Uzun illər öncə, bizimkilərin Türkiyəyə yeni-yeni ayaq açdığı vaxtlarda tanınmış həmvətənlərimizdən birinin yolu Türkiyəyə düşür, bir müddət qardaş ölkədə yaşayası olur. Hər şey yaxşıdır, normaldır, amma eloğlumuz hansı məclisə, toplantıya gedirsə, görür ki, qadınlar fıshafısla siqaret çəkirlər.
O, köhnə kişilərdən olduğu və qadınların siqaret çəkməsinə qətiyyətlə qarşı olduğu üçün bir gün öz narazılığını yaxın dostlarının yanında dilə gətirir, deyir, arkadaşlar, bu nədir sizdə, hanımlar nə kadar siqara içirlər…
Anadolulu arkadaşlar onun bu iradından şaşırırlar, deyirlər, abi, nasıl yani, sizdə hanımlar siqara içmiyormu, məsala, sənin hanım siqara içməzmi?
Eloğlumuz görür ki, yox, bunlarla onun frekansı tamamən ayrıdır, bu istiqamətdə davam etsə, onların xətrinə dəyəcək, ilk döngədən saga burulur və deyir: “Kardeşlər, yo, bizim hanım da siqara içiyor, amma bu kadar yok”.
Hər dəfə hansısa qadının siqaret çəkməsi, içki içməsi məsələsi ölkə gündəminin baş mövzusuna çevriləndə yadıma bu əhvalat düşür.
Tərs kimi, bu sayaq müzakirələr ildən-ilə intensivləşir və şiddətlənir. Artıq elə bir durum yetişib ki, bu gün-sabah siqaret çəkən və ya içki içən qadınların daş-qalaq edilməsi təklifi səslənəcək. Zatən, o cür edənlərin üzərində elə bir basqı qurulur ki, çıxıb “qələt eləmişəm, bir də eləmərəm” ifadələri keçən brifinq-zad keçirirlər.
Qadınların siqaret çəkməsi bizim camaata dövri-qədimdən çöçün gəlir. Əslində bu ölkədə qadınların siqaret çəkməməsi bizim xanımların unikal üstünlüyüdür və buna görə onlara eşq olsun. Amma birdəfəlik bilməliyik ki, bu, tibbi-fizioloji baxımdan qəbahət və xoşagəlməz işdir, əxlaq məsələsinə dəxli yoxdur.
Yuxarıda dediyimiz kimi, Türkiyədə, Ukraynada, eləcə də Avropa və Amerikada qadınlar kütləvi şəkildə siqaret çəkirlər (eləcə də şampan şərabı, likör içirlər) və tam əksəriyyətinin əxlaqına söz yoxdur. Bəzən bizimkilər səhv salır, hardasa siqaret çəkən qadın görəndə elə bilirlər ki, bu asan əldə olunan qadınlardandır, yaxınlaşırlarE və umsuq olurlar. Bir dəfə şəxsən görmüşəm, Kobuletidə bir azərbaycanlı gənc dostuna siqaret çəkən qızları göstərib deyirdi: “Ə, qorxma, yaxınlaş, quşdular, sən öl. Görmürsən, siqaret çəkirlər?”
Qızlar isə “quş”-filan deyildilər, sadəcə, kitab oxuya-oxuya, telefonda qurdalana-qurdalana, eləcə də siqaret çəkə-çəkə özlərini günə verirdilər.
Bizdə “quş” hesab edilmək üzündəndir ki, siqaretə və içkiyə meyli olan qadınlar bunu ətraflarından gizlədirlər. Çalışırlar ki, yad gözlərin qarşısında belə bir qəbahətə yol verməsinlər. Etsələr, dərhal camaat gözünü onlara zilləyəcək, hətta yaxınlaşıb söz atanlar olacaq. Qayda budur.
100 il bundan əvvəl də belə olub. Boris Akuninin 1914-cü ilin Bakısından bəhs edən “Qara Şəhər” romanında biznesmen qadın Validbəyova siqareti hətta qulluqçularından da gizli çəkir, bilir ki, üstü açılsa, el içində biabır-dəsgah olacaq.
Bu xüsusda istisna hal bircə Hitler-Stalin müharibəsi dövründə olub. O vaxtlar qadınlar kütləvi şəkildə siqaret, maxorka çəkiblər. İnanmayanlar yaşlı nənələrdən soruşsunlar.
Bu da ona görə olub ki, müharibənin bütün yükü qadınların çiyninə düşüb və onlar, bir növ, kişiləşiblər, üstəlik, hesab edirmişlər ki, papiros (bizim kəndçi qarıların sözü olmasın, “papruz”) dərdi-qəmi azaldır. İntəhası, ərlər, qardaşlar müharibədən qayıdandan sonra qadınların çoxu bu zərərli vərdişi tərgidiblər. Çünki arvadı papiros çəkən heç bir kişi dükanın qabağına, poçtun həyətinə, kəndin çayxanasına çıxa bilməzdi.
Bəli, belədir, bizim camaat qadınların içki içməsini, siqaret çəkməsini götürmür, qeyzlənir.
Qadınların siqaretdən, içkidən uzaq olması yaxşı şeydir. Ancaq bu, zorakılıqla, təzyiqlə ediləcək iş deyil. Bunlardan imtina könüllü, şüurlu şəkildə olmalıdır. Bu, kişilərə də aiddir. Kişidirlər deyə, siqaret və içkinin küpünə girmək kimi eksklüziv hüquqları yoxdur.
Biz də cəmiyyət olaraq, nəhayət, anlamalıyıq ki, siqaret və içki qəbul eləmək zərərli vərdiş olsa da, pozğunluq, əxlaqsızlıq göstəricisi deyil, adamın şəxsi işidir, özü bilər.
Bir ara maşın sürən qadınları da “quş” hesab edirdilər. Sonradan bu stereotip qırıq-qırıq oldu getdi.