Загрузка...

Qaradağ rayon Məhkəməsində Bakı şəhər sakini Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, M.Məmmədov CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Samirə Əliyeva Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədov onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar (6800 manat) alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Samirə Əliyeva ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər.

Daha sonra Miryusif Samirəni şantaj edib, evli olan qadın Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.