“Sən vurmadın, mən yıxılmadım, bəs buna nə oldu?”
(məsəl)
Sosial mənzillərin internet üzərindən satışı 3-cü dəfədən baş tutdu. Hər dəfə alıcılar sayta necə axın edirdisə, sayt çökürdü. Saytın “təkmilləşdirilməsi” haradasa 5-6 ay çəkdi. Üst-üstə üç yüz neçəsə mənzildən söhbət gedirmiş. Evlərin qiyməti əslində elə ucuz sayılmazdı. 3 otaqlının qiyməti 60 min manata yaxın idi, dəqiq yadımda qalmayıb, axtarmağa həvəs olmadı. Ancaq elə bu guya güzəştli mənzillərin üstündə vətəndaşlarımızın qırğın-davaya, saçyolduya çıxması vəziyyətimizin acınacaqlı olmasını göstərir. Yekə bir dövlət idarəsi yarım ildir üç yüz evi satmaq üçün proqram qururdu. Az qalmışdı Bill Qeytsdən, Stiv Cobsun ruhundan-filandan yardım istəsinlər.
Azərbaycanda mənzil, ev problemi həmişə olmuşdur. Sovetin vaxtından belədir. İnsanlar axmaq sovet projelərində darısqal mənzilləri əldə etmək üçün az qala ölənəcən növbəyə dururdular. Orderi tabutla birgə verirdilər. Sözgəlişi, fikir vermisinizsə SSRİ vaxtı yaşayış binalarının proyektləri arasında “Bakı layihəsi” deyə bir bina tipi yoxdur. Minsk, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Litva və sairə proyektlər var, Bakının adı isə çəkilmir. Çünki Bakıda camaatın mənzilinin olub-olmaması bir nəfərin də vecinə deyildi. Əsas o idi “Azərbaycan iri addımlarla irəliləsin”. Yüz minlərlə adamlar “naxalstroy” adlanan gecəqondularda, siçovullar, tarakanlar oynaşan yataqxanalarda, ən yaxşı halda xruşşovka və kommunal mənzillərdə çürüməkdə idilər.
İndi də vəziyyət o vaxtkından fərqlənmir. Mən bir dəfə hesabladım, Azərbaycanda adambaşına düşən orta mənzil sahəsi 7-8 kvadrat metr arasındadır. Balaca türmə otağı, yəni. Hərçənd Avropa ölkələrində hətta türmə də bundan genişdir. O cümlədən sivil dünya standartında, tibbi normalara görə 1 adamın mənzil sahəsi minimum 18-20 kvadrat metr olmalıdır.
Sosial mənzillər üstündə qırğın var, ancaq bizdə iqtisadiyyatın inkişafından danışılır. Dünən bir tikinti şirkətinin 6 fəhləsi Bakıda qaldırıcı krana çıxıb intihar etmək istəyirdi. Bunlara iki ayın maaşını vermirlər. Aylıq 600 manatdan söhbət gedir. Bunu vuraq 6 nəfərə və 2 aya, cəmi 7200 manatın davasıdır. 6 kişi 7200 manata görə ölə bilərdi. Deməli, nə evsizlər xoşbəxt olur, nə o evləri tikənlər. Kimsə xoş gündə deyil. Bunun məsuliyyətini kim daşımalıdır? Əlbəttə, ən yaxşısı “hamımız günahkarıq” deyib yalandan köks ötürməkdir. Şair necə deyibdir? “Hamı günahkardır dünyada ancaq, Dünyada heç kəsin günahı yoxdur”. Bah-bah. Sonradan həmin şair elə bu məntiqlə hökuməti dəstəkləyən adamlara şeirlər yazmışdır, təbrik edirik.
Ancaq bir söhbət də var ki, ətnən dırnağın arasına girən iylənib çıxar. Bizdə iylənmək istəməyən gərək millətlə hökumətin ünsiyyətinə çox qarışmasın. Alan razı, satan razı, bizlik bir şey yoxdur. Bir də o krana, dama çıxan növbəti adamlar üçün. Qalan hamı deyir, gülür, rəqs edir. Biz, ümumiyyətlə, rəqsi çox sevirik. Güneyli-quzeyli bütün Azərbaycan oynamaqla məşğuldur. Bizim hətta ən qədim qayaüstü rəsmimiz də – Qobustandakını deyirəm – oynaqlayan adamları göstərir. Belə qəşəng şəkildə bir-birinin belinə əllərini qoyub “Yallı” gedirlər. Yəni hardasa 10 min ildir biz “Səni deyirlər”, “Əjdər əmi”, “Aynadan gözəl”, nə bilim, “Bu qız nə qəşəngdir, ay Allah” (Allah böyük hərflə yazılmalıdır – Z.H.), “Ay uçan quşlar” mahnılarına oynamaqla məşğuluq. Böyrümüzdən əsrlər, başı alovlu millətlər keçmişdir. Üstümüzdən tufanlar əsmiş, altımızdan neftlər-qazlar çıxmışdır, lakin bizim tövrümüz dəyişməmişdir. Biz oynayırıq. Biz şən toplumuq.
Yeri gəlmişkən, atalarımız bu prosesin də sözünü yaradıb gediblər: “Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get”. Şedevrdir. Konstitusiya maddəsi fason bir cümlədir.