Almaniyanın federal kansleri Angela Merkellə görüşən qrupun tərkibinə daxil olan gənc fəal Turqut Qəmbər sosial şəbəkədə soyuqqanlı bir şərh yazmışdı: “Ölkənin nicatı Azərbaycan xalqının özündədir. Hər hansı xaricdən daxili problemlərin həllini gözləmək lazım deyil”.
Bu sözlər Merkellə görüşən qrupun tərkibi haqqında mübahisələrin şiddətləndiyi, Merkelin gəlişinin min bir dərdimizə məlhəm olacağı xüsusunda ultra-optimist rəylərin tavana dirənməsi fonunda deyilmişdi.
Almaniyanın federal kanslerinin Azərbaycana, regiona səfərinin hansısa formada Qarabağ münaqişəsinin tənzimlənməsində önəmli rol oynayacağını düşünənlər də çox idi və çoxdur.
İrəvanda ermənilər də təxminən bu fikirdəymişlər ki, Merkel gələcək, Qarabağ söhbəti bitəcək.
Bu düşüncə onlarda da var, bizdə də. Onlar kimi biz də oturub qüdrətli hərbi-siyasi dairələrdən gözləyirik ki, bir gün o qüdrət yiyəsi Qarabağ haqda həlledici və qəti qərar verəcək: “Qarabağ sizindir, bitdi”.
Təbii ki, bunun heç vaxt belə olmayacağını bilənlər az deyil. Amma hər iki ölkədə əksəriyyətin gözləntisi budur: “Axırda böyük dövlətlər konflikti bizim xeyrimizə həll edəcəklər, yetər ki, həqiqəti onlara anladaq”.
Bu, illüziyadır. Həm də başqalarını aldatmaqdan çox, adamın öz-özünü aldatmasıdır.
Ona görə də Turqut Qəmbər deyəndə ki, ölkənin daxili (əslində həm də xarici) problemlərinin həllini xaricdən gözləmək lazım deyil, haqlıdır.
Ondan əvvəl bunu başqaları da deyib. Səmimi şəkildə bu cür düşünərək deyənlər də olub, belə deyərək, eyzən xaricdə havadar axtaranlar da.
Bu da başqa bir illüziyadır ki, bu ölkədə demokratiya, azad seçkilər, insan haqları, dinc yolla hakimiyyət dəyişikliyi müstəvisində olan problemləri hansısa xarici qüvvənin müdaxiləsi olmadan həll etmək olmaz.
Bir xeyli insan illərdir ki, buna inanır. Buna ürəkdən inananların bir çoxu qruplar şəklində İran, Rusiya, ABŞ kimi dövlətlərin dəstəyinə ümid edir, bu dövlətlərin daxilindəki müəyyən dairələrlə isti münasibətlər saxlayırlar.
“Xarici dəstəy”ə güvənmək məsələsində ifrata varanlar, maşaya dönənlər də var. Bəzən onları haqlı olaraq “5-ci kolon” adlandırırlar.
Bu cür xaricdən nicat gözləyənlər çox vaxt konkret olaraq cinayət tərkibi yaradan fəaliyyət göstərmədiklərindən onları cinayət məsuliyyətinə cəlb edən olmur, ancaq bəzən onlar xaricdən aldıqları göstəriş əsasında ölkədə qarışıqlıq yaratmaq istədikdə həbs edilir, cəzalandırılırlar.
100-cü ildönümünü mayda qeyd etdiyimiz respublikamızın tarixində “xaricə güvənənlər”in əsdirdiyi rüzgarın ömrü 100 ildən də çoxdur.
Ötən əsrin əvvəllərində azərbaycanlı bolşeviklər – Nəriman Nərimanov, Əliheydər Qarayev, Ruhulla Axundov, Çingiz İldırım, Həmid Sultanov, Ayna Sultanova, Qəzənfər Musabəyov və onlarca digərləri “Azərbaycanın əbədi səadəti Rusiyaya bağlıdır” şüarı altında yenicə yaranmış müstəqil respublikanın süqutuna çalışıb və buna nail olublar.
Moskva isə öz məqsədinə çatdıqdan, yerli və milli kommunistlərin böyük dəstəyi ilə öz qoşunlarını, cəza dəstələrini, repressiya aparatını Bakıya yerləşdirəndən sonra onların hamısını kənara qoyub, ölkəni idarə etməyi ruslara, ermənilərə, gürcülərə tapşırıb. Ta 1933-cü ilə qədər Azərbaycana bu millətlərin nümayəndələri rəhbərlik ediblər.
Daha sonra isə ölkəni Moskvaya satan adamların hamısı bircə-bircə repressiya olunub. Nərimanovu zəhərləyib öldürüblər, yerdə qalanları isə ya dərhal güllələyiblər, ya da yüksək vəzifədən çıxarıb aşağı vəzifəyə keçirəndən sonra edam ediblər. Məsələn, gənc milli dövlətin hərbi-dəniz donanmasının naziri olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin, parlamentin rəhbərliyini hədələyərək, təslim olmazlarsa, dənizdəki hərbi gəmidən onları topla vuracağını bəyan etmiş Çingiz İldırım bundan 12 il sonra kombinat rəisinin müavini vəzifəsinə keçirilib. Daha sonra, 1938-ci ildə isə 48 yaşında güllələnib.
Elə o birilər – 30 yaşlarındaykən nazir vəzifəsi tutan “ruspərəstlər” 40-50 yaş aralığında olarkən güllələniblər. Məlum olub ki, bu adamların şəxsi səadəti Rusiyaya bağlı deyilmiş, Rusiyaya bağlı olan onların şəxsi faciələriymiş.
Bu, bir tarixdir – ibrət dərsi götürməli tarix.
“Yeni əliheydərlər” artığına ümid etməsin. Həmişə belə olub: yadellinin süngüsünün gücünə vali olanlar axırda o süngüyə keçiriliblər.