“Döşün açıb əl dəyəndə yaxaya,
Ağ gülün bağrına peykan toxuya
Bədənindən müşki-ənbər qoxuya,
Zülfü gərdənində bir qucaq ola”
(Molla Pənah Vaqif)
Deyir, Bakıda havadan pis iy gəlirmiş, camaat bundan narazılıq edirmiş. Pis iy sizin özünüzdən gəlir, qədirbilməz adamlar… Bu cür nemətə də pis deyərlər? Adamın ağzı əyilər, vətəni büzülər, paytaxtı şil olar. Çünki möhtərəm ekologiya idarəmiz araşdırma aparıbdır, millətin “pis qoxu” deyib qaraladığı atmosfer hadisəsinin səbəbini tapıbdır: sən demə, Bakımızın (rəhmətlik paytaxt müdiri demişkən) havasına yayılan qoxu Böyük Şor tərəfdə Neft Emalı Zavoduna aid hansısa qurğulardan yayılırmış, tərkibi isə… Gəlin onu bitdə-bitdə yazaq: etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid! Bəh-bəh. Quş südü, can dərmanı. Dağ havası, ana südü, yaylaq balı, dərə çiçəyi, şəlalə səsi, meşə talası, canım sənə desin, xarı-bülbül (bu axırıncısı biz Şuşadan qaçandan bəri bitmir, acıq eləyibdir və dünya bioloqları bundan olduqca narahatdır). Bunu ölünün burnuna tutsan asqırıb durar. Millət isə mızıldanır. Sözgəlişi, uşaq vaxtı yadıma gəlir, bir bibim oğlu var idi, atasının maşınından benzin çəkib iyləyirdi. Görkəmli insan idi, heyf, indi kənddə-kəsəkdə çürüyür. Halbuki, gətirib Neft Fondu Müşahidə Şurasına rəhbər qoymağa layiq adam idi. Neftin qədrini bilməyən millət, insanlarının qədrini hardan biləcək?
Ağlıma bir ideya gəlib ki, bəlkə biz Bakının bu neft qoxuyan havasını da xaricə sataq? Avropada nə qədər manyaklar var, qoxu kəmərinə pul buraxmağa da hazırdırlar. Bakı-Tiflis-Qars-Afina-London neft iyi kəməri. Nə gözəl səslənir. Şara doldurub xırda partiyalarla satmaq da olar. Sözgəlişi, bu qaz-maz işində əməlli pul var, biləsiniz. Keçən ay bir ad günü vardı, getdik iki dənə şarı helium qazıyla dolduraq, gülsatan yoldaş bu məqsədlə bizi qazlayıb düz 20 manatımızı qapazladı. Deyir, heliumun balonunu xaricdən alırıq, bir dənəsi 250 dollardır, neyləyim, biz də yaşamalıyıq, özümüz siyasətə qarışmırıq, müxalifətə nifrət edirik, yenə bunlar yeyib doyublar və sairə. Uzun danışdı, qalsın başqa vaxta, özü də qardaş heliumdan o qədər udmuşdu danışanda siçan kimi civildəyirdi. İndi biz də metaksilol qazını niyə balona vurub satmayaq? Bunu iyləyən uyur. Amerikanlar necə olur ki, Əfqanıstanı tutandan bəri opium istehsalı dünyada neçə dəfə artmışdır, bəs biz halal metaksilolumuzu niyə satmayaq? Bir kəs qələt edib bizə mız qoya bilməz. Üstəlik, BMT təhlükəsizlik şurası bir müddət əlimizdə olmuşdur, istəsək təzədən ələ keçirərik.
Qayıdaq iy məsələsinə. Deyir, gəlmişdik kabab iyinə, gördük, eşşək dağlayırlar. Əlbəttə, bu bizim uğurlu neft-qaz strategiyamıza qətiyyən dəxli olmayan, Allah bilir, hansı xaricdən maliyyələşən qüvvənin atasının qədimlərdə uydurduğu yabançı, yad “ata” sözüdür. Biz, ümumiyyətlə, bir qədər əfəlləşmişik. Cəlilabadda camaat polisə, jurnalistlərə şikayət yazırdı, deyirdilər, gecələr evimizə başqa planetdən cinlər hücum edir. Polis dərhal hərəkətə keçdi, cinlər tərəfimizdən aşkar edilib… Zarafat vaxtı deyil. Araşdırma nəticəsində bu paranormal hadisələri… 2 uşağın törətdiyi ortaya çıxdı. Sən demə, bunlar gecələr “Günün ekranı” verilişində uğurlarımıza baxıb yatmaq əvəzinə evlərin damını daşlayırmışlar. Yaxud, başqa bir rayonda 7 nəfər 1 manat çay pulunu almaq üçün adamı tutub bıçaqladılar. Görürsən, toy olur, bəy o qədər maymaqdır ki, gəlın “Vağzalı” sədaları altında başqasına qoşulub qaçır. Biz bu millətlə Qarabağı necə ala bilərik? İndi də neft iyindən burunları çatlayır. Heyf o boyda əziyyətdən ki, bu hökumət bu millətin yolunda 25 ildir çəkməkdədir. O əziyyəti daşa çəksən, daş indiyə çiçək açardı.
İndi söz əlaqədar təşkilatlarındır.