“Yaxşı huri, qılman – belə şeylər var. Belə kef! Özü də ayrı adamları ora qoymazlar, biz ağanın səbəbinə gedəcəyik, ya özü aparacaq, ya qəbz verəcək… Bax, heç kəsə demə ha!”
(Yusif Vəzir Çəmənzəminli, “Cənnətin qəbzi” hekayəsindən, 1909-cu il)
Sentyabrın 1-i sovet hesabıyla bilik günü sayılırdı, qabaqlar biz məktəbə bu gün başlayardıq, o üzdən bugünkü köşəmizə təhsil tərəfdən girək. (Hərçənd yaşlı adamların yadında olar, biz elə o zamanlar da 1 sentyabrda məktəb üzünü nadir hallarda görərdik. Sovet hökuməti adətən sentyabr-oktyabr aylarında şagirdləri, tələbələri, müəllimləri məhsul yığımına basardı. Kütləvi şəkildə, elliklə. Kəndliyə pul verməyin dərdindən bu cür qul əməyindən yararlanırdılar. Biz bir müddət üzüm, pambıq, kartof, şəkər çuğunduru, canım sənə desin, tütün, fındıq, qoz, əzgil və sairə toplayırdıq, sonra yorğun-arğın məktəbə dönüb guya oxumağa davam edirdik. Sovet dağılandan sonra da bir neçə il dövlət çevrilişləri, mitinqlər, müharibə-filan üzündən dərslərin başlanması ancaq noyabrda mümkün olurdu).
Dünən bir xəbər gördüm, ürəyim dağa döndü: təhsil idarəmizin qərarı ilə Bakıda bir məktəbi ləğv eləyib, idman məktəbi yaradıblar. Çox sevindim, çünki mən dəfələrlə təklif etmişəm, bizdə məktəblər lazımsız idarələrdir, uşaqların başını xarab eləməkdən, valideynlərə yalançı ümidlər verməkdən başqa heç zada yaramır, hamısını bağlayıb, idman məktəbi etməliyik. Özü də bu idman məktəbləri qol-qıç sındırmaq, ağız-burun əzmək, adamı götürüb yerə çırpmaq, nə bilim, yumurtalarını partlatmaq və sairə istiqamətində açılmalıdır. Çünki idmanın növləri çoxdur. Misal üçün, biri var, körlinq adında. Daşı buzun üstündə sürüşdürürsən, qabağıyca da iki nəfər süpürgə çalır. Bizə bu lazımdırmı? Yenə bu idmanı öyrənən gedib küçə süpürsə, maşın altında qalsa bəlkə dövlətçiliyimizə xeyri olardı. Yaxud, ən bambılı idman növləri intellektual idmanlardır. Bunlardan saya bilərik nərd, dəmino, loto, beşdaş, eşşəkbeli və şahmatı. Şahmat oyunçuları ümumiyyətlə əfəl olur, ciblərində siçanlar oynayır, bütün günü ağıçı arvadlar kimi sinə döyürlər. Biz idmanı öyrənirik ki, kimisə tutub döyüb pulunu alaq, bu şahmatçılar isə pul dilənirlər. Ayıb olsun. Ermənipərəst Kasparovdan bizə yaxşı irs qalmazdı ki…
Ancaq hər bir islahatı sevməyən ekstremist ünsürlər də olur, zənnimcə, əlaqədar dövlət orqanlarının vəzifə borcudur həmin şəxsləri vaxtında aşkar edib yerindəcə məhv etsinlər. Məktəbin yerində idman məktəbinin qayırılmasına etiraz edənlərin məktubunu gördük, onu 35 müəllim imzalamışdı, hamısı da zənən xeylağı! Dəhşətdir. Təsəvvür edin, məktəbdə damazlıq bir kişi müəllim yoxdur. Biz bununla hara gedirik? Təhsilimiz tamamilə qadınlaşır, feministləşir. Məncə bunun qarşısını almalıyıq. Dövlət tədbir görməlidir, kişilərdə müəllim sənətinə maraq oyatmalıdır. Örnək üçün, bu il ali məktəblərə qəbulda maraqlı yenilik gördük: bəzi atalar və analar öz uşaqlarına qoşulub tələbə olmuşdular. Eyni formada ailə podratı üsuluyla məktəblər aça bilmərikmi? Qoy qadın müəllimin həyat yoldaşı (əri) da dərs demək hüququ əldə etsin. Nənə və baba birgə oxusunlar. Uşaqlar əmi-dayı tərbiyəsi görsün. Kirvə uşaq qucağında birinci sinifə getsin və sairə. Nazirlik istəsə bu istiqamətdə təkliflərimi konseptual formada, metodiki, pedoqiki, feto… (yox, bu indiki halda məsləhət deyil) məzmunda hazırlayıb təqdim edərəm. Dövlətçiliyə canımız qurban.
Bax, dünən o təzə şəxsiyyət vəsiqəsinin hazırlandığını görəndə də xeyli sevindim. Əla sənəddir, daha geriyə yol yoxdur, bu vəsiqənin üzərində haqqımızdakı bütün məlumatlar əksini tapacaqdır. Barmaq izi, gözün şəkli, qanda spirtin, damarda tiryəkin, qaraciyərdə serrozun, dalaqda trombositlərin miqdarı, hansı şadlıq sarayında bildirçin yemisən, kimin toyuğuna kiş demisən, uşaq vaxtı yerinə kiçik ehtiyacını ödəmisənmi, böyük vaxtı feysburuqda kimi layk eləmisən, xaricdə qahımların, daxildə paxılların vardırmı, raykomun evinə baxanda köks ötürür, uçaskovi haqda pis fikirləşərkən qızarırsanmı və sairə – bütün məlumatlar bu şəxsiyyət vəsiqəsində elektron çipdə yerləşəcəkdir.
Yaxşı olardı vəsiqənin nömrəsini qolumuza tatu kimi yazsınlar. Xərci çox olsa dəmiri qızdırıb basmaq olar. Çünki hələ vətəndaş o qədər məsuliyyətli deyil, hökumətdən geri qalır və bəzən görürsən vəsiqəni itiribdir. Öyrəşənə, şəxsiyyət olanacan müəyyən vaxt keçməlidir.