Загрузка...

Siqaretlə bağlı məsələni yaradıcılığa “tətbiq etmək” nə qədər düzgündür, mən bunun məntiqini, fəlsəfəsini anlamıram.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva adıçəkilən komitənin sentyabrın 12-də keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanuna, “Televiziya və radio yayımı haqqında”, həmçinin, “İctimai televiziya və radio haqqında” qanunlarda tütün və tütün məlumatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı texniki xarakterli dəyişikliyin nəzərdə tutulmasına münasibətini bildirərkən deyib:

“Biz siqaretin zərərli təsirləri ilə bağlı mübarizəyə başlamışıq, bunu alqışlayırıq. Amma teatrla bağlı qanuna bu məsələnin salınmasının fəlsəfəsini, məntiqini anlamıram. Biz bununla az qala yaradıcı şəxsə məhdudiyyət qoymuş oluruq ki, öz əsərində, öz tamaşasında siqareti əks etdirməsin. Bu, düzgün deyil”.

Adıçəkilən komitənin sədri Rafael Hüseynov isə bildirib ki, həmkarının iradlarını qəbul edir:

“Amma burada kiminsə yaradıcılığına, teatr fəaliyyətinə hansısa məhdudiyyətdən söhbət getmir. Burada, sadəcə, siqaretin, tütün məhsullarının zərərli cəhətlərinin qarşısının alınmasından söhbət gedir. Bu məsələ qanunlarımızda var və indi adıçəkilən qanunlarda da bununla bağlı müvafiq uyğunlaşdırmalar nəzərdə tutulur”.

Millət vəkili, akademik Gövhər Baxşəliyeva qanunlardakı dəyişikliyi, uyğunlaşdırmanı təqdir edib. O, xüsusilə, televiziya ilə bağlı qanunda belə bir uyğunlaşdırma aparılmasının müsbət məqam olduğunu deyib:

“Hesab edirəm ki, bunun müsbət təsiri, nəticəsi olacaq. Televiziyalarda tütün məmulatlarının, siqaretin reklamının, yayımının məhdudlaşdırılması vacibdir. Çünki bu gün yeniyetmələrimiz, gənclərimiz arasında bu zərərli vərdişin təsirinə düşənlər çoxdur. Odur ki, belə məhdudlaşdırmalar vacibdir, xüsusilə də, telekanallarımızda, efirlərimizdə”.