Almaniyada yaşamaq icazəsi olan azərbaycanlı xanım deportasiya edilib.
Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bir həmvətənimiz kömək üçün mərkəzə müraciət edib: “Məlum oldu ki, məhkəmənin qərarı ilə 2021- ci ilə kimi Almaniyada yaşamaq hüququ olan, 1963-cü ildə anadan olmuş Nazlı Həsənova əvvəlcədən məlumatlandırılmadan polislər tərəfindən Azərbaycana deportasiya edilib. Onu evdən aparan zaman əri Mehman Həsənov və qızı işdə olub. Xanım Nazlı Həsənova Düsseldorf aereportundan Kiyev hala limanı vasitəsi ilə Azərbaycana yola salınıb”.
Nazlı Həsənova 2014-cü ilin noyabr ayından ailəsi ilə birlikdə Almaniyada yaşayıb. 28 fevral 2021-ci ilə kimi Almaniyada yaşamaq icazəsi ona məhkəmə qərarı əsasında verilib. Əcnəbilərlə İş İdarəsi isə məhkəmə qərarının olmasına baxmayaraq, xanımın Almaniyada yaşamaq hüququ verən sənədlə təminindən imtina edib və gözləməyi məsləhət gürüb. Bir neçə gün sonra isə qeyd olunan hadisə baş verib.
“Legat”ın məlumatında vurğulanır ki, Nazlı xanımın əri Mehman Həsənov baş vermiş hadisəni qanunsuzluq hesab edir və bu qanunsuzluğun aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına müraciətlər hazırlayır: “Cavablar əldə edildikdən sonra polisin qanunsuz hərəkətindən məhkəməyə müraciət olunacaq”.