“Ölülər elə bilir dirilər halva yeyir”
(Azərbaycan ata sözü)
FİFA prezidenti İnfantino soyadına layiq davranaraq (infantilis – latınca uşaq kimi davranmaq, inkişafdan qalmaq mənasını verir) ABŞ prezidenti Trampla görüşündə ona hakimlərin futbol oyununda yararlandığı sarı və qırmızı vərəqələri bağışladı. Tramp da fürsət ikən qırmızı vərəqi zaldakı jurnalistlərə göstərdi. Yəni, basın bayıra, qovulursunuz. Zarafat kimi də acıdır. Çünki Tramp söz azadlığını, mətbuatı sevmədiyini indiyəcən çox nümayiş etdiribdir. Jurnalistləri brifinqə buraxmamaq, sərf etməyən suallara boynunun ardını göstərmək – cavabsız qoymaq, ABŞ-ın nüfuzlu media orqanlarını “feyk xəbər” mənbələri adlandırmaq… Bircə o qalıb ki, Amerikada qəzetləri bağlayıb, jurnalistləri evlərinin blokunda vursunlar. Bu gedişlə o da olacaq. Çünki birinci adamın örnəyi dövlət siyasətində, ictimai işlərdə əsasdır. Hamı ona baxıb, düzlənir. Sən oyuncaq qırmızı kart göstərərsən, tabeliyindəki məmurlar gerçək qırmızı qan axıdar.
Ümumiyyətlə, dünyada jurnalistlərə yönəlik belə şit zarafatlar artmaqdadır, özü də təəssüf ki, demokratik saydığımız Qərbdə belədir. Misal üçün, keçən ilin sonunda Çexiya prezidenti Miloş Zeman mətbuat konfransına… oyuncaq Kalaşnikov tüfəngi ilə gəlmişdi. Tüfəngin üstündə isə təxminən “Jurnalistləri vurmaq üçün” sözləri yazılmışdı. Bu, Maltada araşdırmaçı jurnalist Dafne Galizia-nın sui-qəsdlə öldürülməsindən sonraya təsadüf edirdi və bütün Avropada media qurumlarının haqlı qəzəbinə səbəb olmuşdu. Zemanın bu bambılı “zarafatı”nı “Sərhədsiz reportyorlar” təşkilatı 2018-ci ilin fevralında Slovakiyada jurnalist Yan Kutsiyak qətlə yetiriləndə bir daha yada salmışdı.
Sevindirici haldır ki, bizim ölkədə mətbuat daim qayğı ilə əhatə olunmuşdur, 500-dən çox qəzet, 50 jurnal çıxır, hamısı sürətlə satılır, qəzet köşkləri isə ayın axırına qədər məcbur olub saqqız, şirniquş, bakkuş satırlar. Ancaq hələ də bu cür söz azadlığını düzgün qiymətləndirməyənlər vardır, elə məni bu yazını yazmağa vadar edən də onlardan birisidir.
Keçən günlərdə toz haqda bir yazı vermişdim. Ardından Avropaya mühacirət etmiş bir dostumuz qınaq dolu məktub yazdı, deyir, nə üçün sən artıq toza köşə həsr edirsən. Guya biz tozdan yox, hansısa məmurun adını çəkərək tənqidindən yazsaq maraqlı olacaqdır. Çox yanlış düşüncədir. Birincisi, biz hamımız kainatda toz dənəsi boydayıq, o cümlədən planetimiz, Günəş sistemimiz, içində fırlandığımız Süd yolu qalaktikamız. Bu haqda məşhur astrofizik Karl Saqan 1994-cü ildə “Balaca mavi nöqtə” adlı kitab yazmışdır. 1979-cu ildə NASA-nın qayırdığı “Voyacer-1″ kosmik qurğusu 6 milyard kilometr uçaraq 1990-cı ildə Yerin fotosunu göndərmişdi. Həmin fotoda Yer kosmosun dərinliyində balaca mavi nöqtə, bizim temaya uyğun yazsaq, toz dənəsi boyda düşmüşdü. Saqanın kitabının qısa məzmunu belə idi ki, ay camaat, bu balaca toz dənəsi bizim evimizdir, gəlin onun üstündə adam kimi yaşayaq, boğuşmayaq, savaşmayaq, qan axıtmayaq. Saqan müəllimin o möhtəşəm fikirlərindən sitatın yeri var: ”Bizim planet bizi əhatə edən kosmik qaranlıqda yeganə, tənha toz dənəciyidir. Bu nəhəng boşluqda bizi bizim özümüzdən xilas etməyə gələcək hər hansı qüvvədən əsər-əlamət belə yoxdur”. Sözgəlişi, Karl Saqanın başqa bir kitabı – “İblislərlə dolu dünya elmin şam işığında” bizim dildə yenicə çapdan çıxıbdır.
İkincisi, dostumuz cavandır, mətbuat tariximizdən bixəbərdir. Məsələn, mənim jurnalistikada ilk yazılarımdan biri… kələm kötüyü haqda olmuşdur. Onu da senzor qayçısı ilə mələtməyə hazır idi, güclə xilas etmişdim. Əhvalat 1994-cü ildə cərəyan etmişdi. “Azad söz” adında rəhmətlik bir qəzetdə işləyirdik. (Yuxarıda yazdığım kimi, o zamanlar hələ 500 qəzet çıxmırdı, ona görə bütün qəzetlərin adı yadımızda qalırdı. Bolluq da bir şey deyil). Yazımda kələmi qırandan sonra onun kökünü bostandan təmizləməyin çətinliyindən bəhs olunurdu. Senzor isə dirəşmişdi ki, burada hansısa siyasi məna var, Ezop dilində nəsə yazılıbdır. Yazının bir yerində qışın gəlməsindən, bostanı ayaz vurması təsvir edilmişdi, mən elə bu nöqtədən yapışıb senzoru razı salmışdım. Demişdim burada müəllif Ayaz Mütəllibovun mənfur siyasətini tənqid edib. Hətta senzor ata məsləhəti vermişdi ki, gələn nömrədə kələm dolması haqda yazaq, təbii, biz buna əməl elədik.
İndi isə oxucu toz yazımıza mız qoyur. Qadan alım, hələ bu harasıdır, qozdan da yazacağıq, bozdan da. Sözdən başqa hər şeydən. Trampdan qorxuruq. Makler adamdır, bir də gördün evimizi başqasına satdı. Biz də içində. Deyirlər Amerikada bir evi 3-4 adama satmaq halları artmışdır.