Загрузка...

Adnan Oktar cinayət şəbəkəsinin “Bacılar” qrupunun ən önəmli üzvlərindən biri olan Ayça Pars təşkilatda baş verən dəhşətli faktları açıqlayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ayça Pars Adnan Oktar cinayət şəbəkəsində televiziya və internet nəşrlərinə nəzarət edib, sosial media üzərindən təbliğat aparıb.

İfadə verən Ayça Pars bildirib ki, Adnan Oktar 30 nəfərlik qrupda kimi gözünə kəsdirsə, onu döyərdi:

“O, qızların ona aşiq gözü ilə baxmasını istəyirdi. Kiminsə baxışlarından bunu hiss etməsə, yayıma 5 dəqiqə ara verib o qıza işgəncə edirdi. Yerdə sürüyür, başını keçəl qırxdırırdı. Bir qadını aşağılayacaq hər şeyi edirdi”.

Ayça Parsın sözlərinə görə, din sadəcə televiziyada görünən kiçik bir şou idi, din görüntüsü altında bir çox əxlaqsızlıqlar edilirdi:

“Təşkilatda sadəcə göstəriş üçün bir dini quruluş var idi. Əslində olanlar isə çox  fərqli idi. Dini görüntünün altında ağlınıza gəlməyəcək azğın, vəhşi hərəkətlər dayanırdı. Hücrə sistemi vardı. Birinin etdiyini digərləri bilməzdi. Başda hər zaman Adnan Oktar vardı”.

Ayça Pars onu da bildirib ki, yayım zamanı studiyaya 15-16 yaşlı qızlar da gəlirdi, amma onları efirdə göstərmirdilər:

“Adnan Oktar 15-16 yaşlı qızlara qarşı çirkin əməllər edirdi. Qızı yanına çağırıb, barmağı ilə nəbzinə baxardı. Qızın qorxudan nəbzi yüksəldiyi vaxt “Bax, məni necə sevir. Toxunanda nəbzi yüksəldi” deyərdi. Ağlamaqdan gözləri şişən qızlara “Mənə eşqlə baxır. Baxanda gözləri dolur” deyirdi. Adnan Oktar şəhvət və lüks düşkünü, ciddi psixoloji problemləri olan biridir”.

Pars qeyd edib ki, Adnan Oktar hətta ona sadiq olanları da satırdı:

“O qədər etibarsız insan idi ki, hər kəsi öz mənafeyinə görə sata bilərdi. Təşkilatdakı bütün qadınları özünə kəniz etmişdi”.