Deyirlər (həm də yazırlar) ki, Tacikistanda müsəlman din adamları məscidlərdə topladıqları həftəlik ianələrlə Leninin heykəlini bərpa ediblər.
Bu xəbərə qətiyyən, türkün sözü, şaşırmadım. Çünki təvazökarlıqdan Düşənbə qədər uzaq olsa da, az-çox Şərqə bələdəm, bilirəm ki, bu regionda nə desən, olar.
Düzdür, çoxlarına din adamlarının öz aralarında “atışaraq”, dünyanın ən qəddar dinsiz dövlətini qurmuş, məscidləri uçurmuş, tövləyə çevirmiş, üstəlik, Tacikistanı qəsb etmiş rejiminin liderinin abidəsini bərpa etməsi təəccüblü görünə bilər, amma bu təəccüblü deyil.
Sadəcə, maraqlıdır: dindarları bu addımı atmağa nə vadar edib? Sovet dövründə rəsmən “peyğəmbər” elan edilən Leninə böyük sevgimi?; Rusiyanın xoşuna gəlmək, “biz hələ də sizinləyik” mesajı vermək istəyimi?
Görünür, ikisi də var. Çünki SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın 15-də də Leninin heykəlləri kütləvi şəkildə yıxılsa da, bəzi respublikaların bəzi şəhərlərində bu “unikal tarixi abidə”ni qoruyub saxlayanlar olub. Onlardan biri də Tacikistanın Şaruz şəhəri imiş.
Heç demə, şəhərin mərkəzində tapılan heykəl iki il öncəyə qədər sağ-salamat yerində dururmuş. İki il əvvəl isə naməlum şəxslər (güman ki, neo-dindarlar) onu devirib və bu zaman heykəlin, SSRİ-nin hər yerindəki bənzər heykəllərdə olduğu kimi, “gələcəyə uzanan” əli qırılıb. Vəfalı dindarlar isə bərpa zamanı həm heykəlin qırıq əlini yenidən düzəldiblər, həm də abidəni qızılı rəngə boyayıblar. Bu sonuncunu yəqin ki, acığa ediblər, qoy günəş düşəndə parıldasın, düşmənin gözünü qamaşdırsın.
Bu hadisə kəndimizin parkındakı, mədəniyyət evinin qabağındakı Lenin heykəlinin başına gələnləri xatırlatdı.
Ötən əsrin 50-ci illərində o cür heykəldən biri də bizim kəndin ortasındakı parkda inşa edilmişdi. İntəhası, lap startda Lenin bu abidədə tək olmayıb, iri bir skamyada Stalinlə yanaşı oturubmuş. Heykəltəraşlar iki lideri “sovet xalqını işıqlı gələcəyə necə aparmaq” mövzusunda dərdləşdikləri yerdə təsvir ediblər. Ancaq 1956-cı ildə Nikita Xruşov Stalini, türkün sözü, kötü çıxarandan sonra vacib olub ki, Stalini Leninin yanından götürsünlər. Götürüblər. “Dahi rəhbər”in aşağı ətrafı götürülmə əsnasında dağılıb, amma qurşaqdan yuxarı hissəsi salamat qalıb. Onu da atmayıblar, aparıb mədəniyyət evinin səhnəsinin bir küncünə qoymuşdular ki, birdən yenə lazım olar, hökumətə nə var, görərsən, bir gün Stalinə də bəraət verər. Necə ki, 37-38-də güllələnən kommunistlərin hamısı sonradan bəraət almışdı, bax, eləcə.
O heykəl uzun illər o cür qaldı. Leninin yanı boş idi deyə, parka yaxın məhəllələrin dəcəl uşaqları həmişə qalxıb “proletariatın dahi rəhbəri”nin yanında oturur, məzələnirdilər. İndiki vaxt olsa, yəqin ki, android telefonla çəkilmiş Leninli şəkillər “Feysbuk”u bəzəyərdi.
Gün gəldi, SSRİ laxlamağa başladı. 20 Yanvar faciəsi baş verdi, böyüklər kimi, balacalar da artıq Moskvaya, Kremlə, kommunizmlə, Leninə nifrət etməyə başladılar. Bir gün parka gedən yerli kommunistlər fərq etdilər ki, gecəylə kimlərsə Leninin botinkalı ayağını qırıb, yerə atıblar, paslı armatur görünür. Bəziləri cəbhəçilərdən şübhələnirdi, amma tezliklə məlum oldu ki, uşaq işidir.
SSRİ hələ dağılmamışdı, dağılana da oxşamırdı, Mütəllibov demişkən, həyat davam edirdi, ona görə də aktiv kommunistlər qərara gəldilər ki, bu “vandalizm aktı”ndan yuxarılar xəbər tutmamış abidəni bərpa eləsinlər. Sovxozun tikinti briqadasının rəhbəri Xanəli kişiyə tapşırdılar, o da bir vedrə sementlə “vandalizm aktı”nın nəticələrini aradan qaldırdı. “Lenin”in ayağının rəsmi açılışı olmadı, amma kommunistlər işlərindən razı halda gəlib çayxanada oturdular və cəbhəçilərə söz soxdular – “Lenin həmişə yaşayacaq” kimi bir şey.
Ertəsi gün saat 10 radələrində camaat yeni-yeni çayxanaya gələndə kimsə xəbər gətirdi ki, Leninin abidəsinin dünən bərpa olunan ayağı yenidən qoparılıb, yerlərdə ağara-ağara qalıb. Kommunistlər çox dilxor oldular, amma abidəni yenidən bərpa etmədilər. Gördülər ki, xeyri yoxdur. Hərçənd ötən əsrin 30-cu illəri olsaydı, sırasında bu sətirin müəllifi də olmaqla kənddəki cəbhəçilərin hamısı o “qırıq ayağ”ın zibilinə düşəcək, ən azı Sibirə göndəriləcəkdi. Tövbə, bizim xəbərimiz yox idi.
İndi görək tacik yeniyetmələr mollaların o bərpa işinə necə reaksiya verəcəklər…