Mən orta məktəbi bitirəndə rusca iyirmi-otuz söz bilirdim, amma onları bir yerə topayıb cümlə qura bilmirdim. Bildiklərimin bir yarısı da böyük yaşlı məhəllə uşaqlarının əsgərlikdən gətirdiyi sözlər idi.
İndi bu yazını yazarkən xəcalət çəkə-çəkə xatırlayıram ki, 10-cu sinifdə oxuyanda Polad adlı sinif yoldaşımızı öyrətdik ki, bizə rus dili dərsi deyən Məcnun müəllimdən “jopa” sözünün tərcüməsini soruşsun. O da soruşdu. Məcnun müəllim özünü o yerə qoymadan dedi ki, tənəffüsdə deyərəm. Tənəffüs vaxtı yetişdi, müəllim “do svidaniya” deyib koridora çıxmaq istəyəndə Polad dedi, ay müəllim, mənim sualımın cavabı nə oldu. Məcnun müəllim gözlədi, sonuncu qız da sinifdən çıxandan sonra qapını bağladı və qışqıra-qışqıra sualın cavabını dedi. Özü də üç dəfə…
Bəli, orta məktəbi bitirəndə rusca bir cümlə bilməyən, bildiyi də “samovolka”, “dnevalnı”, “şkola”, “klass”, “nastupilo leto”dan ibarət olan bir adam, yəni mən ruscadan çevirdiyi 4 romana (Con Men, “Çingiz xan”; Ceyn Ostin, “Qürur və qərəz”; Çarlz Beyli, Fletçer Nibel, “Mayın yeddi günü”, Boris Akunin, “Qara Şəhər”), N qədər qəzet-jurnal materialına baxır və düşünür: bəs bu necə oldu?
Heç nə. Mən rus dilini məcburiyyət üzündən, məktəbsiz-filansız, necə deyərlər, “samouçka” öyrəndim. Ali məktəbdə kurs işi vermişdilər, ədəbiyyatın hamısı rus dilində idi, kurs işi isə ana dilimizdə yazılmalıydı. Məcbur oldum, lüğətlər aldım, xırda-xırda tərcümə edə-edə öyrəndim. Əvvəlcə çox çətin idi, sonra asanlaşdı. İndinin özündə rusca Polad Bülbüloğlu kimi danışa bilməsəm də, hər halda, Folknerin əsərlərindən başqa istənilən mətni tərcümə edə bilirəm (açığı, Folknerin ruscaya çevrilmiş dili, cümlə quruluşları çox çətindir, güman ki, o, ingilscədə də elə çətin yazıb).
Elə həmin tələbəlik illəriydi, artıq rusca bir az qırıldada bilirdim. Tələbə yoldaşım Xaləddinlə Bakıya, onun xəstəxanaya yerləşdirilmiş körpə qardaşıoğluna baş çəkməyə gəldik. Dəmiryol vağzalında düşmüşük, nabələdik, kimdən ünvan soruşuruqsa, bizə rusca cavab verir. Mindiyimiz avtobuslarda, tramvaylarda, mağazalarda elə oldu.
O vaxt beləydi, azərbaycanlılar Bakıda ana dilində danışmaqdan utanırdılar. Şişirtmə-zad yoxdur. Eləydi.
Xəstəxanaların qəbul şöbələrində bizə ana dilimizdə cavab verən olmadı. Zatən, o şöbələrdə işləyənlərin hamısı ya ruslar, ya da ermənilər idi. Tək-tək azərbaycanlı xanımlara da rast olurduq, ancaq onlar da özlərini “çuşka” kimi aparmırdılar, rusca cavab verirdilər. Elə bil, Rostovda, Voronejdəydik.
Xüləs, mənim qırıq ruscamla birtəhər vəziyyətdən çıxdıq, beş-altı xəstəxana gəzdikdən sonra Səidi Qarayev adına uşaq xəstəxanasında tapdıq, axşam da qatara mindik, Bakıya “do svdidaniya” deyib qayıtdıq Gəncəyə. Ertəsi gün Xaləddin Bakı səfərimizi şərh edərkən məni dostlara göstərib dedi, vallah, bu, olmasa mən o urus şəhərində azıb qalacaqdım.
Gerçəkdən də 1988-ci ilə qədər Bakı “urus şəhəri”ydi, hamı övladını məktəbərdə rus bölməsində oxutmaq istəyirdi. Düzdür, çoxu başarılı olmurdu, ana dilində oxuya bilmədikıəri kimi rus dilində də oxuya bilmir, eyzən güzəştli “3″ alırdılar, amma onların yekə bir üstünlükləri vardı, orada-burada deyə bilirdilər: ”Mən rus sektorunda oxumuşam”.
Bu isə açıq-aşkar üstünlük idi. Elə çıxırdı ki, “rus sektorunda oxumaq” savadlı olmaq deməkdir. Əslində isə lap ingilis sektorunu bitirərək də bisavad olmaq, Folkneri tanımamaq mümkündür.
İndi baxıram ki, bu rus sektoru söhbəti yenidən dəbə minib. Yaxın-dost tanışlardan, qohum-əqrəbadan övladlarını xəbər alanda eşidirəm ki, rus bölməsinə qoyublar. Özü də kütləvi şəkildə.
Belə getsə, Bakı doğrudan da yenidən “urus şəhəri” olacaq. Yenə də “rus sektorunda oxuyan”lar hamıya rusca cavab verəcəklər. Ona da əminəm ki, onların çoxu yenə də rus dilində ərizə yaza bilməyəcək, ən adi mətni dilimzə çevirə bilməyəcəklər.
Xarici dilləri öyrənmək, onun vasitəsilə dünya ədəbiyyatının incilərini orijinaldan oxumaq məsələsi “sektor-mektor” işi deyil, həvəsə, iradəyə bağlıdır. İstənilən dili sektordan kənarda da öyrənmək olar. Eləcə də sektorda oxumaq hələ avtomatik olaraq həmin dili mükəmməl öyrənəcəyinə təminat vermir.