Sən niyə susursan, Misir müəllim?
“Susmuşam, tərpənməz bu dil, bu dodaq,
Mən daha lalam, lal – bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
Məni karlar qanar bu yer üzündə”.
(Ramiz Rövşən)
Misir müəllim deyib ki, daha təhsil haqda danışmayacaqdır. Guya onun təhsil haqda qabaqlar söylədiklərini başqa cür yozub təhqir edirmişlər. Əslində hamıya məlumdur Misir müəllim niyə belə təşvişə düşübdür, çünki onun son intervülərindən birində ciddi siyasi xoruzlar buraxması faktı vardır. Misal üçün, orada keçmiş təhsil naziri deyir ki, işdən çıxarılandan sonra mənə salam verməyə qorxurdular, oğlum tək gəzməyə buraxmırdı və sairə. Sanki bizdə karyeranın sonu həyatın sonu, kreslodan düşürülmək isə cəmiyyətdən kənarlaşdırılmağın alternativi imiş. Halbuki belənçik deyildir. Bizdə hamı çalışır keçmiş nazirlərə yaxın olsun. Hamı ancaq keçmiş nazirlərlə qahım olmağa çalışır. Onların qızını alırlar, oğullarına qız verirlər və sairə. Deyilənə görə, bu dəqiqə keçmiş vergilər naziri Fazil müəllimin sünnət toylarına kirvə sifətində çağırılmaqdan başı açılmır. Keçmiş MTN-in keçmiş şefi Eldar müəllim isə Akif Çovdarov başda olmaqla keçmiş generalları ilə bulvarda gəzişəndə millət avtoqraf almaq üçün cumur (deyəsən burnum xeyli uzandı, gedim güzgüyə baxım, yazıya davam edərik – müəllif).
Ancaq ya vəlvələdən, ya zəlzələdən, bütün hallarda 15 il təhsil naziri işləmiş şəxsin təhsildən danışmayacağını kəskin şəkildə bəyan etməsi heç yaxşı hal deyildir. Üstəlik, Misir müəllim hazırda yenə təhsil sektoruna müəyyən dərəcədə dəxli olan sahədə çalışır – AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur, o cümlədən, akademikliyə müxbir üzvdür (doğrusu, bu müxbir üzv söhbətini hələ anlamış deyiləm; sanki bunlar akademiyanın jurnalistləridir). Təhsildən danışmaq istəmirsə, bəs ona camaat nədən sual versin? Örnək üçün, hazırda müsəlmanların Qurban bayramıdır. Misir müəllim deyə bilərmi hansı qoyunları kəsmək caizdir? Əti neçə ailəyə paylamaq lazımdır? Yanı balalı qoyunu kəsməyin günahı nə qədərdir, həmin adam cəhənnəmin hansı guşəsində kabab ediləcəkdir?
Yaxud Misir müəllim Mətanət Əsədovanın məlum videosuna şərh versə millətimiz üçün olduqca sevinc doğurardı. Araqla limon sıxılmış suyun riyazi görüntü fərqi necədir, müğənni söyüş işlədilən məclisdən neçə dəqiqə sonra çıxıb getməlidir, ümumiyyətlə, qadınlar araq içə bilərmi – yaxşı olar Misir müəllim bunları da bizə izah etsin. Əmin edirəm ki, heç kim Manaf Ağayevin qorxusundan Misir müəllimə gözün üstdə qaşın var deyə bilməz. Bu temalarda izahatlar hazırda sərbəstdir, Misir müəllim. Buyur. Açıqlama ver. Əlbəttə, məsləhətdir o açıqlamalar Mətanət xanımın mövqeyini müdafiə xarakterli olsun. Yenə özün bilən məsləhətdir – sən bu dəyirmanda bizdən fərqli, saç qaraltmısan. Ya da ağartmısan – dəqiq bilmirəm. Dəyirman dedim, mövzumuza tam uyğun bir ata sözümüz yadıma düşdü: “Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz”. Eh, məsəli səndən uzaq, Misir müəllim, nöşün belə qorxaq oldun? Bəs indi biz Bolonya prinsiplərini kimdən öyrənək? Kurrikulum meşəsinin gətirdiyi fındıqları və qozları kimin başında sındıraq? Özü də insaf naminə, Misir müəllim xeyli dərəcədə koloritli adam idi. İndiki kadrlar, ümumiyyətlə, müsahibə vermirlər. Misir müəllimin hər açıqlaması isə mətbuat üçün azı 15 yazı idi. 15 ilimizi beləcə yola verdi, getdi. Neçə təhsil ekspertinin başını yedi.
Bu arada, Təhsil Nazirliyi yeni dərs ilinin açılışı günü ilk dərsdə hansı mövzuların keçiləcəyini anons edibdir. “Vətənim Azərbaycan”, “Dövlət rəmzləri”, “Cümhuriyyət – dövlətçiliyimizin bayraqdarı” kimi söhbətlər ediləcəkdir. Çox yaxşı. Alqışlayırıq. Ancaq həyatdan bu qədər uzaqlaşmaq bəlkə yanlışdır? Uşaqlara məktəbdə reallıqları başa salmaq olmazmı? Misal üçün, bu dəqiqə hamı xaricə qaçmağın yollarını fikirləşir. İlk dərsi “Almaniyanın yolları” temasında açmaq gözəl deyilmi? Ya da belə bir dərs düşünün: “Alverlə məşğul olmaq üçün nə etməli”. Yaxud: “Xalqın anası-bacısı olan ərazilərdə davranış qaydaları”. Uşaqları savadlı böyütməliyik. Bu isə çətin, məsul, şərəfli peşədir.
Üstəlik, Misir müəllim də susmağa başlayıb. Çətin olacaqdır…