Загрузка...

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Junior Eurovision 2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Oxu.Az mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva iştirak edib.

Məlum olub ki, müsabiqədə Azərbaycanı Fidan Hüseynova təmsil edəcək. Hüseynova VI sinif şagirdidir. O, 2017-ci “Testene Art Baku” festivalında təmsil edərək birincilik qazanıb.

2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlılarının “Qırmızı kitabı”na salınıb və Prezident təqaüdünə layiq görülüb.

Leyla Quliyeva konfrans zamanı çıxış edərək müsabiqənin vaxtı və məkanı barədə məlumat verib:

“Müsabiqə 25 noyabr tarixində Minsk şəhərində keçiriləcək. Mahnı hələlik hazır deyil. Fidan isə İTV tərəfindən müsabiqədə iştirak etmək üçün təsdiqlənib. O, çox istedadlıdır. Vokal, xoreoqrafiya, basketbol və şahmatla məşğul olur. Müsabiqədə bizi uğurla təmsil edəcəyinə inanırıq”.

Quliyeva bildirib ki, belə yarışmalar uşaqların daha da həvəslənməsinə təkan verir:

“Belə yarışmalar uşaqların həvəslənməsinə, dünya arenalarına çıxmasına kömək edir”.

Fidan Hüseynova isə Azərbaycanı uğurla təmsil edəcəyini vurğulayıb:

“Mən bu müsabiqəyə hazıram. Azərbaycanı uğurla təmsil etmək və qalib gəlmək istəyirəm”.

Qeyd edək ki, Fidan həm də fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvətilə səhnəyə çıxaraq, onunla “Je suis malade” adlı mahnını, İstanbul konsertində isə “Ja Taime” mahnısını duet şəklində ifa edib.