Elə bir gün olmaz ki, ABŞ prezidenti Donald Trampdan nəsə bir xoşagəlməz soraq gəlməsin.
Söz yox, dünyanın hegemon dövlətinin ən ali postunun sahibi istər-istəməz medianın, hər kəsin diqqət mərkəzində olmalıdır və bu, həmişə belə olub, Trampın sələflərinin də hər gün harada olduqları, nə etdikləri, nə danışdıqları barədə xəbərlər yayılırdı.
Ancaq fərq ondadır ki, onların hər dediyi skandal olmurdu, hər qərarı mübahisə predmetinə çevrilmirdi.
Tramda isə əksinədir. Adam hər gün müxtəlif qalmaqalların mərkəzi fiquru olur.
Elə bir durum yetişib ki, artıq hamı hər gün onun nəsə yeni bir şey deyəcəyini, ən azı, twitterdə nəsə yazacağını, nəsə bir qeyri-populyar sərəncam verəcəyini gözləyir və heç zaman yanılmır.
Əslində bu ekstravaqant iş adamının necə prezident olacağı hələ seçki kampaniyasındakı davranışlarından bəlli idi.
Elə o vaxtdan bilinirdi ki, bu adam hakimiyyətə gəlsə, sələflərindən çox fərqlənəcək.
Bununla belə, ümid vardı ki, tutduğu vəzifənin əzəməti və məsuliyyəti Donald Trampın bir çox hərəkətlərini çərçivəyə salacaq, adam özünü yığışdıracaq.
Fəqət elə olmadı. Komandasının üzvləri ona hətta hər gün Tvitterdə neçə dəfə mesaj yazmağı tərgitdirə bilmədilər.
Getdikcə aydın şəkildə ortaya çıxır ki, cənab president heç kəsi dinləmir, özünü hamıdan ağıllı, güclü sayır.
Hələ ilk dəfə hansısa sammitdə Trampın arxadan gələrək bir avropalı prezidentin (yaxud da baş nazirin) qolundan yapışıb qaba şəkildə dartması, özünü ondan qabağa dürtməsi görüntüsü yayılanda bir çoxlarına elə görünmüşdü ki, bu hərəkəti edən adam psixi cəhətdən sağlam biri ola bilməz.
Ancaq cənab Tramp ondan sonra dəfələrlə bənzər və daha qaba hərəkətlər etdi, qalmaqal doğuracaq sözlər danışdı, açıqlamalar verdi. Arada onu psixi sağlamlıq testindən də keçirdilər, amma sağlam çıxdı.
Təəssüf ki, dünyanın ən qüdrətli siyasi postunun sahibi beynəlxalq münasibətlərdə də öz ekstravaqantlığını göstərir. Onun rəqib-müttəfiq demədən bir çox dünya ölkələrinə sanksiya tətbiq etməsi artıq anektod mövzusudur.
Trampın gözlənilməz qəzəbinə gələnlər arasında ABŞ-ın köhnə müttəfiqləri – Kanada, Türkiyə, Almaniya, Meksika kimi dövlətlər var.
Bu dövlətlərin rəhbərliyi və ictimaiyyəti Ağ Ev sahibinin hərəkət və qərarlarını heyrətlə izləyir, izah tapmaqda çətinlik çəkirlər.
Trampın dəlisovluğu media ilə münasibətlərində daha qabarıq şəkildə büruzə çıxır. Elə bir gün olmur ki, o, hansısa populyar telekanalı, qəzeti yamanlamasın, onları qərəzlilikdə, qeyri-obyektivlikdə suçlamasın.
Bunlar, təbii ki, uyğun reaksiyalar doğurur. Onlar da prezidentin adının dilə-dişə düşməsində əllərindən gələni əsirgəmirlər.
ABŞ prezidentinin təhqiqat aparan xüsusi prokuror Müller barəsində dedikləri isə başqa cür qalmaqaldır. Müllerin təhqiqatının əsas hədəfi məhz Tramp və onun Rusiya ilə əlaqələridir. Prezident isə artıq Müllerin obyektivliyini şübhə altına alıb. Bu, onun təhqiqata mane olmaq cəhdi kimi yozula bilər.
Ancaq bu və digər ittihamlar Donald Trampın vecinə də deyil, o bildiyi kimi işləməkdə israrlıdır.
Yeni ABŞ prezidentinin andiçmə mərasimindən az sonra dünyanın bir sıra aparıcı media quruluşları, o cümlədən ABŞ-da çıxan qəzetlər Trampın gec-tez impiçment olunacağını, vəzifəsini yarımçıq tərk edəcəyini yazırdılar. Deyəsən, elə olacaq. Ya da birtəhər dözüb 4 ilinin başa çatmasını gözləyəcəklər ki, yerinə başqa adam seçsinlər.
Bəzən deyirlər ki, ABŞ-da prezident heç kimdir, o vəzifədə kimin oturacağını ABŞ-ın “dərin dövləti” müəyyən edir, seçilmiş prezident isə “ixtiyar”ların oyuncağı olur.
Görünür ki, belə deyil. Amerikalı “ixtiyar”lar bu qədər xərifləmiş ola bilməzlər ki, o boyda dövləti dünyada təklətdirən, nifrət obyekti etdirən adamı qabağa versinlər və onun anormal qərar və hərəkətlərinə görə ölkə beynəlxalq miqyasda nüfuzdan düşsün, maddi, siyasi ziyana uğrasın.