Almanların başı yenə çönüb. Düzdür, hələ o dərəcədə deyil ki, yenidən dünya müharibə başlayalar, amma yenə küçələrə çıxıb “irq-mirq”, “gəlmə-getmə” söhbəti edirlər.
Budur, Almaniyada yaşayan həmvətənimiz-həmkarımız Fərahim yazır: “Almaniyanın Xemnits şəhərində miqrantlar əleyhinə kütləvi aksiyalar davam edir… ”Neonasist”lər şəhərdəki türk və ərəblərin restoranlarına hücum edirlər. Alman polisi şəhərdəki əcnəbilərin can və mal güvənliyini qorumaq üçün belə canlı sədd çəkir”.
Keçmiş həmkarımız “belə canlı səddi” göstərən şəkil də paylaşıb. Şəkildə görünür ki, dəbilqəli, əsləhəli 11 cantaraq alman polisi bir kafenin qabağına düzülüb ki, neofaşistlər cumub oranı dağıtmasınlar, gözlərinə qaraşın görünən hər kəsi şil-küt eləməsinlər.
Əlbəttə, neofaşistlər qəsdə dursa, bu 11 müdafiəçinin qoparağını götürə bilərlər, amma görünür ki, onlar hələlik “qeyi-almanlar”ı qorxudub-qaçırmaq yolu tutublar.
Bəs almanlar niyə belə edir? Onların liderləri yaxşı bibidir axı. Arada ona “Hitlerin qızı” deyirlər, amma bu, insafsızlıqdır, frau Merkel partiyasının siyasi nüfuzunu zərbə altına qoyaraq dünyanın dörd bir yanından gələn miqrantlara həvəslə qucaq açan yeganə Avropa lideridir. Yerdə qalanlar qucaqlarını o qədər də həvəslə açmırlar. Merkel isə deyir, yazıqdırlar, gedəcək yerləri yoxdur, insanlıq etmək lazımdır.
Bu hərəkətinə görə ona “beynəlxalq bibi” adı da vermək olar.
Ona görə də təkcə müharibə alovuna düşən iraqlılarla suriyalılar yox, diyircəkli çamadanı olan milyonlarla şəxs Almaniyaya cumdu. Təbii ki, hərəsinin də öz dərdi, öz səbəbi var. Tutaq ki, adam burda yaxşı işdə işləyirdi, əlinin dalı da gətirirdi, qabağı da, yeri gələndə “gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı” deyə patriotluq yapırdı. Amma gün gəldi, adamı gəlirli işindən çıxardılar, daha yığdığının üstünə gəlmədi, əksinə, yığdıqlarından çəngə-çəngə azalmaq qorxusu yarandı. Belə olanda adam nə etsin? Əlbəttə, gərək özünə etibarlı ölkə tapsın ki, yığdığını rahat yeyə bilsin. Allahdan belə ölkələr “pozğun Avropa”da var. Cibdə pul, bankda hesab, əldə diyircəkli çamadan, qürbətdə üstünə getməyə eloğlu varsa, məsələ bitmişdir.
Avropada Macarıstandan (iki il əvvəl bu ölkəyə pənah aparan qaçqınları təpikləyə-təpikləyə şimala, qərbə qovdular) başqa da elə ölkələr var ki, “miqrant” deyəni mıqq eləməyə qoymurlar. Məsələn, cəmi 300 min əhalisi olan İslandiya elə ölkədir. Onların balina-filan çağırmaqlarına baxmayın, miqrantları görən gözləri yoxdur. 2-3 il əvvəl Norveçdən o buzlu adaya getmiş, özü də guya biclik edərək gedib Reykyavikdəki kilsəyə sığınmış ərəb miqrantları çığırda-çığırda deportasiya etdilər.
İslandlar ona görə belə edirlər ki, bilirlər, almanlar kimi üzüyumşaq olsalar, cəmi bir ilin içində İslandiya İslam Respublikasının tərkibində etnik azlıq olacaqlar, həmin kilsəni də “kafir yuvası” adlandırıb bağlayacaqlar.
Almanlar isə çoxdurlar, güclüdürlər, belə qorxuları yoxdur. Dünənə qədər fikirləşirdilər ki, nə qədər gəlirlərsə, qənimətdir, təzə qandır, qarışıq döldür, iti beyindir, qıvraq ayaqdır, qoy gəlsinlər, gəlib Boatenq, Məsud Özil, Məhəmməd Salah olacaqlar.
Ancaq artıq aşağılarda elə düşünmürlər, görürlər ki, gəlmələrin dalı kəsilmir, eyzən işığa gəlirlər. Yenə yaşlı almanlar belə məsələlərdə bir az tolerantdırlar, cavan almanlar isə sanasan, Göbbelsin dölüdürlər.
Ortalığı qarışdıran onlardır. Ta demirlər ki, camaatın əlacı yoxdur, əlacı olsa, qaxılıb oturar xarabasında.
Görünür, gənc faşistlər də düşünürlər ki, biz güc-bəla ilə bir uşaq əkib-doğuruq, amma bu gəlmələr doğum kontroluna 5-ci uşaqdan sonra başlayırlar, belə getsə, Mitterbaxdan Flensburqa, Lörraçdan Vorlanda qədər hər tərəfi basacaqlar və Döyçlandın zibili çıxacaq, ona görə də gəlmələri döyək, qaçıb getsinlər.
Yoxsa yaramazların başqa pis niyyəti yoxdur. Eləcə budur.
Adam bilmir kimi qınasın. Fikirləşirsən ki, sabah Hindistandan on beşçə milyon hindli ölkəmizə gəlsə, halımız necə olar? Həvəsləri də var ha, üzümüzü yumşaq görsələr, daraşıb gələrlər. Keçən il bir hindistanlı gənc Şahbaz Xuduoğlundan yapışıbmış ki, məni bu ölkədən qurtar, özünlə apar. Müsyö Jordanın o vaxt Parisə apara bilmədiyi Şahbaz bəyin müasir adaşı ona deyə bilməyib ki, rəhmətliyin oğlu, öz qohum-əqrəbam Almaniyada miqrantdır.