Загрузка...

Azərbaycanın gənc baritonu Məhərrəm Hüseynov öz ölkəsini xaricdə tanıdan həmvətənlərimizdən biridir. 22 yaşı olmasına baxmayaraq, M.Hüseynov artıq dünyanın ən iri səhnələrində çıxış etmək imkanını qazanıb. O, Fuad İbrahimov, Rauf Abdullayev, Dmitri Yurovski, Manlio Bentsi, Alberto Dzedda, Fabio Biondi, Kristof Russe kimi dirijorlarla işləyib. Prezident təqaüdçüsü olan sənətçinin adı Azərbaycanın gənc istedadlarının Qızıl kitabına da daxil edilib. Həmçinin M.Hüseynov Xuan Dieqo Florez, Vivika Jenu, Bernadette Manka di Nissa və Alberto Rilandi kimi ustadlardan dərs alıb.

Bir neçə gün əvvəl İtaliyanın La Skala teatrında “Əlibaba və 40 quldur” tamaşası ilə debüt edən opera ifaçısı Publika.az-a danışıb.

– Sizin kimi ifaçının sənətə gəlişi və keçdiyi yol maraqlıdır. Necə oldu ki, operanı seçdiniz?

– Böyük sənət yolu keçməsəm də, musiqi fəaliyyətimdə yaddaqalan hadisələr çox olub. Anam danışır ki, iki-üç yaşında olarkən klassik musiqiləri sevərək dinləmişəm. Üç yaşımda isə skripkada ifa etməyi öyrənmək həvəsinə düşmüşəm. Valideynlərim bu istəyimi nəzərə alaraq məni skripka müəlliminin yanına aparıb. Yaşım az olduğu üçün müəllim məni yalnız bir neçə ildən sonra qəbul etməyə razı olub.

– Deyirlər ki, hər hansı sənətə həvəs genlə ötürülür. Sizdə də belə olub?

Valideynlərin musiqiçi olmasa da, klassik musiqi aşiqidir, bu sənəti həmişə yüksək qiymətləndirirlər. Klassik musiqini mənə sevdirən insan nənəm olub. Nənəm fortepiano üzrə musiqi məktəbini bitirib. Pianoda hər hansı mahnı ifa edən zaman onu müşayiət etməyi sevirdim. Nənəm və ailəm artıq kiçik yaşlarımdan məndəki istedadı görüb gələcəyimlə bağlı qərarlar vermişdi. Uşaq olsam da, səsim yaxşı idi, ən əsası mahnını xaric olmadan oxuyurdum.

Artıq 7 yaşım olanda Əfrasiyab Bədəlbəyli adına musiqi məktəbində skripka ifaçılığını öyrənməyə başladım. Lakin 5-ci sinifdə anladım ki, skripka mənlik deyil. 6-7 yaşında opera ariyalarını oxuya bilməzdim, klassik estrada mahnılarını isə məmnuniyyətlə ifa edirdim. Bununla belə skripka təhsilimi yarımçıq qoymadım, 7-ci sinfi bitirdim.

10 yaşında qərara aldım ki, klassik vokalla məşğul olum. Anam və atamla birlikdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına gedib prorektor Oqtay Abasquliyevlə tanış olduq. Oqtay bəy vokal müəllimi tapmaqda bizə çox kömək oldu. Beləliklə, biz Opera və Balet Teatrının uzun illər solisti olan Svetlana Mirzoyevaya müraciət etdik və mən vokalla məşğul olmağa başladım. Paralel olaraq musiqi məktəbində skripka dərslərinə gedirdim. Vokalda nə qədər böyük müvəffəqiyyətlər əldə edirdimsə, skripka məndə bir o qədər az maraq oyadırdı.

13-14 yaşımda skripka dərslərini bitirdikdən sonra təhsilimi Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbində davam etdirdim.

– Bildiyim qədəriylə 14 yaşınız olarkən əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviçin qızı səsinizə valeh olub. Bu hadisəni karyeranızın dönüş nöqtəsi adlandırmaq olar?

– Çox gözəl skripka, trombon, fleyta və digər musiqi ifaçılarından ibarət konsert təşkil edilmişdi, hansı ki, orada tək vokalçı mən idim. Konsertin qonaqları arasında Rostropoviçin kiçik qızı da var idi. Tədbir bitdikdən sonra o, mənə yaxınlaşıb bildirdi ki, ifamı çox bəyənib. Daha sonra “Biz hələ görüşəcəyik”, – deyə əlavə etdi.

