Hər gün səhər işə gələndə özümü İndoneziyadakı Sumatra adasının baş magistralındaymış kimi hiss edirəm. Ciddi sözümdür.
“İndoneziyanın Sumatrası hara, 2-ci Salyan yolu hara, bunların arasında hansı əlaqə var” deyəcəksinizsə, izah edim.
Məsələ belədir: Sumatra dünyada sunamiyə ən çox məruz qalan adadır. Bu üzdən yerli camaat sunami xəbərdarlığı alanda təbii olaraq panikaya qapılır və avtomobillərinə oturaraq hündür yerlərlə doğru şütüyürlər ki, Andaman dənizində qabarmış 100 metrlik sunaminin – nəhəng dalğanın altında qalmasınlar.
Nəyə görəsə hər gün səhər “Bibiheybət” məscidi tərəfdən “Azneft” dairəsinə gedən yola çıxmış sürücülərdə də eyni hiss olur. Düzdür, Xəzərdə hələm-hələm 3-5 metrdən hündür dalğa olmur, olsa da sahili basmır, amma bizim sürücülər hər gün özlərini arxadan 100 metrlik sunami dalğası gəlirmiş kimi aparırlar.
Sözünü etdiyim yolda maksimum sürət həddi saatda 60 kilometrdir. Qanunvericilik saatda 69 km/s sürətlə sürməyə icazə verir və bu sətirlərin müəllifi saatda 70 km sürətə çıxmadan sürüb gedir.
Əgər bir sürücü avtomobilini bu sürətlə sürürsə və başqaları onun yanından asta-asta, eləcə də güllə kimi ötüb gedirlərsə, demək, yol-hərəkəti qaydasını pozurlar – bəziləri 10 manatlıq, bəziləri 40-50 manatlıq.
İşverənlik kimi çıxmasın, dəfələrlə sınamışam, o yolda hər 20 avtomobildən yalnız 2-3-ü məni ötmür, yerdə qalan 17-18-i sunamidən qaçırmış kimi şığıyır, şütüyüb gözdən itirlər. Səhər-səhər bu nə təlaşdır, nə təşvişdir, anlaşılmır. Ya onlar çox məsuliyyətli adamlardır, işə gecikməkdən qorxurlar, ya da elə, türkün sözü, huyları, sürüşləri budur.
Böyük ehtimalla sonuncudur. Çünki fikir vermişəm, işdən çıxıb evə gedəndə də belə sürürlər. Sanki kimsə avtomobili qaydalar daxilində, müəyyən olunmuş sürət həddində sürənə söyüş qoyub və bunlar o söyüşü götürmək istəmirlər.
Təbii ki, yollardakı dərd təkcə avtomobillərin yüksək sürətlə idarə edilməsi deyil. Bunun qırmızı işıqda keçməyi, qoşa xətti tapdayıb qarşı yola çıxmağı, işıq siqnalı vermədən manevrlər etməyi, dairədə yol verməməyi və sair və ilaxır pozuntuları var. Bu isə hər gün yollarda yüzlərlə qəza şəraiti yaradır.
Tam əminliklə demək olar ki, azərbaycanlı sürücülərin hamısı (lap olsun 99 faizi) hər gün yollarda qayda pozuntuları edirlər.
Kənardan baxana bu, elə də ciddi problem kimi görünməyə bilər. Amma bu ölüm-qalım məsələsidirsə və biz hər gün yollarda Hamletə dönürüksə, ta nə olsun? Bundan daha ciddi şey nədir?
Belə olur ki, bir də görürsən, kimsə döngədə maşınını dərəyə aşırır, salamat qurtarırsa deyir, döngə çox “krutoy” idi. Amma bilmək lazımdır ki, maşını aşıran döngənin bucağının 90 dərəcə olması deyil, sürətin 90 olmasıdır. Bircə hamı bunu anlasaydı…
Ona görə də yaxşı olar ki, yol polisinin nəzdində bir “xəbər xətti” təşkil edilsin, xidmət yaradılsın, telefon nömrələri qoyulsun, vətəndaşlar, intizamlı sürücülər qəza şəraiti və müxtəlif təhlükələr yaradan avtoxuliqanlardan, harınlayıb qudurmuşlardan, cani qafalı sürücülərdən şikayət edə bilsinlər.
Düzdür, bu xəttdən mərdiməzarlıq üçün istifadə edənlər də ola bilər, amma o da bir yerə qədər. Əgər bir sürücüdən ay ərzində 10-15 şikayət gələcəksə, demək, adam manyakdır və beləsinin sürücülük hüququ əlindən alınmalıdır ki, avtomobillə qətl (bəzi hallarda qətliam) törətməsin.
Deyəsən, bəzi ölkələrdə belə bir xidmət var. Vətəndaşlar məsuliyyətsizlik, intizamsızlıq edən sürücülərdən şikayət edə və onların cəzalandırılmasına nail ola bilirlər.
Bəziləri deyəcək, yox, bu işverənlik olacaq, hamımız zaman-zaman bərk sürürük. Bərk sürməyin, qardaşlar (həm də bacılar), icazə verilən sürətlə sürün, cəmiyyətə təhlükə yaratmayın. Nə məcburdur?
“Tələsən yerimiz olur” arqumenti boş bəhanədir. Özüm dəfələrlə görmüşəm, sürücülər 120 ilə şütüyür, hamını ötür, sonra kəskin tormozlayaraq sağa çəkir, bir çayxananın, kafenin önündə saxlayır və avtomobildən düşüb irişə-irişə gərnəşir.
İraq olsun, görəsən, gerçək bir sunami baş qaldırsa, bizim daima tələskən, həmişə təşvişli sürücülərimiz nə edərlər?