Son həftələrdə ölkənin ictimai-siyasi gündəmində bir ad dolaşır – Manaf Ağayev.
Bundan əvvəl onun adı səsyazma studiyalarında, toyxanalarda, teleradio kanallarında çəkilərdi.
Manafın adının ikinci kateqoriyadan olan məkanlarda çəkilməsi normal idi, çünki o, incəsənət adamıdır.
Bu sayaq, qazancı şənliklərdən, əyləncələrdən çıxan adamları nə qədər “manıs” adlandırsalar da (hətta özləri də bu ibarəni öz barələrində işlədirlər), fakt belədir ki, yerləri məclislərdə başdan olur, camaat arasında da hörmətlidirlər.
Son iki həftədə isə Manaf Ağayev ictimai-siyasi fəalların aktiv olduğu müstəvidə parlayıb, adı siyasi qəzet və saytların xəbər başlıqlarına çıxır.
Yox, Manaf indən belə siyasətçi olan deyil, amma məcburən bu mühitdədir.
Birinci dəfə onun adı dövlət idarəsində özünü hündürlükdən atmaqla hədələyən bir Füzuli sakinini dilə tutub aşağı endirməsi və probleminin həllinə yardımçı olmasıyla anıldı, hallandırıldı.
Bu, yaxşı hərəkət idi. Düzdür, yenə bəyənməyənlər, “manıs” söhbəti edənlər oldu, amma nəticədə bir binəsib insanın həyatı qurtulmuş, problemi həll edilmişdi.
Ağayevin adıyla bağlı ikinci hadisə daha qalmaqallıydı. O, sosial şəbəkələrdə hədəfə çıxarılmış bir sənətçi qadının müdafiəsinə qalxmış, təqsirkarı üzr istəməyə vadar etmişdi.
Bu hadisə çox müzakirə olundu. Manafın bu məsələdəki rolunu daha çox mənfi planda şərh etdilər, onu “kriminal aləmin qaydalarıyla hərəkət etmək”də suçladılar.
Adamlar yaza-yaza bir-birini qızışdırdılar və bir məsələ yaddan çıxdı. Axı ortada bir təhqir olunmuş, o təhqiri haqq etməyən qadın da vardı, ona kimsə qahmar durmalıydı, ya yox?
Amma ictimai rəy amansızdır. Üstəlik, elastik deyil, təzyiqə məruz qaldıqdan sonra boş buraxılanda öz əvvəlki vəziyyətinə qayıtmır, deformasiyaya uğramış halda da qalır. Kriminal jarqonlarla desək, Manaf ikinci hadisədə ictimai rəydə “neprav” çıxarılmışdı.
Üçüncü hadisə də birincinin ardıydı. Ümumi xora qoşulan, hissə qapılan bir şəxs (o özünü jurnalist kimi təqdim edirdi) müğənnini və onun həmyerlilərini açıq tekstlə təhqir etdi.
Ola bilər, özü də, başqaları da gözləyirdilər ki, bu təhqir külək kimi əsib keçəcək, dalınca gələn olmayacaq.
Ancaq elə olmadı. Doğulduğu rayona, mahala, özünə söz deyilmiş Manaf həmin şəxslə görüşdü və yumşaq desək, onu öz sözlərinə düzəliş etməyə sövq etdi.
İndi onun adı yenə hallanır. Yenə ortalıqda müğənninin “avtoritet”liyindən, üzərinə dövlət funksiyası (cəzalandırma) götürdüyündən bəhs edirlər.
Yenə də deyildiyi kimi deyil. Manaf həmin adamı girov götürübsə, işgəncəyə məruz qoyubsa, zorla videoya çəkdiribsə, bu başqa məsələ, araşdırılsın, cəzalandırılsın.
Ancaq təhqiramiz fikirlər yazan şəxslə üzbəüz görüşərək, mədəni şəkildə ona səhv etdiyini başa salmaq və adamın öz əvvəlki fikirlərini düzəltməsini istəmək nə qanunla qadağandır, nə də qəbahətdir.
Belə şeylər çox olur, aralarında anlaşılmazlıq olan adamlar hər saat hüquq-mühafizə orqanlarının üstünə, məhkəməyə qaçmırlar, çox şeyi telefon danışığıyla, yaxud üzbəüz görüşməklə həll edirlər.
Bu hadisə həm də onu göstərir ki, jurnalist olmur, kim olur-olsun, hərəkətinin, yazdığı, dediyi sözün məsuliyyətini dərk etməlidir. Bu ölkədə yiyəsiz adam yoxdur ki, onun videosunu çəkib yayasan və məsuliyyət daşımadan şellənəsən. Mütləq biri çıxır, deyir, səhv eləmisən, cavab ver.
Eləcə də, heç kimi, xüsusilə də bir eli, elatı cəzasız şəkildə təhqir etmək olmaz. Ortaya çıxanlar, üzrxahlıq tələb edənlər ola bilər.
Təhqirlə tənqidi səhv salanlar belə vəziyyətlərə düşəndə çox tez peşman olur, sürət qutusunda R-i seçirlər.
Son məsələyə, müğənni Manaf Ağayevin şahmatçı Şəhriyar Məmmədyarova sponsorluq etmək təşəbbüsünə gəlincə, bu, heç müzakirə olunacaq söhbət deyil. Əksinə, Şəhriyar son illərdə qazandığı pulla bir neçə sənətçiyə sponsorluq edə, klip çəkdirə bilər.
Manafı çoxdan, lap çoxdan tanıyan biri kimi, sonda onu da deyim ki, adamın unikal səsi var, mikrofonsuz da oxuya bilir, bundan başqa, böyük-kiçik yeri bilən, dostluğa sadiq, dilinə görə dilçəyi olan adamdır.
Onun adını dilə-dişə salıb öz oxu ətrafından çıxarmaq, hədəfə çevirmək lazım deyil. Gərək özü də sənətinin dalınca getsin, bu ictimai-siyasi arena çox başlar yeyib…