Bir neçə gündən sonra evə zəng edib dedilər ki, Mstislav Rastropoviçin həyat yoldaşı və dünya səviyyəli opera ifaçısı Qalina Vişnevksya vokal üzrə öz tövsiyələrini vermək üçün məni Moskvada gözləyir. Beləliklə, atamla birlikdə Moskvaya yola düşdük. İndiyədək yadımdadır, çıxışdan əvvəl çox həyəcan keçirirdim…. Böyük bir sənətkarın qarşısında çıxış edəcəkdim, sözsüz ki, yaxşı hazırlaşmışdım. Dinləmələrdən müsbət rəylər aldım. Sonra məni pedaqoq yanına göndərdilər, hətta musiqi məktəbinə qəbul etmək istəyirdilər. O məktəbin proqramı çox ağır olması ilə seçilir, üstəlik səsim dəyişmə mərhələsində idi, mənə isə çox oxumaq olmazdı. Odur ki, Bakıya qayırmalı oldum.

Bakıda vokalla həftədə bir neçə dəfə və 15-20 dəqiqə məşğul olurdum. Azərbaycana qayıdanda müəlliməm S.Mirzoyeva da Moskvaya getməməyi, səsim düzəldikdən sonra İtaliyaya getməyi məsləhət gördü.

– İtaliyada Ozimo Akademiyasında təhsil almısınız. Universitetin ən gənc tələbəsi kimi qazandığınız təcrübələri bölüşə bilərsiniz?

– Ozimo Akademiyasına daxil olanda 18 yaşım var idi, hamı mənə təəccübdən bərəlmiş gözlərlə baxırdı. Çətinliklər olmadı, əskinə qarşımda böyük imkanlar açıldı. Gənc olmağım indi də mənə çox yollar açır və şanslar yaradır.

İkinci tədris ilində, İtaliyada opera debütüm baş tutmuşdu, yaradıcılıq baxımdan çox məhsuldar il olmuşdu. Təxminən 9 ay ərzində 2 tamaşada və 35-dən çox konsertdə çıxış etmişdim.

– Azərbaycan vokal sənətində Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov kimi korifeylər olub. Siz bu sənəti seçərkən kimi özünüzə örnək götürmüsünüz?

Yadımdadır ki, məktəbdən çıxanda atam hər dəfə mənə klassik musiqiçilərin disklərini alırdı: Vivaldi, Bax, Bethoven, Motsartın, habelə Rəşid Behbudovu və və digər ifaçıları nümunə çəkə bilərəm. 5-6 yaşımda tez-tez Rəşid Behbudova qulaq asır və onun bütün mahnılarını əzbər bilirdim.

– Dünya şöhrətli opera sənətçisi olmaq, daim uğur qazanmaq və gündəmdə qalmaq üçün istedadla yanaşı başqa nə lazımdır?

Opera teatr sənətinin ən mürəkkəb növlərindən biridir. İstənilən opera sənətçisi punktual olmalı, öz işinə ciddi yanaşmalı, çoxlu oxumalı və dinləməli, daim öyrənməli və öz üzərində səylə çalışmalıdır. Bütün bu amillər sözsüz ki, çox böyük bir nəticəyə gətirib çıxaracaq. Ümumiyyətlə, sadaladıqlarım amilləri bütün sənət sahələrinə aid etmək olar.

– Adətən yaradıcı insanların müəyyən “kapriz”li olur. Sənətçi kimi sizin hansısa şıltaqlıqlarınız var?

Başqalarını hövsələdən çıxarmağı xoşlayan kaprizli insanların sevmirəm, xüsusilə iş prosesində… Sadə insanlarla ünsiyyət qurmaq daha asan və maraqlıdır.

– Siz opera müğənnisisiniz, ciddi sənəti təmsil edirsiniz. Musiqi janrı bolluğunda, daha çox şounun təbliğ olunduğu bir vaxtda imici qoruyub saxlamaq çətin deyil ki? Ümumiyyətlə, niyə klassik musiqiyə sevgi azalıb, insanlara opera musiqisini necə sevdirək?

Nəinki Azərbaycanda, bütün ölkələrdə operaya maraq aşağı səviyyədədir. Əgər opera sənəti televiziya və digər kommunikasiya vasitələrində təbliğ olunmursa, uşaq nə bilsin ki, opera nədir? Demək olmaz ki, sevgi azdır, çoxu ümumiyyətlə, opera haqqında heç bir məlumata və anlayışa malik deyil.

– Operanın vətəni sayılan İtaliya teatrları bu problemin həlli üçün nə təklif edir?

