“Tanrı dağına baxıb qarını yağdırar”
(Azərbaycan ata sözü)
90-cı illərdə Azərbaycan futbol yığması Fransaya 10:0 uduzub qayıtmışdı, belə bir anekdot qoşmuşdular ki, guya prezident zəng vurub komandamızın baş məşqçisi Ağasəlim Mircavadova, deyib: “Ağasəlim, niyə Fransadakı oyuna qapıçı da aparmamısınız?” Keçən həftə xəbər lentində yenə, sadəcə, bu dəfə gənclərdən toplanmış hansısa milli futbol komandamızın hansısa ölkədən olan yaşıdlarına (yadımda qalanı, deyəsən, Ukrayna idi; əslində böyük fərqi yoxdur) 7:0 uduzması xəbərini görəndə həmin lətifəni xatırladım. 20 ildən çox vaxt keçib, 17 yaşlılar komandamız 7:0 uduzursa, bizdə idmanın ən populyar növü sayılan futbola dövlət qayğısı, ümumiyyətlə, idmanın inkişafı haqda rəvayətlərimizin mənası qalırmı? Bu uşaqlar axı elə həmin vaxt kəsiyinin “yetişdirmələridir”.
O cümlədən milyonlarla manat şəhər təsərrüfatına xərclənir, ancaq yenə yağış yağır və su hər yeri basır. Yaxşı da bəhanəmiz var: “Normadan artıq yağmışdı, nə edə bilərik”. Əlbəttə. Bizdə nə olursa normadan artıq olur. Analoqu, norması, ölçüsü, qaydası olmayan formada baş verir hər şey. Orta hədd, orta sinif, orta şər, orta şəbədə… Yoxdur. İndi fikirləşirəm, ümumiyyətlə, ölkəmizdə orta adına yalnız məktəblər ağlıma gəlir, hərçənd onların da ortaya heç bir dəxli yoxdur. Uzağı “ortalıqda qalmış məktəblər” saymaq mümkündür.
19 sentyabrda Ağır Cinayətlər Məhkəməsində isə görünməmiş hadisə olmuşdu: hakim qətldə təqsirləndirilən şəxsə bəraət hökmü çıxarmış, elə zaldaca azadlığa buraxmışdı. Məhkum necə sevinmişdisə huşunu itirmişdi. Niyə də itirməsin? Bizdə bəyəm bəraət hökmü tez-tez verilir? Hətta mən indi nə qədər fikirləşirəm bir başqa iş yadıma gəlmir. Hakimlər adətən ağır cəzalar veriblər. Prokurorun, dövlət ittihamçısının istədiyindən də artıq azadlıqdan məhrum ediblər. Bəraət isə olduqca nadirdir. Hakimlər tez-tez bəraət versə, cəzalar yüngülləşsə nə olar? Təbii, cəmiyyət sıradan çıxar, sabitlik pozular, qeyrət əldən gedər, Qarabağı təzədən itirərik, Cocuq Mərcanlı Universitetinə giriş balı aşağı düşər və sairə. Normadan artıq azadlıq bizə yaraşmır. Avropanın yaxşısını götürüb pisini atmalıyıq. Vətən mənə oğul desə, nə dərdim!
Söz məhkəmədən düşmüşkən, bu sferada normaların yaranması təhlükəsi yoxdur, ürəyinizi buz kimi saxlayın. O bəraət verən hakimin də yəqin normadan artıq kefi varmış, eyib etməz, tezliklə Məhkəmə-Hüquq Şurası onun qulağını dartar. Örnək üçün, elə o bəraət xəbəri ilə eyni günlərdə Xəzər Rayon Məhkəməsindən sevindirici xəbər aldıq (bu lap “xəzər-xəbər” alındı ki). Deyir rayon sakini məhkəməyə çağırılıb, ancaq bu yoldaş 4 il qabaq ölübdür. Halaldır. Deməli, istəsən də özbaşına ölə bilməzsən, məhkəmə qərar verəcək ki, canın çıxsın dur gəl ifadə ver. Ölünün zorla məhkəməyə gətirilməsi qərarı olsa lap fısqırıq. Təsəvvür elə, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarını İcra Baş İdarəsi (ƏNMQİBİ – bu idarə qatardan dustaq qaçırtmaq, “vorzakon”lara manıs təchizatı, dustaqların fotosessiyası kimi müqəddəs işlərlə də məşğul olur; dustağın bəzədilməsi, qaçan olsa forma təchizi və sairə pulsuzdur, komplektə daxildir) qəbiristanlığa konvoy maşını yollayır, kamali-ədəblə məzarı eşib ölünü çıxardırlar, gətirirlər məhkəmə binasına. Burada ölü prokuror və hakimin çarpaz dindirməsinə məruz qalır, özünü yaxşı aparmasa dirilib təzədən Azərbaycanda yaşamaq cəzasına məhkum edilir. Ölünü özbaşına qoysan, normadan artıq işlər görər, bəs necə!
Hərdən Amerikada-zadda belə söhbətlər açılır, deyirlər filankəs filan qədər – 20 il, 30 il – türmədə yatandan sonra günahsızlığı isbata yetirilib, hökumət onu azadlığa buraxıbdır. (Həmişə o anda “Şouşenkdən qaçış” filmindəki yazıq qoca obrazı yadıma düşür. Onu neçə onilliksə həbsdən sonra azad edirlər, ancaq azadlığa öyrəşə bilmir, intihar edir). Bizim burada yaşamağımız da nəsə elə bir hadisədir. Sadəcə, bizdə “srok” limitsizdir. Azərbaycanda doğulub yaşayırsan, öləndə günahsızlığın üzə çıxır.
Biz məsumuq, möhtərəm hakim.