlər vermiş olardı, camaat da əl-əlbət onu xatırlayar, işləri bərkə düşəndə ofisinin qapısına gedərdilər.
Ancaq belə anlaşılır ki, Ramuş Haradinayın dərdi səs dərdi deyil, təmizlik dərdidir, istəyir ki, balaca ölkəsi Avropada səliqə-sahmanına, təmizliyinə görə ad çıxarsın, ölkəyə çox turist gəlsin. Bundan ötrü o, özü də əlinə süpürgə götürür, hamıya nümunə göstərir.
İndisindən uzaq, bizdə təzə-təzə işə başlayanda Hacıbala müəllim də eləydi, nə vaxt baxırdın, küçələrdədir. Amma sonra gördü ki, yox, o, bir ucdan səliqə-sahman yaradır, pinti adamlar da bir yandan zibilləyb tökür. Ona görə də Hacıbala müəllim təmizlik işindən vaz keçdi, boş sahələrin arzu edənlərin mülkiyyətinə keçirilməsi ilə bağlı sərəncamlar imzalamaq işinə girişdi və dövlət büdcəsinə milyonlar qazandırdı (and içirlər ki, bu proseslərdə o bir qəpiyin yiyəsi olmayıb – Marksın “Kapital”ına əl basıb and içirlər).
Şəhərin zibillənməsinə və yaxud zibillərinin təmizlənməməsinə gəlincə, bu ağır dərddir. Liftdə, blokun ağzında zibil torbası qoyub gedənlərin ölkəsində təmizliyə nail olmaq çox çətindir.