“Yeddi qurda bir çarıq neyləsin?”
(Azərbaycan ata sözü)
Azərbaycanlıların parlament və bələdiyyə üzvlüyünə seçilməsi xəbərlərini alırıq. Ancaq işin qəliz tərəfi odur ki, bu yoldaşlar İsveçdə seçiliblər. Gün o gün olsun azərbaycanlılar Azərbaycanda da bələdiyyə üzvü seçilsinlər, hələ qalan şeyləri demirəm və ümid eləmirəm, ilahi, amin! Yaxından-uzaqdan gələnlərin rəhmətə gedənlərinin ruhuna bir salavat zikr edək.
Mövzu açılmışkən, Biləcəri bələdiyyəsinin yarıtmaz işindən şikayətimi burada yüngülvari bəyan edirəm, həvəs olsa, gələcəkdə daha geniş yazaram. Bu idarə olduqca mənasız, məzmunsuz, keyfiyyətsiz bir idarədir. Nə işə baxırlar, məlum deyil. Hər bir zəhmətkeş yayda bələdiyyə vergilərini, zibil pulunu-zadı ödəməlidir, mən bu ödənişləri hətta yazda eləmişəm, qəbzlərim vardır. Di gəl, bu başıxarab bələdiyyənin bir-birindən xəbərsiz müfəttişləri ayda bir dəfə yenə gəlib bizim darvazaya xəbərdarlıq vərəqələri taxıb gedirlər. Vərəqdə yazılır ki, guya mən vergini ödəməliyəm, əks halda, gələn dəfə seçkidə səs verə bilməyəcəyəm (axırıncı qara yumordur). Hüquq-mühafizə orqanlarından, Ədliyyə Nazirliyindən xahiş edirəm, Biləcəri bələdiyyəsində dərhal yoxlamaya başlasınlar, məncə, orada ciddi yeyinti hadisələri baş verməkdədir.
Ümumiyyətlə, Azərbaycan bələdiyyələri abort edilmiş, heç dünyaya gəlmədən ölmüş bir qurumdur, o üzdən bələdiyyədən narazılıq eləyəndə adam bir az da utanır. Nə var, nədən şikayət edəsən? Səs verməmişik, seçkisi haçan olub, bilmirik, funksiyası nədən ibarətdir – məlum deyil, qabaqkı vaxtlardakı kimi boş torpaq qalmayıb satsınlar. Ona görə də yuxarıda yazdıqlarımı geri götürürəm. Mənim Biləcəri bələdiyyəsindən heç bir şikayətim yoxdur. Əksinə, xahiş edirəm, o bələdiyyənin sədri işləyən cavan oğlana (adı bilmirəm nədir, hərdən narazı ev-torpaq alverçiləri tutub döyürlər, bu baxımdan Armud müəllim deyə bilərik) respublikamızda yerli özünüidarəetmənin inkişafında oynadığı mühüm, önəmli rola görə “Şöhrət” ordeni verilsin. Bələdiyyənin vergi müfəttişi Əbülfət müəllimə isə xalq artisti fəxri adı qoyulsun. İlahi, amin! Ey bu əziz günün sahibi, bizləri eşit!
İnsan gərək yaddaşlarda iz buraxsın, daim xatırlanan əməllər eləsin. Bu cür insanlardan xüsusi qeyd edə bilərik keçmiş nəqliyyat naziri Ziya müəllimi. Unudulmaz adamdır. Bax, neçə aydır, bəlkə də ildir, dəqiq bilmirəm, Ziya müəllimi təntənəli şəkildə işdən atmışıq. Ancaq yenə adı dillərdə dastandır! Başqa ölkədə naziri işdən atırsan, sabahı unudulub gedir. Bəzən nazir vəzifədə unudulur, misal üçün, elə bayaq adını çəkdiyim İsveçdə camaatdan soruşsan nəqliyyat naziri kimdir, hər 1000 nəfərdən 1-i bilsə sabahısı məni Stokholma qovarsınız, razıyam. Ziya müəllimdən bəhs edirdik. Onun adı son günlər Bakı-Quba-Rusiya yolu ilə bağlı hallanır, çünki yol dağılıb itin gününə düşübdür. Deyirlər bu yolun çəkilişində Ziya müəllim vaxtilə yeyinti edibdir, əks halda 30 illik qarantiyası olan yol 2-3 ilə savaş bölgəsinə dönməzdi. Camaat xahiş edir, Ziya müəllimi harda gizlənibsə ordan tapaq gətirək, əməkdar yol xadimi fəxri adı verək, ya da ən pis halda “3-cü dərəcəli Vətənə xidmət medalı”. Qədim Misirdə nəqliyyat naziri öləndə onun piramidasında taksi şoferlərini, asfaltbasan maşınları, əli mantirovkalı müfəttişləri, qatar bələdçilərini basdırırmışlar ki, o biri dünyada zati-alilərinə xidmət göstərsinlər. Bu praktika da maraqlı olar ki, biz indi yol dağılanda həmin yolu çəkən məmuru tapıb gətirib üstündən asfalt çəkək. Humanist addım olardı.
Ancaq yolun istiqamətinə, son vaxtlar xarici siyasətdə gəlişmələrə, KTMT-zad məsələlərinə baxanda düşünürsən, Ziya müəllim bəlkə də qəsdən o yolu xaraba gündə qayırıbdır. Patriot adam ayrı şeydir. Yazdıq axı, istiqamətə diqqət edin: Bakı-Quba-Rusiya.
Eynilə, bunun tərsi də Rusiya-Quba-Bakı eləyir. Başa düşməyənlər varsa, izah edirəm. Yəni ki, təzədən 28 aprel-zad olsa, 11-ci qızıl ordu sərhədi keçib müstəqilliyimizə təhlükə yaratmaq istəsə, üstümüzə məhz o yolla gəlməlidir. İndi gəl görüm o yolla necə gəlirsən. Nəinki 28 aprelə, heç 28 maya da Bakıya qoşunu çatdıra bilməzsən. Urus qoşunu orda eşib gələnəcən biz burda Biləcəri bələdiyyəsini səfərbər edərik. Armud müəllim də Putinə bir yekə ştraf yazar.