İtaliyanın “Paghera” şirkətinin azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı iddia qaldırması ilə bağlı yeni maraqlı faktlar üzə çıxıb.
Oxu.Az bununla bağlı “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti və bu şirkətin Azərbaycandakı vəkili Kamandar Nəsibovla əlaqə saxlayıb.
Vəkil deyib ki, 2017-ci ilin noyabrından başlayaraq, “Baku Caspian Real Estate Limited” şirkəti müştəri qismində “Paghera” şirkətinə iddia məktubu göndərib.
“Onlar Fərhad Əhmədovun Bilgəhdə yerləşən igamətgahında yaşıllaşdırma işləri dövründə yaranan nöqsanların aradan qaldırılmasını tələb ediblər. “Paghera” əməkdaşları göstərilən nöqsanların aradan qaldırılması üçün iqamətgaha gəliblər. Ancaq hər dəfə onların işləməsinə icazə verilməyib.
Bu absurddur. Onlar deyirlər ki, nöqsanları aradan qaldırmaq lazımdır, ancaq özləri işləri görməyə qoymurlar”, – o deyib.
Müsahibimizin sözlərinə görə, “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Albertinin nöqsanları aradan qaldırmaq üçün iqamətgaha gəldiyini sübut edən videogörüntülər var. Mühafizəçilər radioəlaqə vasitəsilə bunu məruzə edəndə belə cavab alırlar: “Rədd elə onları oradan!”
“Beləliklə, nöqsanların aradan qaldırılmasında ləngimələr onların öz günahı səbəbindən yaranıb. Bundan başqa, bizə qarşı iddia irəli sürüblər ki, təmir işlər zamanı istifadə edilən metal konstruksiyalar Bakının Babək prospektindəki sexdə hazırlanıb.
Bu, yalandır. Şirkətin əlində həmin konstruksiyaların İtaliyadan gətirilməsi və gömrük sənədləri ilə bağlı kifayət qədər sübut var”, – vəkil bildirib.