La Skala teatrında uşaqlar üçün xüsusi tamaşalar qurulur. Bu tamaşalara baxmaq üçün teatra məktəblərdən nə qədər şagirdlər axışıb gəlir. Beləliklə də uşaqların qəlblərinə opera və teatra qarşı sevgi toxumları səpilir. Məsələn, Romada çalışarkən 5000-6000 uşağın qarşısında hər gün çıxış edirdik.

Avropada, Amerikada, Asiyanın bəzi ölkələrində tamaşalarını, klassik konsertlərini yeni formatda, bəzi hallarda şou kimi təqdim edirlər. Və bu, insanların operaya olan marağını artırmağa xidmət edir.

– Azərbaycanda opera sənətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

Azərbaycanda bir opera teatrının olması məcbur edir ki, həmişə məsuliyyətli olaq və onu yüksək səviyyədə saxlayaq. Təəssüf ki, əvvəlki illərlə müqayisədə opera teatrımız hazırda bəzi problemlər yaşayır. Məsələn, köhnə dekorasiyalar və kostyumlar yenilənmir və yaxud xarici ölkələrdən solistlər dəvət olunur, nəticədə istedadlı gənclərimiz və yüksək səviyyəli ifaçılarımız kənarda qalır, teatrda onlara yer verilmir. Çox istərdim ki, tamaşaçılarımız öz opera ifaçılarımızı və onların çıxışlarını Azərbaycan səhnəsində izləyib tanıya bilsin.

Teatrın səviyyəsini qaldırmaq çətindir, bunun üçün müxtəlif proqramlar hazırlanmalıdır. Xüsusilə gənclər üçün xüsusi truppa yaradılmalıdır. Gənc opera ifaçıları üzərində çalışan rejissor, vokal müəllimi, eyni zamanda ingilis və italyan dillər üzrə müəllimlər təyin olunmalıdır.

Teatrda hər dəfə eyni proqram səslənə bilməz! Hərdən səhnəyə yeni operalar qoyulur, amma onlar konsert proqramı şəklində təqdim olunur. Operaların tamaşa kimi deyil, konsert proqramı şəklində keçməyi mənasızdır. Ümid edirəm ki, bütün bu problemlər ardan qalxacaq və biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaxın zamanda çiçəklənməsinin şahidi ola biləcəyik.

– Bəs Avropa tamaşaçısının bizim klassik musiqi və muğamlarımıza marağı hansı səviyyədədir? Bizi dinləyir və tanıyırlarmı?

Deyə bilmərəm ki, İtaliyada muğamı hamı tanıyır, hər halda tanıyanlar var. Muğam böyük bir dəryadır… Onu bir dəfə dinləməklə anlamaq çətin olsa da, ona maraq böyükdür.

– Səsinizi necə qoruyursunuz?

Vokalçının aləti onun səsidir. Səsi idarə etmək çətindir. Səsi qorumaq üçün birinci növbədə özünü qorumalısan. Vaxtında yatmaq və düzgün qidalanmaq lazımdır. Soyuq su içmək və ya yaxud dondurma da yemək olar, lakin hər şeyi qədərində olmaq şərtilə.

– 22 yaşınız olmasına baxmayaraq bu yaxınlarda əfsanəvi La Skala səhnəsində çıxış etmək şansı qazandınız. Azərbaycanlı sənətçinin belə bir uğura imza atması bizim üçün qürurverci hadisədir. Söyləmişdiniz ki, o səhnədə çıxış etmək ən böyük arzunuz olub. O da həqiqətdir ki, yaradıcı insanın arzuları heç vaxt bitib tükənmir. Yaratmaq istədiyiniz obrazlar və fəth etmək arzusunda olduğunuz daha hansı səhnələr var?

2017-ci ilin oktyabrında La Skala Akademiyasına daxil oldum və Heydər Əliyev Fondu mənə çox dəstək oldu. Onlara öz təşəkkürümü bildirirəm. Çox şadam ki, sentyabrın 2-də əfsanəvi La Skala səhnəsində debütüm baş tutdu. 10 yaşımda ağlıma gəlməzdi ki, 22 yaşımda Las Skala səhnəsində çıxa edə biləcəyəm.

Üzərimdə əməyi və dəstəyi olan insanlar çox olub, eləcə də öz üzərimdə çox çalışmışam. Bu, bizim hamımız nailiyyətidir. Debütüm təsəvvür etdiyimdən daha gözəl keçdi, qürur duyuram ki, Azərbaycanımı burada təmsil edə bildim.

