Загрузка...

“Moskva və Ankara Suriya böhranının aradan qaldırılmasında ümumi mövqeyə gəlməyi bacardılar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın ötən gün Soçidə baş tutan görüşünün nəticələrini şərh edən rusiyalı politoloq Artur Süleymanov deyib.

“ABŞ Türkiyə-Rusiya əməkdaşlığını poza bilməyəcək” – Ekspert

Artur Süleymanovun fikrincə, hazırda Türkiyə və Rusiya prezidentləri arasında yaranmış yüksək səviyyəli münasibətlər iki ölkənin əlaqələrində mühüm rol oynayaraq, yaranan fikir ayrılıqlarının aradan qaldırılmasına müsbət təsir göstərir:

“Moskva ilə Ankara dünyada təhlükəsizliyin təmin olunması və qlobal terrorizmlə mübarizə üçün effektli həll yolları təqdim edirlər. Sözsüz ki, çağdaş dünya düzəninin bəzi məsələlərində Türkiyə ilə Rusiyanın mövqeləri fərqlənə bilər. Lakin Moskva və Ankara konkret Suriya böhranının aradan qaldırılmasında ümumi mövqeyə gəlməyi bacardılar.

Qeyd olunmalıdır ki, Türkiyə-Rusiya münasibətlərində çevikliyin təmin olunmasında prezident Putin ilə prezident Ərdoğanın şəxsi əlaqələrinin böyük rolu var. Bu liderlər öz aralarında ardıcıl və konstruktiv dialoq qura biliblər.
Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranının nizamlanması məqsədilə keçirdikləri üçtərəfli görüşlər də göstərdi ki, həmin ölkələr arasında bu çərçivədə həllolunmaz məsələ yoxdur. Ona görə də, məlum Soçi görüşü əvvəlki müzakirələrin davamı sayıla bilərdi və hər halda, Soçidə konkret nəticəyə gəlinməli idi.

ABŞ və NATO-nun Aralıq dənizində hərbi fəallığını artırmasına gəldikdə isə deyə bilərik ki, bu aktivlik Türkiyə ilə Rusiyanın Suriya üzrə əməkdaşlığına mane ola bilməz. Ona görə də, ABŞ-ın vurğulanan fəallığı “informativ səs-küy”dən başqa bir şey deyil”.