“Qələmim olanda qorxu bilmirəm, –
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan, dövlətdən,
Onun da qiyməti otuz qəpiyə”.
(Eldar Baxış)
Maarifçi ziyalılarımızdan Yalçın İslamzadə təklif irəli sürüb ki, 15 sentyabr Bilik günü məktəbə gedən şagirdlər özləri ilə gül aparmasınlar, gülün puluna kitab alsınlar, bu yolla məktəbin kitabxanası zənginləşsin.
Çox yaxşı təklifdir. Ancaq mız qoymaq kimi çıxmasın, bədii, elmi-publisistik və sairə temalarda kitab oxuyan neçə müəllim tanıyırsınız? Təəssüflər olsun, bizim müəllim və şagirdlərin oxu siyahısı məktəb dərsliyinə salınan yazıçıların cızmaqaralarından o yana getmir. Heç o kitabları da tam oxumurlar, adətən qısa özətini – məzmununu hardansa (internetdən, repetitor kursundakı müəllimin bloknotundan, xalaqızının ötənilki şparqalkasından və sairə) çıxardıb əzbərləyirlər. Sabah imtahanda neçəsə balı yığıb, hansısa mənasız Azərbaycan universitetinə girmək məqsədilə. İnsan kimi formalaşmaq, şəxsiyyətin tərbiyəsi, mənəvi qida üçün kitabı oxuyasan – bunlara rast gəlinmir.
Özü də sizə deyim ki, bizim məktəblərin kitabxanaya bənzər, adətən zirzəmidə, yeməkxananın küncündə və başqa gözdən uzaq, könüldən iraq nöqtələrdə yerləşən otaqlarında xeyli bədii ədəbiyyat tapmaq olar. Bunlar xüsusən 2000-ci illərin ortalarında prezidentin sərəncamıyla latın əlifbasına çevrilmiş köhnə kitablardır. Ancaq bunların qatı da açılmır! Şəxsən şahidi olmuşam: uşaqlarımın oxuduğu məktəbin kitabxanaçısı onlara oxumaq üçün kitab verməmişdi. Səbəbsiz-filansız. Ona görə də kitabxanaya girəndə rəflərdə yağ içində, vərəqlərinin arası açılmamış kitablar görürsən. Eyni mənzərə az qala bütün məktəblərdə var. Sanki məktəb kitabxanalarımız da daş döşənmiş parkların bir formasıdır. Bəzək var, məzmun yoxdur. Qəşəngdir, ancaq faydasızdır.
Təbii, yenə yazıram, bunlar Yalçın bəyin müsbət təşəbbüsünə kölgə salmaq üçün yox, daha da dəstəkləmək üçündür. Yenə siz kitab alın aparın. Bəlkə kiminsə əlinə düşdü, oxudu. Maarifçilik həmişə belə riskli, yorucu əməl olubdur. Səpdiyin hər on toxumdan biri bitsə nə gözəl. Çünki maarifçiliyə adətən səhralıq ərazilərdə ehtiyac olur, gülüstanda, suyu, gübrəsi bol yerlərdə deyil.
Elə Mətbuat Şurasının sədri Əflatun müəllimin fəaliyyəti bu cür faydalı hərəkətlərə örnək ola bilər. Misal üçün, keçən ay Əflatun müəllim türk dünyası jurnalistlərini, şair və yazıçılarını Bakıda iclasa toplamışdı. Yakutlar, qırğızlar, uyğurlar, qaşqaylar, qaqauzlar, suaxili tayfaları – uzun sözün qısası, dünyanın hər yanına səpələnmiş türk qardaşlarımız bizim Mətbuat Şurasının dəvətini qəbul edib Azərbaycanda mətbuatın necə tərəqqi tapdığını öyrənməyə gəlmişdilər. İclasda Saxa Yakut dövlətindən gəlmiş jurnalist xanım bildirdi ki, biz Əflatun müəllimin məruzələrindən sonra hər maraldan 3 bala almağın, ispalkomun göstərişi ilə ağ ayını tutub xizəyə qoşmağın, qarda isti su şırnağıyla qəzet çıxarmağın müxtəlif üsullarını öyrənmişik. Uyğur jurnalist Çin hökumətinin artıq bütün yazarlara ev tikdiyini danışıb ağladı. Uzun sözün qısası, müsbət təcrübə ayrı şeydir. Bu tədbirdən dərhal sonra Qırğız Cümhuriyyətində Türk Şurasının iclası oldu, rəsmi Bakı da orada təmsil olunmuşdu. Məncə, hamı gözəl dərk edir ki, Əflatun müəllim türk dünyası jurnalistlərini bir araya gətirməsəydi, heç o türk dövlətləri də bir araya gələ bilməzdilər. Ümid edək Amaşov, torpağı sanı yaşasın, Əbülfəz Elçibəydən sonra dağılmış Bütöv Azərbaycan Birliyini də bərpa etmək üçün təşəbbüslər göstərəcəkdir. Bircə axırda hirslənib öz kəndinə getməsin, çünki bizdə bu cür qlobal projeləri ilhamlandıracaq üçüncü şəxs hələlik üfüqdə görünmür. Yük ağır yükdür. Əlbəttə, millətin yükü həmişə ağır olmuşdur. El üçün ağlayan göz kor olar. Həsən də qəlyan çəkər, Hüsən də qəlyan çəkər, Tənbəki bol olanda, Siçan da qəlyan çəkər (ikinci ata sözünün temaya qətiyyən dəxli yox idi, amma pozmuram, qoy qalsın, camaat oxusun, hər halda, gözəl məsəldir).