Həm Avropada, həm də Amerikada dünyaca tanınmış çox böyük teatr səhnələri var ki, orada çıxış etmək istərdim. Adlarını hələlik açıqlamaq istəmirəm. İnşallah arzularım yerinə yetərsə, bu barədə daha ətraflı növbəti müsahibəmdə sizə danışaram.

– Vokal ifaçılarının estrada janrına müraciət etməsinə necə baxırsınız?

Bu, ifaçının öz seçimidir, normal baxıram.

– Son illərdə Azərbaycanda Opera və Balet Teatrı, həmçinin digər teatrlar qalmaqallarıyla gündəm yaradır. Aktyor heyəti ilə rejissor arasında gərginliklər Avropa teatrlarında da baş verirmi?

İş prosesində opera ifaçısı ilə dirijor, ya rejissor arasında müəyyən mübahisələr yarana bilər. Əsas odur ki, bütün mübahisələr və qalmaqallar işə mənfi təsir etməsin, nəticə keyfiyyətli alınsın. Kulis arxasında baş verən problemlər tamaşaçıya maraqlı deyil, o, zalda oturub maraqlı əsərə baxmaq üçün teatra gəlir.

– Avropalı həmkarlarınız azərbaycanlı sənətçinin İtaliyada uğur qazanması qısqanclıqla qarşılamır ki?

Belə məqamlara fikir verən deyiləm. Hesab edirəm ki, yaradıcı şəxs vaxtını belə mövzulara xərcləməməlidir. Məni sadəcə öz işimi layiqli şəkildə yerinə yetirmək maraqlandırır.

– Özünüzü İtalyan filmlərində sınamaq barədə düşünürsünüz?

La Skalada debütüm olan operanın baş rejissoru Liliana Kavani həm də dünya şöhrətli kinorejissordur və çox gözəl filmlər çəkib. Mənə dedilər ki, Liliana sənin ifanı bəyənibsə, hər hansı filmə dəvət edə bilər. Lakin bu hadisənin tezliklə baş verəcəyini düşünmürəm. Filmin ərsəyə gəlmə prosesi uzun çəkir və bu, çox zaman tələb edir.

– Səhnəyə çıxmazdan əvvəl həyəcanınızı necə sakitləşdirirsiniz?

– Xüsusi üsulu yoxdur. Yəqin ki, neqativi özümdən və fikirlərimdən uzaqlaşdırmaqla… Hərdən emosiyaları cilovlayıb həyəcanı aradan qaldırmaq çox çətin olur. Yeri gəlmişkən, Azərbaycanda daha çox həyəcan hissi keçirirəm, nəinki Avropa səhnələrində. Həqiqətən də vətənində çıxış etmək ikiqat məsuliyyət tələb edir. Ölkədən kənarda yaşamağa başladıqdan sonra mədəniyyətimizi daha çox sevməyi və qiymətləndirməyə başlamışam. Eyni zamanda, çalışıram ki, vətənimi ölkə hüdudlarından kənarda yüksək səviyyədə təbliğ edim. “Fəxr edirəm ki, azərbaycanlıyam”. Bununla fəxr etməmək mümkün deyil.

– Sizi oxumağa və yaratmağa nə həvəsləndirir?

Sənətə olan sevgi və məhəbbət… Hansısa mətn və ya hansısa rolu ifa edəndə hiss edirsən ki, o obraz sənə yaxındır, sənindir. Bu, sənə stimul, güc və yaratmaq eşqi verir.

– Sonda söhbətin ahəngini bir qədər dəyişək… Vətəniniz üçün darıxırsınız?

Əlbəttə, darıxıram, bəzən lap “burnumun ucu göynəyir”. Bütün tanışlarım, ailəm və dostlarım Bakıda yaşayır…. Bakıda doğulub boya-başa çatmışam… O insanlar ki, doğma yurdu üçün darıxmır, onların ürəyi yoxdur. Xüsusilə milli mətbəximizin həsrətini çəkirəm. Belə anlarda mətbəxə girib, milli xörəklərdən hazırlayıb nuş edirik.

Tətil və ya məzuniyyət zamanı Bakıya gələndə görürəm ki, dayanmadan tərəqqi edir. Ölkədə çoxlu yeni muzeylər yaranır, mədəniyyətimiz inkişaf edir. Şəhər elə sürətlə dəyişir ki, yenidən qayıdıb dəyişikləri öz gözlərində görmək istəyirsən.

– Teatr mövsümünün başladığı ərəfədə bizə vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün minnətdarıq. Sizə hər zaman ən böyük səhnələri fəth etməyi və daim zirvədə qalmağı arzu edirik.

Təşəkkür edirəm. Suallara cavab vermək maraqlı idi.